|
Bu kənddə kişilər içmir, şahmat oynayırlar
Hindistanın cənubundakı Kerala ştatında, kiçik Marottiçal kəndində yaşayanlar şahmat pərəstişkarlarıdır. Bu kənddə az qala hamı şahmatı sevir.   
Milli.az “asiaone”ə istinadən bildirir ki, ötən əsrin 1960-1970-ci illərində bu kənddə əyyaşlıq baş alıb gedirdi. Yerli istehsal olan likördən hədsiz dərəcədə içən kişilər və yeniyetmələr arasında ayıq adam tapmaq müşkül məsələ idi. İş o yerə çatmışdı ki, kəndin qadınları polisə şikayətlənərək likörlərin saxlandıqları yerlərin yandırılmasını tələb etmişdilər. Lakin kənd sakini, 10-cu sinif tələbəsi Sintay Unnikrişnan şahmatın sirlərini öyrənmək fikrinə düşəndə vəziyyət dəyişməyə başladı. Sintay dünyaca məşhur şahmatçı, 16 yaşında qrossmeyster olmuş amerikalı Bobbi Fişerin pərəstişkarı idi. Unnikrişnan qonşu kəndə yollanıb şahmatın sirlərini öyrənir, sonra da evdə təkbaşına oynayırdı. Daha sonra o, evində kəndlilərə pulsuz şahmat dərsləri verməyə başlayıb. Son 40 il ərzində Unnikrişnan 600 nəfərə şahmatın sirlərini öyrədib. Kənd sakinləri arasında ştatda və Hindistanda şahmat yarışlarında qalib gələnlər az deyil.  Kəndin bələdiyyə sədri Hrinavasanın dediyinə görə, kənddəki kişilərin 90 faizi şahmat oynayırlar. Hindistanda bu kəndi “şahmat kəndi” adlandırırlar. Məşhur şahmatçı Vişvanatan Anand da kəndliləri təbrik edib.
Cia.az