|
Müxalifətin birlikləri nə üçün uzunmüddətli olmur?
Ümid Partiyası və ADP-nin birlikdə yaratdıqları “Qarabağ” blokunun fəaliyyətinə xitam verilib. Bununla da müxalifət düşərgəsinin daha bir qurumu öz məqsədlərini həyata keçirmədən tarixin arxivinə gömüldü. “Qarabağ” blokunun buraxılması bir məsələni yenidən gündəmə gətirib. 

Ümumiyyətlə, son illərdə müxalif camiə daxilində qəribə bir tendensiya yaranıb. Belə ki, bir neçə siyasi qurumun yaratdıqları birliklərin ömrü çox qısa olur. Əsasən bir seçki ətrafında yaranan bu cür birliklər seçkilərdən sonra ya fəaliyyətlərini dayandırırlar, ya da kağız üzərində mövcud olurlar. Köhnə ədavət, intriqalar bu qurumların rəhbərlərinin qəlblərinə hakim kəsilib. İndiyə qədər çoxlu sayda müxalif birliklər yaradılıb, amma hazırda onların heç biri ya siyasi səhnədə deyil, ya da “ölü qurumlar” sırasına daxil olublar. Bir-birilərinə güzəştə getməyi zərrə qədər qəbul etməyən müxalifət liderləri ölkənin gələcəyini təkbaşına quracaqlarına ümid edirlər. Amma illər keçir, ortada isə bir nəticə yoxdur. Siyasi partiyalar öz aralarında müxalif arenada söz sahibi olmaq uğrunda mübarizə aparırlar. Əsas hədəflər isə qalıb kənarda..."
 
Politoloq Natiq Miri hesab edir ki, müxalifətin indiyə qədər yaradılan siyasi birlikləri yalnız görüntü xarakteri daşıyıb: “Ən böyük siyasi bloklarda təmsil olunan güclərin, yəni müxalifət liderlərinin iddiası məsələsi bir-birilərinə güzəştə getməyə imkan verməyib. Məhz bu iddialardan irəli gələn uyğunsuzluq, müxalifət daxilində daha çox ana müxalifət olmaq uğrunda mübarizə, eyni zamanda Qərbin dəstəkləmək perspektivləri imkan verməyib ki, daxildə güclü birlik yaratmaq mümkün olsun. Nəticədə böyük uğursuzluqlara gətirib çıxarıb. İndiyə qədər olan bloklar və ”Qarabağ" blokunun özü də görüntü xarakteri daşıdığına, qısamüddətli nəticələr qazanmağa hesablandığı üçün davamiyyət göstərə bilmədilər. Bir şərait yaranan kimi dərhal dağılırlar. Hər bir addımın arxasında ciddi ideya və səmimiyyət olmalıdır. Çox təəssüf ki, bizdə bunların heç biri yoxdur. Hazırda daha çox sözçülük siyasətdə meydan sulayır. Böyük boşluqlar var, müxalifət bu boşluqları boş-boş sözlərlə yamayır. Bu gün sözün həqiqi mənasında cəmiyyətin içərisinə getmək ehtiyacı var.
 
Cəmiyyət hazırda Azərbaycanda hər hansı bir siyasi prosesin getməsində maraqlıdır. İctimaiyyət narahatdır ki, iqtisadi-siyasi gələcəyi necə olacaq. Müxalifət bu yöndə cəmiyyəti maarifləndirə bilmir. Bir neçə mətbuat orqanı bu məsuliyyəti üzərinə götürüb ki, bu da yetərli deyil. Çünki alıcılıq səviyyəsi çox aşağıdır. Siyasi fəaliyyəti gücləndirmək üçün kabinetlərdə oturmaq lazım deyil. Cəmiyyətin içərisində olmaq vacibdir. Bunu da heç bir siyasi müxalifət üzərinə götürmür. Bu gün fəaliyyətlər kabinetlər səviyyəsində özünü göstərir".
Cia.az