|
“Azərbaycan NATO-nun mühüm tərəfdaşlarından biridir”
1990-cı illərin əvvəllərindən etibarən, NATO-nun strukturlarında siyasi və hərbi dəyişikliklər prosesi başlandı. 1990-cı ilin iyulunda yeni təhlükəsizlik mühitinə uyğunlaşmaq üçün London sammitində Dəyişilmiş Şimali Atlantika Alyansına dair London Bəyannaməsi, bir il sonra isə Roma sammitində yeni Strateji konsepsiya və Sülh və əməkdaşlığa dair bəyannamə qəbul edildi. Nəzərdə tutulmuş əməkdaşlığın gələcək inkişafını istiqamətləndirən Şimali Atlantika Əməkdaşlıq Şurası (ŞAƏŞ) təsis edildi. ŞAƏŞ-nın ilk açılış görüşü 1991-ci ilin 20 dekabr tarixində keçirilmişdir. Azərbaycan Respublikası 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan ŞAƏŞ-ə qoşulmuşdur. NATO-nun Cənubi Qafqaz regionunda yaranmış vəziyyətlə bağlı narahatlığı 1994-cü ilin yanvarında Şimali Atlantika Şurası tərəfindən qəbul edilmiş Bəyannamədə öz əksini tapmışdır. Bəyannamədə ərazi ələ keçirmək məqsədilə gücdən istifadə edilməsi pislənir və Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasının vacib elementi kimi səciyyələndirilir.
 
Azərbaycan-NATO ilk təmasların tarixi Azərbaycanın bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna - Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. 
 
Azərbaycan Respublikasının NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapmışıdır. 
 
Azərbaycan fərdi tərəfdaşlıq məsələlərini özündə ehtiva edən əsas sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi məqsədi ilə NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir. Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarı ilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq Əməliyyat Planında (2004) öz əksini tapır. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sektoru islahatı, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmini, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə etmişdir.
 
Azərbaycan Sülh naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla NATO  ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. aktual məsələlər müzakirə olunur, eləcə də praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir. 
 
Beləliklə, Azərbaycan-NATO münasibətlərinin bu günü və gələcəyi, bu əməkdaşlığın perspektivləri və digər mövzular ətrafında "Bizim Yol"un suallarını NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, siyasi təhlilçi Fərrux Məmmədov cavablandırıb:
 
- Fərrux bəy, dünyada yaşanan münaqişələr fonunda NATO-nun susqunluğu bir qədər qəribə görünür. Alyansın planları nədən ibarət ola bilər?

- NATO bu gün Qlobal Təhlükəsizliyin artıq yeganə qarantıdır. Bu gün baş verən hadisələr və NATO-nun bir qədər səssizliyi əslində onun məsələyə biganəliyindən xəbər vermir. NATO beynəlxalq norma və qəbul olunan qaydalara görə öz siyasətini formalaşdırır. Bu günkü susqunluğu onun qanun çərçivəsində fəaliyyətindən xəbər verir. NATO iyirmi səkkiz ölkənin hərbi və siyasi birliyidir, burada qəbul olunan qərarlara gərək bütün üzv ölkələr izn versin, əks təqdirdə istənilən qərar ləğv oluna bilər. Bu baxımdan buna susqunluq deyil, qaydalar üzrə hərəkət desək, daha düz olar.
 
- Türkiyə-Rusiya qarşıdurmasında NATO öz üzvünün müdafiəsinə qalxdı. Sizcə, bu amil üzv olmayan ölkələrin də Alyansın qoruması altına keçməsinə təkan verə bilər?

- NATO nizamnaməsinin beşinci maddəsində açıq şəkildə yazılıb ki, əgər hər hansı bir ölkə Alyansın üzv ölkəsinə hərbi təcavüz edərsə, avtomatik qaydada bütünlükdə Alyansın üzv ölkələri ilə savaşa başlamış olur. Bu maddə əslində NATO-nun qüdrətinin və güclü tərəfdaş olduğunun sübutudur. Türkiyə-Rusiya qarşıdurmasında NATO öz mövqeyini siyasi və hərbi formada açıq şəkildə bəlli etdi. Rusiya bu ciddi müqavimət qarşısında geri çəkilməyə məcbur oldu. Bu əslində NATO-nun gücünün çox cüzi bir hissəsi idi. Türkiyə NATO və Qərbin böyük "Qala qapısı"dır, onun müdafiəsi mütləqdir. Əks təqdirdə özünun Alyans kimi gələcək təhlükəsizliyi sual altına düşə bilər. 
Bu gün NATO tərəfdaş ölkələr üçün də eyni maddənin hazırlanması üçün müzakirələr aparır. Bu qəbul olunacaq maddə də tərəfdaşların təhlükəsizliyini daha da artıracaq addımlar olacaq. Bu birbaşa hərbi və siyasi yardımdan ibarət böyük bir prosesi olan maddə olacaq. Hal-hazırda üzv dövlətlər NATO sərhədlərinin genişlənməsi üçün və tərəfdaşların qorunması üçün bu maddə üzrə çalışmaları davam etdirirlər. Əgər bu cür bir müdafiə maddəsi qəbul olunarsa, o zaman NATO sıralarında üzv dövlətlərin və tərəfdaşların artacağını görəcəyik.
 
- Konkret olaraq Azərbaycan-NATO münasibətləri hazırda hansı mərhələdədir?

- Azərbaycan - NATO münasibətləri artıq iyirmi iki ildən coxdur davam edir. Bu gün gəlinən nöqtədə Azərbaycan tərəfdaş kimi özəl yerə sahibdir. Əfqanıstan məsələsində, terrorla mübarizə, enerji təhlükəsizliyi sahəsində güclü tərəfdaşlıq mövcuddur. NATO çərçivəsində Azərbaycan hərbçilərin kadr kimi hazırlanması, NATO standartlarının orduda tətbiq edilməsi və sair məsələlərdə tərəfdaşlıq mövcuddur. Hərbi sahədə hər hansı bir problem yoxdur. Siyasi məsələlərdə isə NATO və Azərvaycan tərəfdaşlığı məsafəlidir. Səbəb də Rusiya və İran amilidir. Bu amil ölkəmizi NATO ilə məsafəli davranmağa sövq edir. Əslində bu digər tərəfdən bizə böyük bir təhdiddir. Biz NATO-dan uzaqlaşarsaq, Rusiya və İran üçün açıq hədəf halına gəlmiş olarıq. Bu günkü təmaslar bu münasibətlərin qopmaması üçündür.
 
- İndiyədək Azərbaycanla Alyans arasında müxtəlif proqramlar üzrə əməkdaşlıqlar olub. Bu əməkdaşlıq Azərbaycana nə qazandırıb?

- Azərbaycanın NATO ilə tərəfdaşlığı ona beynəlxalq proseslərdə iştirakçı statusunu qazandırıb. Bu status isə Azərbaycanın nüfuzunun artmasına gətirib çıxardı. Azərbaycan artıq beynəlxalq proseslərdə seyrci deyil, iştirakçı qismində iştirak etdi və güvənilir tərəfdaş forması aldı. Bu da ölkəmiz üçün qlobal qapıların açılmasına gətirib çıxardı. Bu tərəfdaşlığın müsbət tərəfləri həddən artıq çoxdur. Mənfi tərəfi isə demək olar ki, sıfıra bərabərdir. Azərbaycanın nüfuzunu Avropada, Asiyada artıran, beynəlxalq proseslərdə iştirakını təmin edən bir Alyansdan hər hansı neqativ addım gələ bilməz. Azərbaycan, NATO çərçivəsində Kosovada, Əfqanıstanda sülhməramlı kontingent formasında çıxış edən ölkədir. Bu isə bizim gücümüzün göstəricisidir. Bu baxımdan NATO ilə tərəfdaşlıq mütləqdir və labüddür.
 
- Bundan sonrakı mərhələdə Bakı-NATO münasibətlərinin istiqamətini necə təxmin edirsiniz və nə kimi təklifləriniz var?

- ABŞ Konqresi fevral ayında Azərbaycan məmurları ilə bağlı sanksiya qəbul edərsə, şübhəsiz bu, NATO ilə münasibətlərə təsirsiz ötüşməyəcək. Əslində bu gün münasibətlərin pozulması heç bir tərəfə yaxşı nəsə vəd etmir. Əksinə, bu, Rusiya və İran üçün əlverişli şərait yaradır. Hələ ki, qarşıda otuz gün var və tərəflər mütləq şəkildə ortaq məxrəcə gəlməli və razılaşma əldə edilməlidir. Amerika, NATO və Avropa Birliyi ilə münasibətlər köklü şəkildə müsbət formada sürətlə yaxşılaşdırılmalıdır.(bizimyol)
Cia.az