Yeni il ərəfəsində mətbuatda Bakıda 3 övladı ilə vaqonda yaşayan ananın acınacaqlı həyatı barədə məlumat dərc olunmuşdu. Məlumatda deyilirdi ki, 37 yaşlı Aynurə Talıbova adlı qadın həyat yoldaşından ayrılandan sonra ata evində məskunlaşıb. Daha sonra ata evini satıb özünə güzəran düzəltmək istəyəndə bu dəfə mənzil dələduzları onu aldadıblar.
Kimsəsiz qadın 3 uşağı ilə küçələrdə qalıb və Bakının Xətai rayonundakı boş ərazidə qoyulmuş vaqonda məskunlaşıb. Qızdırılmayan vaqonda yaşayan bu ailə vaqonun sahibinə ayda 70 manat kirayə də ödəyirmiş. Lakin bu yaxınlarda həmin ərazini sahibi yaşayış binası tikintisi üçün şirkətlərdən birinə satıb. Və şirkət vaqonun ərazidən götürülməsini tələb etməyə başlayıb.
“Bir tikinti şirkəti bu ərazini alıb, 16-mərtəbəli yaşayış binası tikmək istəyir. İndi hər gün gəlirlər ki, vaqonu qaldırıb aparıb başqa yerə qoyacağıq. Biz bunun içərisində yaşaya-yaşaya bunu necə edə bilərlər? Bəlkə elə aparıb bir qamışlığa, ya çöllüyə atsınlar... Belə də özbaşınalıq olar? Hər gün xəbərdarlıq edirlər ki, 2000 manat verək, öz xoşunla tərk elə. Hara gedim?”-çarəsiz qadının şikayətində deyilirdi..
Virtualaz.org saytının əməkdaşları bu köməksiz ailənin dramını ətraflı araşdırmaq üçün həmin vaqonun olduğu ünvana - Xətai rayonu, Neapol küçəsindəki 8 saylı binanın yaxınlığına baş çəkib. Məlum olub ki, həmin qadın və uşaqları artıq bir aya yaxındır ki, burada yaşamır. Belə ki, qonşuların sözlərinə görə, bir müddət əvvəl A.Talıbova və uşaqlarını buradan köçürüblər:
“Onların atası yox idi, o gəlin elə 3 uşaqla yaşayırdı. Uşaqlar da bu yaxınlıqdakı məktəbdə oxuyurdular. Səhv etmirəmsə, böyük uşaq 9-cu sinifdə idi. Bir müddət əvvəl köçüb getdilər, bu yaxınlarda isə uşaqları da gəlib məktəbdən çıxardı, daha bura gəlmirlər” – deyə adının çəkilməsini istəməyən qonşu bildirir.
Qonşular həmin ailənin hara köçdüyündən və ev alıb-almadığından xəbərsizdir.
A.Talıbovanın uzun müddət yaşadığı vaqonun ətrafı isə hazırda hasarlanıb. Kifayət qədər böyük ərazi əsasən zibilliyi xatırladı. Belə ki, çoxlu sayda məişət tullantısı, maşın təkəri və s. bu kimi zir-zibil var. Burada çoxmərtəbəli bina tikiləcəyi bildirilir. Ancaq tikinti işlərinin tezliklə başlayacağını göstərən heç bir əlamət yoxdur...
Cia.az
