|
ABŞ-da vəkil və həkimlər milyonlar qazanır, bizdə isə...
Bir neçə ay əvvəl ABŞ-da işləməyə getmiş iqtisadçı ekspert Amerikada əmək haqqını Azərbaycanla müqayisə edib. “Ştatlar üzrə müxtəlif əmək haqları var. Orda orta aylıq əmək haqqı yoxdur, daha çox 1 saatlıq minimum əmək haqqı göstəricisindən istifadə olunur. 1 saatlıq minimum əmək haqqı göstəricisi isə ən aşağı ştatda təxminən 8 dollar, ən bahalı ştatda isə 15 dollara yaxındır. 
 
Yəni 1 saata ən azı o qədər qazanmaq mümkündür. Dövlət universitetlərində çalışanlar ayda 10 min dollar, özəl universitetdə çalışanlar ayda 15-20 min dollar əmək haqqı alırlar. ABŞ-da üç qrup kifayət qədər yüksək gəlir əldə edir: həkimlər, hüquqşünaslar, şou-biznes və idman adamları. Bir nəfərin illik gəliri 500 min-1 milyon arasında dəyişir. Ancaq ABŞ-da qazanclar yalnız əmək haqqından formalaşmır. Məsələn, mən işlədiyim universitetdə professor-müəllim heyətinin çox böyük əksəriyyəti müxtəlif şirkətlərin səhmlərinə malikdir, onlar səhmlərdən, dövlətin istiqraz vərəqlərindən qazanc əldə edirlər. Yəni onlar öz gəlirlərini həm də səhm bazarında yerləşdirirlər. Çünki orda depozit faizləri çox aşağıdır, ona görə də səhm bazarından daha çox qazanmaq imkanları var. Odur ki, çalışırlar, gəlirlərin bir hissəsini ora investisiya etsinlər”.
 
Şou-biznes və idman sahəsində tanınan şəxslərin Azərbaycanda da maddi təminatı yüksəkdir. Maraqlıdır, ABŞ-da ildə 500 min-1 milyon dollar qazanc əldə edən həkimlərin və hüquqşünasların Azərbaycanda vəziyyəti necədir? Söhbətləşdiyimiz ixtisas sahibləri vəziyyətdən razı deyillər.

Tibb elmləri doktoru Adil Qeybulla bildirir ki, ölkədə həkimlərin məvacibi çox aşağıdır: “Dövlət xəstəxanalarında maaş çox aşağıdır. Özəl klinikalarda heç olmasa, əlavə qazanc imkanları var. Həkimlərin yüksək məvacib alması üçün icbari tibbi sığortanın tətbiq edilməsi lazımdır. Ölkə iqtisadiyyatından sığorta fondlarına ayırmalar artırılarsa, həkimlərin maddi vəziyyəti düzələ bilər. ABŞ səviyyəsinə çatmasa da, azından, durum xeyli dəyişər”.

Özəl klinikada çalışan həkim Hüseyn Mehdiyev isə qeyd edir ki, həkimlərimizin sovet dövründən maaşları həmişə aşağı olub: “Səbəbini bilmirəm. Həkimlərin maaşları müəllimlərdən də aşağı olub. Söhbət qalxanda deyirdilər ki, həkimlərin kənardan gəliri var. Həmin dövrdən tendensiya davam edir. Heç vaxt həkimlərin maaşları kifayət qədər olmayıb. İndi özəl klinikalar var, həkimlərin az bir qismi dolanışığını təmin edə bilir. Burada həm maaş yazılır. Üstəgəl, həkimin etdiyi əməliyyata görə əlavə bonus verir klinika. Bunun hesabına bir qədər maaş artıq olur. Amma sırf dövlət xəstəxanalarını götürsək, həkimlər 180-200 manat maaş alırlar. Təcili yardımda çalışanlar bir qədər çox, 500 manata yaxın maaş alırlar. Ölkədə həkimin qazancı kommunal xərcləri çox zaman ödəməyə yetmir. Bir həkim aldığı maaşı ancaq kommunal xərclərə ödəməlidir? Bəs nə yeməlidir? O, artıq başqa söhbətin mövzusudur. Amma rüşvətə qarşı mübarizə zamanı həbs edilənlər müəllim və həkimlər olur. Bəzən həkimlərin rüşvət almasını böyük sensasiya kimi bildirirlər. Həkimin aldığı maaşı verəsən nazirin birinə, görək necə dolana bilər. Ümumiyyətlə, dolana bilərmi? Devalvasiyadan sonra isə  həkimlərin o maaşla yaşamaq şansı yoxdur. Büdcədən maliyyələşən həkimlər sanki ölümə sürgün olunmuş insanlardır. İldə maaşı 5-3 manat artırmaqla problem həll olunmur”.
 
Hüquqşünas Aslan İsmayılov isə qeyd edir ki, Azərbaycanda hüquqşünasların qazancı dolanmaq üçün yetərli sayıla bilməz: “Heç vaxt özümü kasıb kimi aparmamışam. Amma həqiqəti bilmək istəyirsinizsə, həyatı boyu ehtiyac içində yaşamışam. Həqiqətdə belədir ki, dünyada normal ölkələrdə ən çox qazananlar həkimlər və vəkillər olur. Amerikada, Avropada küçədə bahalı maşın görəndə birinci insanların ağlına gələn o olur ki, hansı vəkilin maşınıdır? Amerikada heç kimin ağlıma gəlməz ki, həmin bahalı maşın hansısa qubernatorun, konqresmenin maşını ola bilər. Amma Azərbaycanda əksinə, vəkil acından ölür. Rüşvət almağı bacaran hakim, prokurur, icra başçısı milyonların sahibi olular. 1996-cı ildən daim xaricə gedib-gəlmişəm. Bugünkü maddi təminatım xaricdən əldə etidiym gəlirlər hesabına olub. Azərbaycanın hesabına qalsa, mən də başqaları kimi acından ölərdim. Bu gün yaxşı yaşayan vəkil dəllallıq edəndir. Hansı ki, rüşvət alıb-verməyi bacarır. Normal vəkillər isə əksər hallarda dolana bilmir, ailəsini təmin edə bilmir”. (musavat)
Cia.az