Yeni Azərbaycan Partiyası (YAP) bir vaxtlar öz qərargahında bəzi nazirlərin, komitə sədrlərinin mətbuat konfransını təşkil edirdi. Uzun müddətdir ki, jurnalistlər üçün bu cür tədbirlər dayandırılıb.
YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bunun səbəblərini musavat.com-a açıqlayıb: “Çoxdan bu cür mətbuat konfransları olmur. Biz qərargahda bütün dövlət strukturları rəhbərlərinin mətbuat konfranslarını keçirirdik. Belə bir qərarı qəbul edərkən qarşımızda duran vəzifə o idi ki, informasiya qıtlığını arada qaldıraq, məmurlarla jurnalistlər arasında canlı ünsiyyət yarada bilək. Biz istəyirdik ki, informasiya blokadasını aradan qaldıraq. Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dövlət qurumları arasında canlı ünsiyyət yarada bilək və jurnalistlərin həmin şəxslərə birbaşa çıxışını təmin edə bilək. Həmin dövrdə mətbuat nümayəndələri informasiya qıtlığı şəraitində yaşayırdılar. İnformasiya çatışmazlığından əziyyət çəkirdilər.
Yeni Azərbaycan Partiyasının rəhbərliyi bütün bunları nəzərə alaraq, nazirlərin, komitə sədrlərinin, digər qurumların birinci şəxslərinin partiyanın qərargahında mətbuat konfransını təşkil etdi. Bu, mətbuat tərəfindən çox müsbət qarşılandı və proses xeyli müddət davam etdi. Biz hesab etdik ki, artıq qarşımıza qoyduğumuz məqsədə nail ola bilmişik. Dövlət qurumlarının rəhbərləri ilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında münasibətlər yarada bilmişik. Artıq hesab edirik ki, bu cür mətbuat konfranslarının keçirilməsinə ehtiyac yoxdur. Biz belə bir ənənəni formalaşdıra bildik. Nazirlər, komitə sədrləri, şirkət rəhbərləri dövrü olaraq özləri kütləvi informasiya vasitələri ilə görüşlər keçirirlər, onlara lazım olan informasiyanı çatdırırlar. Digər tərəfdən də Yeni Azərbaycan Partiyası davamlı olaraq həmin şəxslərin mətbuatı, cəmiyyəti düşündürən məsələlərlə bağlı müsahibələrini yap.org.az saytında təşkil edir, yayımlayır. Bu da bir tərəfdən öz müsbət rolunu oynamaqdadır. Ona görə bu gün yeni qərargahda xüsusi olaraq həmin şəxslərin mətbuat konfransları keçirilmir”.
Cia.az
