Bir müddət əvvəl Əli Abbasovun ev dustağı edildiyi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri tərəfindən bir neçə dəfə dindirilməsi ilə bağlı məlumat yaymışdı. Məlumatlara görə, bütün iri mənimsəmə faktlarında sabiq nazirin imzası və ya razılığı var ki, bu da istintaqa məlumdur.
Xəbərlərə görə, prezidentin qəti mövqeyindən dərhal sonra Ə.Abbasovun Siyasi Şura üzvlüyündən uzaqlaşdırılması da gündəmə gəlib. Onun kafedra müdiri olduğu İqtisad Universitetindən “öz xahişi ilə” uzaqlaşdırıldığı da gələn xəbərlər sırasındadır. Bildirilir ki, əslində reputasiyası ləkələnmiş sabiq nazirin müəllim kimi auditoriyaya girməsinə universitet rəhbərliyi qadağa qoyub, bundan sonra isə Ə.Abbasov ərizəsini yazıb.
Məlumatı dəqiqləşdirmək üçün İqtisad Universiteti ilə əlaqə saxlasaq da, sorğumuza ən müxtəlif bəhanələrlə cavab verən olmadı. “Bəs Əli müəllimlə danışa bilərikmi” sualına isə “burada yoxdur” cavabı verildi. Xatırladaq ki, bir müddət əvvəl YAP icra katibinin müavini Siyavuş Novruzov mediaya açıqlamasında işdən uzaqlaşdırılan sabiq nazirlər haqqında danışmışdı. O demişdi ki, Əli Abbasovun taleyi istintaqdan asılıdır və həbs edilib-edilməyəcəyi araşdırmaların nəticələrindən asılıdır. Prezidentin qəti və çox sərt mövqeyi isə artıq çox şeyi deyir...(Musavat)
Cia.az
