Bir müddət əvvəl ADR Hərəkatı yaradan iqtisadçı ekspert Qubad İbadoğlu qısa müddətə Azərbaycana gəlib. Aylardır təşkilatlanma mərhələsini keçən ADR-də isə susqunluqdur. Hərəkat sədrinin xaricə getməsindən sonra təşkilatda proseslər səngiyib. Q.İbadoğlunun gəlişi rəhbərlik etdiyi hərəkatda canlanmaya səbəb olacaqmı?
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Ellada Məmmədli musavat.com-a açıqlamasında bildirib ki, ADR Hərəkatı təşkilatlanma dövrünü yaşayır: “Təbii ki, ölkədəki iqtisadi-siyasi durum ADR-in təşkilanmasına da təsir edir. Bu ay ADR Hərəkatı Məclisinin növbəti sessiyası olacaq. ADR-in təşkilat komitələri ölkə ərazisinin 50 faizdən yuxarı hissəsini təşkil edir. Qubad İbadoğlu gələn kimi ADR Hərəkatı Bakı təşkilat komitələrinin sədrləri ilə görüşdü. Görüşdə Qubad bəy xarisdəki fəaliyyəti ilə bağlı geniş məlumat verdi. Eyni zamanda ADR Hərəkatı Təşkilat Komitəsi sədrləri gördükləri və görəcəkləri işlər haqqında sədrə məlumat veriblər. Sədrlər qarşıda duran vəzifələri və keçirəcəkləri konfranslar haqqında da danışıblar. Ölkədə baş vermiş iqtisadi böhrandan çıxış yolları haqqında Qubad bəy çıxış edib və həmin çıxış ətrafında müzakirələr aparılıb. Bölgələrdə olan sədrlərlə də görüş nəzərdə tutulub”.
E.Məmmədli qeyd edib ki, ADR Hərəkatı ölkədə yaranmış böhranla əlaqədar dəyirmi masa keçirməyi də planlaşdırır: “Yaxın günlərdə bu haqda elan verəcəyik”. Onun sözlərinə görə, Q.İbadoğlu qış tətilinə vətənə gəlib və yaxın günlərdə yenidən ABŞ-a dönəcək: “Onun iştirak etdiyi layihə martda bitir. Martda tamamilə Bakıya dönəcək”.
Cia.az
