|
Əsrin fırıldağı hesab olunan “donuz qripi” yenidən gündəmdədir
Dünyada yenidən “donuz qripi” xofu meydana gəlib. İlin ilk ayında Türkiyədə iki nəfərin AH1N1 (donuz qripi) virusundan öldüyü təsdiqləndikdən sonra Azərbaycanda da zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlərin həyata keçirilməsinə başlanılıb. 
 
Vaxtilə “donuz qripi”, “quş qripi” və sonuncu olaraq, “ebola virusu”nun dünyada yayılması nəticəsində minlərlə insan həyatını itirmişdi. Maraqlıdır ki, bu viruslar dünyada iqtisadi böhranın dərinləşməsindən sonra daha geniş formada yayılmağa başlayıb. Elə bu səbəbdən də dünya mediasında verilən şərhlərdə bunun bir oyun, dünya düzənini dəyişmək üçün iri dövlətlərin, xüsusilə də, ABŞ-ın ortaya atdığı layihə olduğu bildirilib. 
 
Avropa Şurası Parlament Assambleyasının ekspertləri isə bu qənaətə gəliblər ki, “donuz qripi” əslində, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iri dərman şirkətlərinə böyük məbləğdə gəlir qazandırmasına hesablanıb. Ümumdünya Səhiyyə Təşkilatının bu virusla bağlı qlobal kampaniya başladan ekspertləri virusa qarşı peyvənd istehsal edən əczaçılıq şirkətləri ilə əlbir olduğu da ortaya çıxmışdı. Məhz bu fakta görə də bu virus dünyanın ən böyük korrupsiya fırıldağı hesab edilir.
 
Harvard Universitetinin araşdırması isə bu faktı təsdiqləyən bir nəticəni ortaya çıxarıb. Araşdırmalara əsasən “donuz qripi”nin, mövsümü qripdən heç bir fərqinin olmadığı, ölüm riskinin isə daha aşağı olduğu məlum olub. Həmçinin aparılan peyvənd kampaniyasına da ehtiyacın olmadığı bildirilib.
  
Korrupsiya fırıldağı hesab olunsa da, bu virusla bağlı “SOS” siqnalı hələ də verilməkdədir. 
 
Məsələ ilə bağlı musavat.com-a tibb üzrə ali təhsilə malik olan ADP sədri Sərdar Cəlaloğlu da münasibət bildirib. 
 
O, söyləyib ki, əslində, bu tip viruslar olduqca təhlükəlidir: “Türkiyədə konkret olaraq, bu virusdan bir neçə nəfər ölüb. Ortada fakt var. Bu baxımdan, hər şeyi hansısa ölkənin hay-küyü kimi qələmə vermək olmaz. İnfeksiya çox təhlükəli bir şeydir. Misal üçün 1967-ci ildə qrip infeksiyasından 20 milyon adam ölmüşdü.  Ümumiyyətlə, qrip ən sadə quruluşa malik bir canlı olduğu üçün çox asanlıqla transformasiya olunur. Misal üçün atom radiasiyasından və digər bu kimi təsirlərdən dəyişilərək, başqa bir xəstəlik kimi ortaya çıxır. Ona görə də qripi müşahidə etmək çox çətin olur. Yəni, elmi baxımdan bu cür virusların dünyada yayılması mümkündür”.
Cia.az