Mərkəzi Bank Azərbaycanda nağd xarici valyuta əməliyyatları üzrə nəzarət çərçivəsinin sərtləşdirilməsi və bununla da milli valyutaya spekulyativ təzyiqlərin azaldılmasını təmin etmək məqsədi ilə növbəti addım atıb. Bankın İdarə Heyəti bununla bağlı 28 iyun 2006-cı il tarixli qərarı ilə təsdiq olunmuş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nı ləğv edib, yeni "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları"nı qəbul edib.
Yanvarın 6-da qüvvəyə minən yeni Qaydaya əsasən, mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır, Mərkəzi Bank tərəfindən verilən icazə əsasında fəaliyyət göstərir. Bu Qaydaların əməliyyatların aparılması və uçotuna, məzənnənin müəyyən edilməsinə, əməliyyat gününün başa çatdırılmasına dair tələbləri bankın, bankın filial və şöbələrinin, xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun daxilində aparılan mübadilə əməliyyatlarına da şamil edilir. Bundan əvvəl qüvvədə olan Qayda xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun daxilində aparılan mübadilə əməliyyatlarına şamil edilməyib.
Əgər indiyə qədər qüvvədə olmuş Qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 5000 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılıbsa, yeni Qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Eyni zamanda bu halda bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır. Mübadilə şöbəsi əməliyyatları apararkən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş tələblərə də riayət edilməlidir.
Bundan əvvəl qüvvədə olan Qaydaya əsasən banklar mübadilə şöbəsinin açılmasına icazə verilməsindən imtina edilməsi və ya verilmiş icazənin ləğv edilməsi barədə Mərkəzi Bankın qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərdilər. Şikayətin verilməsi Milli Bankın müvafiq qərarının icrasını dayandırmırdı. Lakin bundan sonra banklar mübadilə şöbəsinin açılmasına icazə verilməsindən imtina edilməsi və ya verilmiş icazənin ləğv edilməsi barədə Mərkəzi Bankın qərarından şikayət verə bilməyəcəklər. Yeni Qaydada bankların Mərkəzi Bankın bu sahədəki qərarlarından məhkəməyə şikayət vermək hüququ əksini tapmayıb.

Əkrəm Həsənov: "Mərkəzi Bank özünün də manata inanmadığını nümayiş etdirir"
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov hesab edir ki, "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları" hansısa inqilabi yeniliklər gətirməyəcək. "Söz-söhbət gəzir ki, banklara sərbəstlik, səlahiyyət verildi və s. Əsla belə deyil! Yeganə yenilik mübadilə əməliyyatı zamanı müştərinin şəxsiyyəti təsdiq edən sənədi təqdim etməsini zəruri edən limitin 5000-dən 500 dollarınadək endirilməsidir. Mən heç vaxt başa düşməmişəm ki, niyə Mərkəzi Bank öz sənədlərində limitləri manatla deyil, dollarla ifadə edir. Əslində, bununla manatı buraxan Mərkəzi Bank milli valyutamızın nüfuzsuz və dəyərsiz olmasının əsasını qoyur, özünün də manata inanmadığını nümayiş etdirir. Amma qayıdaq əsas məsələyə. Dediyim kimi, Qaydalardakı yeganə yenilik məhz sözügedən limit məsələsidir. Vəssalam! Bəs onda Qaydalarda digər yeniliklərin də olması haqda şayiələr haradan qaynaqlanır? Səbəb odur ki, Mərkəzi Bank formal olaraq yeni normativ sənəd qəbul edib. Buna görə də onu oxuyanlar hər müddəada yenilik axtarır. Əslində isə bu sənədin 2006-cı ildən bu günədək qüvvədə olmuş eyni adlı sənədlə heç bir ciddi fərqi yoxdur. Sənədləri müqayisə etsəniz, özünüz buna tam əmin olacaqsınız" - deyə Ə.Həsənov bildirir.
O qeyd edir ki, yuxarıda qeyd olunanlara görə sual yaranır. "Yeni sənədlə əvvəlki arasında ciddi fərq yoxdursa, Mərkəzi Bank niyə sadəcə əvvəlki sənədə dəyişiklik etməyib formal olaraq yeni Qaydalar qəbul edib? "Axı yeni qanun və digər normativ akt yalnız o halda qəbul edilir ki, əvvəlki ilə xeyli və ciddi fərqi var?! Cavab: ona görə etdi ki, dövlət başçısına və əhaliyə yaranmış çətin vəziyyətdə gərgin və məhsuldar işlədiyini nümayiş etdirsin. Yəni baxın, biz belə vəziyyətdə yeni Qaydalar hazırlayıb qəbul etmişik! Güman edirlər ki, heç kəs yeni sənədi əvvəlki sənədlə müqayisə edib onun ən azı 95% üst-üstə düşməsini görməyəcək. Lakin bütün bunlar bir yana, Mərkəzi Bank başa düşmür ki, əslində belə gərgin dövrdə saxta radikal yeniliklər haqda söz-söhbət təşvişi daha da artırır, hamını çaşdırır. Xüsusilə Mərkəzi Bank normal izahat verməyəndə. Bütün bunlar dəfələrlə söylədiyim savadsızlıq və səriştəsizliyin təzahürüdür" - deyə hüquqşünas bildirir.
"Mərkəzi Bank Prezidentin çox mütərəqqi Fərmanlarından birini açıq-aşkar pozur?"
Əkrəm Həsənov əlavə edir ki, hətta bankların məzənnələrinin Mərkəzi Bankın rəsmi məzənnəsindən fərqlənməsi limiti üzrə də yenilik yoxdur. Belə ki, Qaydaların 9.3-cü bəndində deyilir: "Mərkəzi Bank xarici valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddini müəyyən etdikdə mübadilə məzənnələrinin təyin edilməsi zamanı həmin həddə riayət olunmalıdır". Başqa məsələ ki, əvvəllər də, indi də Mərkəzi Bankın qanuna uyğun formada (yəni normativ xarakterli aktın qəbulu yolu ilə) müəyyənləşdirdiyi belə hədd (limit) yoxdur. Hamının bildiyi 2% limiti əslində Mərkəzi Bankın banklara yolladığı adi məktubda təsbit edilib və onun heç bir hüquqi qüvvəsi yoxdur. Mərkəzi Bank məktubla hüquq norması müəyyən edə bilməz. Lakin indiyədək banklar həmin qanunsuz məktuba riayət edib. İndi etməmələri haqda isə rəsmi məlumat yoxdur!".- deyə müsahibimiz bildirir.
Əkrəm Həsənov sonda əlavə edir ki, Qaydalarda mübadilə şöbəsinin əvvəlki kimi Mərkəzi Bank tərəfindən verilən icazə əsasında fəaliyyət göstərdiyi təsbit edilir. "Lakin əgər əvvəllər bu qanuni idisə, indi ən azı şübhəlidir. Belə ki, Prezidentin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli Fərmanına əsasən sahibkarlıq fəaliyyətinin (o cümlədən kredit təşkilatlarının fəaliyyəti) lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilir. Məntiqlə, deməli, bankların filial və şöbələrinə, o cümlədən mübadilə şöbələrinə də icazəni həmin nazirlik verməlidir. Belə çıxır ki, Mərkəzi Bank Prezidentin son və çox mütərəqqi fərmanlarından birini açıq-aşkar pozur?"

Müzəffər Baxış: "Bu qayda Konstitusiyaya ziddir"
Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Müzəffər Baxış hesab edir ki, mübadilə əməliyyatı zamanı müştərinin şəxsiyyəti təsdiq edən sənədi təqdim etməsini zəruri edən limitin 5000-dən 500 dollarınadək endirilməsi vətəndaşların konstitusion hüquqlarının pozulmasdır."Bildirilir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən belə bir qayda qəbul edilib. İlk olaraq qeyd edim ki, kiminsə nəsə alması insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı bir məsələdir. Mərkəzi Bankın 500 dollardan artıq vəsait alan şəxsin şəxsiyyət vəsiqəsi təqdim etməsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin birinci bəndinə görə, insan və vətəndaş hüquqlarından və azadlıqları ilə bağlı məsələni yalnız Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edə bilər. Yəni bu qaydanın Mərkəzi Bank tərəfindən qəbul edilməsi Konstitusiyamızla birbaşa ziddiyyət təşkil edir" - deyə vəkil bildirir.
Müzəffər Baxışın sözlərinə görə, bu qaydanın təhlükəli tərəfləri də var. "Bir neçə dəfə sübut olunub ki, bəzi dövlət orqanları Azərbaycan vətəndaşları üçün yüksək təhlükə mənbəyidir. "MTN ətrafında baş verənlər zamanı bu qurumun bəzi əməkdaşları tərəfindən müəyyən cinayətlərin həyata keçirilməsinin də şahidi olduq. Mən ondan narahatam ki, 500 dollardan artıq vəsait alan şəxsləri şəxsiyyət vəsiqələri vasitəsilə müəyyən edərək, onların adlarını müxtəlif vasitələrlə Vergilər Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və s. qurumlara göndərəcəklər. Bununla da vətəndaşlara ciddi şantaj təhlükəsi yaranır. Belə hallar əvvəllər də müşahidə olunub. Ona görə də hesab edirəm ki, belə bir qayda hakimiyyətin sifarişi ilə həyata keçirilib. Məqsəd də vətəndaşlar üzərində nəzarəti daha da gücləndirmək, hüquq və azadlıqlarını daha da məhdudlaşdırmaqdır" - deyə M.Baxış bildirdi.(Bizimyol)
Cia.az
