|
Qarabağ problemi bir il də “yaşlandı” - həlli əngəlləyən 3 ciddi səbəb...
Təqvim ilinin təzələnməsi ilə Dağlıq Qarabağla bağlı ümidlər də avtomatik şəkildə növbəti ilə adlamış oldu. Ötən il konflikt böyük güclərin ən az diqqət mərkəzində oldu yazsaq, yəqin ki, yanılmarıq. Bunun da əsas səbəbi sözsüz ki, ilk öncə Suriya böhranı, İŞİD təhlükəsi ilə bağlı oldu. 
 
Eyni zamanda saxta “erməni soyqırımı” iddiasının 100 illiyi və Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi də Qarabağa dair sülh prosesinə məxsusi neqativ möhürünü basdı. Hərçənd, il sonu Rusiya Xarici İşlər Nazirliyi qəfildən belə bir “gümrahlaşdırıcı” bəyanat yaydı ki, guya Kreml rəhbəri Vladimir Putin, nəhayət, münaqişənin həllinə nail olmağa qərar verib. Lakin az sonra aydın oldu ki, bu, sadəcə, təzə illə bağlı verilən növbətçi bir bəyanat imiş.
 
Yeri gəlmişkən, problemin həllinə ən böyük maneə ötən il də Rusiya olaraq qaldı. Bir daha yəqinlik hasil oldu ki, Moskva əlində çox böyük rıçaqlar olmasına rəğmən, ixtilafın həllində maraqlı deyil, həll prosesinə dəstək verməyə hazırlaşmır. Bu da onun Dağlıq Qarabağ konflikti ilə bağlı gözləntilərinin çox böyük olduğuna şübhə yeri saxlamadı.
 
Bu gözləntilərdən biri kimi bunu qeyd edə bilərik: bəlli oldu ki, Rusiya Dağlıq Qarabağ məsələsinin “həllini” yalnız ön şərtsiz-filansız Azərbaycanla Ermənistanın vahid təşkilatda - SSRİ-nin prototipi olacaq Avrasiya Birliyində təmsilçiliyi halında, xarici sərhədlər simvolik hala gəldiyi zaman mümkün hesab edir. SSRİ tərkibində isə Dağlıq Qarabağ məsələsi necə “yoluna qoyulmuşdu” - hamı bilir...
 
*** 
Qarabağ məsələsində heç bir irəliləyişin olmamasının, Ermənistanın konstruktiv mövqedən ötən il də uzaq olmasının digər mühüm səbəbi şübhə yox ki, işğalçı ölkənin Rusiyanın satelliti qismində müstəqil və suveren xarici siyasət kursundan məhrum olması ilə ilgili idi. Bunu erməni ekspertlərinin özləri də gizlətmir. Məsələn, Ermənistan parlamentinin üzvü Albert Baqdasaryan hesab edir ki, Ermənistan artıq suveren dövlət kimi mövcud deyil. 
“Mövcud olsaydı, bizdə də normal iqtidar-müxalifət konkurensiyası mövcud olardı. Bizim haradasa 15-20% suverenliyimiz qalıb. Bu da strateji inkişafın mühüm istiqamətlərinə aid deyil. Ermənistan müstəqil xarici siyasət aparmır, hətta heç onun müstəmləkə ölkəsinə xas xarici siyasəti də yoxdur. Bizim Xarici İşlər Nazirliyimiz yalnız Rusiyanın siyasi sifarişlərini yerinə yetirir. Rusiyanın tərkibində ola-ola Avropa ölkəsi modeli uğrunda mübarizə aparmaq isə anaxronizmdir” - deyib Baqdasaryan.
 
Bu da Güney Qafqazın daha bir “yaşlanmış” Qarabağ münaqişəsinin beynəlxalq normalar əsasında nizamlanması yolunda ikinci ən böyük əngəl - Ermənistanın müstəqil dövlət kimi deyil, münaqişənin memarı olan Rusiyanın marioneti kimi qalması, məsələdə heç bir söz sahibliyinə malik olmaması.     
 
*** 
Bəs Azərbaycandan məsələnin 2016-cı illə bağlı həll perspektivinə baxışlar necədir? Politoloq Qabil Hüseynli müsavat.com-a açıqlamasında problemin həllinin dünyada gedən proseslərə birbaşa bağlı olduğunu söyləyib: “Bu məsələnin həlli regional bir problem olsa da, dünyada gedən qlobal proseslərlə sıx bağlıdır. Əvvəllər bunu regional  problem kimi qəbul etmək olardı. Amma indi qloballaşmış bir problemə çevrilib. Söhbət Rusiya-Türkiyə münasibətlərinin necə olacağından xeyli dərəcədə asılıdır. Hər iki ölkə arasında münasibətlər yumşalarsa, Qarabağ probleminin həllinə də müsbət təsir edə bilər. Ukrayna məsələsini də bu problemin həllində diqqətə almaq lazımdır. Çünki Ukrayna probleminin obyektiv həlli Qarabağ üçün nümunə ola bilər. Ən azından pozitiv təsir göstərər. 
 
 
Bundan başqa, Yaxın Şərqdə qaynar nöqtələr var. Burada Rusiya fəal şəkildə iştirak edir. Şimal qonşumuz məğlub olarsa, Qarabağ məsələsində işlərin rəvan getməsinə səbəb ola bilər. İndiyədək Rusiya-Azərbaycan münasibətlərinin yaxın olduğu vaxtlarda, şimal qonşumuz Qarabağın hüdudlarından kənarda 7 rayonun qaytarılmasına razılıq vermişdi. Bu barədə onların politoloqları, mətbuatları geniş təbliğat aparırdılar. Amma son zamanlar biz bunun əksini görürük. Rusiya NATO-su deyilən Kollektiv Təhlükəsizlik Təşkilatının baş katibi Bordyuja Qarabağda müharibənin alovlanacağı ehtimallarından danışır. Guya ürəyinin yanmasını göstərərək, bunun qarşısının alınmasının zəruriliyini vurğulayıb. Bern görüşündə, göründüyü kimi, nəticə alınmadı. Bunun alınmamasının başlıca səbəbi ermənilərin hərəkətləri, görüşün yarımçıq başa vurulması oldu. Ermənilərin bu cür hərəkətləri Rusiyanın planı üzrə baş verirdi. Bunu sübut edəcək amil Sarkisyanın Berndən birbaşa Rusiyaya getməsidir". 

Politoloq əmindir ki, Ermənistan yenə də Rusiyanın bir quberniyası olmaqda davam edəcək: “Son zamanlar Rusiya özünün əlaltısını ciddi surətdə silahlandırır, ona xeyli sayda silah ötürür. Ermənistan hazırda silahla doldurulmuş, təchiz olunmuş bir bölgəyə çevrilib. Qonşu ölkələrlə iqtisadi əlaqələrin sürətləndirilməsi  problemin həllinə təkan verə bilər. Qarabağ probleminin açarı tamamilə Rusiyanın əlindədir”. 
 
Politoloq ordumuzun Qarabağ problemini həll etmək gücündə olduğunu da qeyd edib: “Rusiya öz strateji maraqları naminə problemə ”hə" deməsə, məsələnin çözümü qalır Azərbaycan ordusunun üzərində.
***
Beləliklə, Qabil Hüseynili faktiki surətdə problemin həllini əngəlləyən üçüncü amili göstərib - regionda gedən proseslər. Hərgah, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik 2016 ilə bağlı da kifayət qədər nikbin ovqatdadır. O, yeni ildə konfliktinin dinc yolla həlli yönündə səyləri aktivləşdirməyə çağırıb. Bu barədə o, özünün twitter-dəki mikrobloqunda yazıb. 
 
“Biz yeni ildə problemin dinc yolla nizamlanması istiqamətində işi gücləndirməliyik. Tərəflər bəyan edir ki, buna hazırdır. İndi də olmasa, bəs nə vaxt?”, - deyə Uorlik ritorik sual edib. Əslində bu sualı ən əvvəl Ermənistanı hələ də işğalçı kimi tanımaq istəməyən vasitəçi dövlətlərə və onların diplomatlarına, o cümlədən Uorlikin özünə ünvanlamaq lazımdır.
Qeyd edək ki, amerikalı diplomat Yeni il ərəfəsi verdiyi açıqlamasında 2016-cı ildə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun nəzərdə tutulduğunun da anonsunu verib. Lakin müşahidələr göstərir ki, bu il münaqişənin dinc vasitələrlə həlli üçün zəmin ötən ildəkindən də zəif olacaq. Söhbət Rusiya-Qərb münasibətlərində davam edən gərginliklə yanaşı, həm də Rusiya-Türkiyə münasibətlərinin keçən il noyabrın 24-dən böhrana girməsindən dolayı Qarabağ məsələsinə vəd edilən əlavə neqativ təsirlərdən gedir.
Cia.az