|
"Onların nə təşkil edəcəyi bəlli deyil"

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın oktyabrın 12-ə təyin etdiyi mitinq haqda danışıb.

S.Novruzov “Qafqazinfo”ya açıqlamasında deyib ki, Milli Şuranın özünün heç bir perspektivi yoxdur: “Ölü bir təşkilatın mitinq təyin etməsi gülünc doğurur. Çünki belə bir qurum qeydiyyatdan keçməyib. Azərbaycanda belə bir qurum yoxdur, əvvəldən də belə bir təşkilat fəaliyyət göstərməyib. O baxımdan onların nə təşkil edəcəyi bəlli deyil.

Seçki vaxtı deyirdilər 40-a qədər təşkilat birləşib mitinq keçirirdi. Stadiona vur-tut 400-500 adam çıxara bilirdilər. İndi bu ölmüş təşkilatın arxasıyca kim gedəcək!? Yəqin ki, özlərinin ətrafında olan 1-2 nəfər və cinayət törətmiş, hazırda həbsdə olan məhbusların yaxın adamları gələcək”.

Yap funksioneri qeyd edib ki, mitinq keçirmək xaricdən sifariş olunub: “Bu mitinqin heç bir effekti olmayacaq. Artıq aksiya əhval-ruhiyyəsi bitib. Söhbət kütləvi askiyadan yox, o aksiyanın qarşısında getməkdən gedir. Müxalifətdə əhalini kütləvi aksiyalara dəvət edib onları arxasıyca aparacaq bir nəfər yoxdu. Çünki əhali bilir ki, bunlar xarici aksiyaların sifarişi ilə aksiya keçirməyə başlayıblar. Bilirsiniz ki, bir neçə şəxs xarici təşkilatdan qrant alıb şəffaf istifadə etmədiyi üçün həbsdədir. Bu mitinq də bununla bağlıdır. Aldıqları digər qrantı silmək üçün mitinq edirlər”.

S.Novruzov mitinqi izləməyəcəyini deyib: “Dəyərli vaxtımı bunların lüzumsuz mitinqinə sərf etməyəcəyəm”.