|
“Növbəti altı ayda devalvasiya olmayacaq, amma...”
Milli valyuta olan manatın devalvasiya ehtimalları ilə bağlı narahatlıqlar var. Bir çox ekspertlər üçüncü devalvasiyanın olacağı barədə həyəcanlı proqnozlar verirlər. Həmçinin bildirilir ki, ikinci devalvasiya ərəfəsində hökumətdə devalvasiyanın ölçüsü barədə müzakirələr ciddi məqamlardan xəbər verir. Bəzi hökumət üzvlərinin yumşaq devalvasiya, digərlərinin isə kəskin devalvasiya istəməsi manatla bağlı gərginliyin azalmamasının göstəricisi kimi təqdim edilir.

Ekspert Əkrəm Həsənov isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, yaxın bir neçə ayda ölkədə devalvasiya təhlükəsi yoxdur: “Azərbaycanda dövriyyədə olan, elan olunan milli valyuta əgər doğrudan da həmin həcmdə varsa, yaxın vaxtlarda devalvasiya gözləmirəm. Çünki dövriyyədə milli valyuta azalıb. Onun ucuzlaşması üçün gərək əhali çoxlu dollar alsın. Dollar almaq üçün də əhalidə milli valyuta kifayət qədər olmalıdır. Amma eyni yanaşmalar ilin axırında da var idi. Buna görə bəzi mütəxəssislər ilin sonunda belə bir fikir irəli sürmüşdürlər ki, bəlkə də dövriyyədə milli valyuta elan olunandan çoxdur. 
 
Yəni dövriyyədə qanunsuz milli valyuta var. Əgər belə bir şey varsa, o zaman devalvasiya gözləniləndir. Hələ 2014-cü ildən Avstriyada buna işarə verən proses gedirdi. Söhbət Avstriya Mərkəzi Bankının Suriyanın və Azərbaycanın həmin ölkədə çap etdiyi milli valyutadan gedir. İttihamlar var idi ki, Azərbaycan Mərkəzi Bankına müəyyən atkatlar verilmişdi pulun çox çap olunmasına görə. Əgər bu, doğrudan da belədirsə, Mərkəzi Bank bəyan etdiyindən çox pul çap edib dövriyyəyə buraxıb. Buna görə də dövriyyədə milli valyuta çox olduğu üçün onun əvəzinə dollar alınır. Yəni belədirsə, ola bilər ki, növbəti devalvasiya da olsun. Amma mətbuatda bu cür fikirlər də var ki, ikinci devalvasiyada Mərkəzi Bankın təklifi bir dolların 1,2 manata qaldırılması olub. Yalnız maliyyə naziri təklif edib ki, daha çox, 1,55 olsun. Mən bilmirəm bu, nə dərəcədə doğrudur. Əslində başa düşülmür ki, maliyyə naziri niyə belə deyib. Bəlkə hər dəfə devalvasiyaya getməmək üçün bu cür təklif verib, birdəfəlik yüksək devalvasiya təklifini verib. Məncə, növbəti 3-4 ayda devalvasiya olmayacaq. Amma ziddiyyətli məqamlar var. Bildirilir ki, Elman Rüstəmov daha az devalvasiyanı təklif edib. Yəqin onun banklar qarşısında qeyri-rəsmi öhdəlikləri çoxdur. Banklara müəyyən vədlər, sözlər verib ki, devalvasiya böyük olmayacaq. Son devalvasiyanın böyük olduğunu nəzərə alaraq, demək olar ki, növbəti altı ayda devalvasiya olmayacaq”.

Ekspert Rövşən Ağayev isə qeyd edib ki, son il yarımda Mərkəz Bank öz valyuta ehtiyatlarının təxminən 70 faizini və ya 10,1 milyard dollarını itirib: “Mərkəzi Bank 2016-cı il üzrə pul-kredit siyasətinin istiqamətlərinə dair açıqladığı bəyanatda qeyd edir ki, valyuta ehtiyatları 5 milyard dollara enib. Bu, o deməkdir ki, dekabr ayında təxminən 1,3 milyard dollar əriyib. Bir ay öncə ehtiyatlar təqribən 6,3 milyard dollar idi”.
 
Qeyd edək ki, bəzi xarici ekspertlər manatın növbəti devalvasiya ehtimallarından danışırlar. “Saxo Bank”ın Strategiyalar şöbəsinin müdiri Con Hardi «Trend»ə bildirib ki, 2016-cı ildə Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini kəskin artırması məzənnənin tənzimlənməsi ilə əlaqədar FES-in siyasətinə istiqamətlənmiş Azərbaycan üçün qəbuledilməzdir. Onun sözlərinə görə, FES-in faiz dərəcələrini artırmasının Azərbaycan manatına təsiri ilk növbədə faiz dərəcələrinin artım tempindən və neftin qiymətlərindən asılı olacaq: “Manat artıq hazırda növbəti devalvasiya təhlükəsi altındadır, çünki ötən devalvasiyadan sonra neftin qiymətləri xeyli azalıb. 
 
Bu təzyiq neftin qiymətləri artsa, zəifləyə bilər, lakin 2016-cı ildə faiz dərəcələrinin artımı çox güman ki, Azərbaycan üçün qəbuledilməz olacaq”. C.Hardi qeyd edib ki, Azərbaycan 2016-cı ildə milli valyutanın daha böyük devalvasiyasına hazırlaşmalıdır: “Yəqin ki, bu devalvasiya 2014-cü ilin sonu 2015-ci ilin əvvəlindəki miqyasda olmayacaq, çünki neftin qiymətləri 2016-cı ilin əvvəlində özünün minimum səviyyəsinədək düşəcək”. Qeyd edək ki, dekabrın 16-da ABŞ Federal Ehtiyat Sistemi (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırıb.  

“Bloomberg” ekspertləri isə 2016-cı ildə ABŞ dollarının kursunun sabiq prezidentlər- Bill Klinton və Ronald Reyqan dönəmindən sonra ilk dəfə rekord həddə qalxacağını bildiriblər. Eksperlərin fikrincə, dolların daha da möhkəmlənməsi ötən ilin dekabrında Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcələrinin artırılması haqda qəbul olunan qərarla və dərəcələrin daha da artırılması ilə bağlı olacaq. Onların hesablamalarına əsasən, ilin sonuna ABŞ dolları ilə yanaşı, Britaniya funtu, Kanada dolları və Norveç kronunun da məzənnəsi qalxacaq. Avro 3 faiz, Çin yuanı 3,5 faiz ucuzlaşacaq.
 
Həmçinin “Bloomberg” Agentliyi açıqlayıb ki, Azərbaycan manatı, Qazaxıstan təngəsi və Zambiya kvaçası 2015-ci ildəki devalvasiya üzrə lider olublar. Siyahıda dördüncü yeri Belarus rublu, beşinci yeri isə Argentina pesosu tutub. Siyahıda yeddinci yerdə Ukrayna qrivnası göstərilib. 

Cia.az