|
Dövlət Neft Fondu yüksək riskli aktivlərə yatırım edəcək?
Dövlət Neft Fondunun 2016-cı ildə proqnozlaşdırdığı gəlir müzakirəyə səbəb olub. Əksər ekspertlər bunun mümkün olmadığını bildirirlər. Qeyd edək ki, Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında" fərmanla 6711564,1 min manat, xərcləri isə 8181399,7 min manat məbləğində təsdiq edilib.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, bu, çox optimist yanaşmadır və real deyil: “2015-ci ildə Dövlət Neft Fondunun valyuta rezervləri 38 milyard dollardan bir az yuxarı idi. Amma aktivlərinin idarə olunmasından əldə etdiyi gəlir 60 milyon civarında oldu. Amma indi rezervlər 33 milyarda düşüb. Fondda 33 milyard manata yaxın vəsaitimiz var. Bundan 603 milyon gəlir götürülməsi çox optimist və uzaq bir proqnozlaşdırmadır. Çünki Azərbaycanın vəsaitini yerləşdirdiyi aktivlərin likvidliyi, gəlirliliyi çox aşağıdır. Ona görə ki, fond daha dayanıqlı və güvənilən qiymətli kağızlara yatırım edib. Bu, düzgün qərar idi. Onların da gəlirliliyi çox aşağıdır. Neft Fondunun əlində çoxlu sayda daşınmaz əmlak var. Onların idarə olunmasından gələn gəlirlər ilbəil özünü doğrultmur. Hətta dəyəri belə aşağı düşür. 
 
Ən çox dəyəri düşən Moskvada alınmış aktivdir. O, alınarkən 180 milyon dollardan artıq vəsait xərclənmişdi, indi qiyməti iki dəfədən də çox aşağı düşüb. Bundan başqa, rus rublunda və bu kimi qiymətli kağızlarda da fondun 5 faiz vəsaiti var ki, həmin valyutaların da dəyəri dollara nisbətən xeyli aşağı düşür. Bunun özü belə aktivlərin idarə olunmasında gəlirliliyi xeyli dərəcədə aşağı salır. Ona görə də Neft Fondu belə optimist açıqlama verməsinin səbəbini izah etməlidir. Amma indiki makroiqtisadi göstəricilərə görə, dünyada gedən proseslərə görə, bu rəqəmə çatmaq real görünmür. 
 
 
Gəlirlər 2015-ci ildəki kimi 60-70 milyon civarında olsa, yaxşıdır, uğur hesab etmək olar. Amma 603 milyon real deyil. Digər bir problem də ondan ibarətdir ki, Neft Fondunun 30 tona yaxın qızıl ehtiyatı var. Fond bu qızılı alarkən unsiyası 1300-1400 dollar civarında dəyişirdi. İndi 1060 dollara qədər ucuzlaşıb. Getdikcə də daha çox ucuzlaşma perspektivi var. Yaxın aylarda bunun şahidi olacağıq. Burada da itkilər olacaq. Dövlət Neft Fondu açıqlama verməlidir ki, 603 milyonluq proqnoz nəyə əsaslanır? Hansı parametrlərə, hansı indikatorlara görə bu hesablamanı aparıblar?”
 

Ekspert Samir Əliyevin sözlərinə görə isə Dövlət Neft Fondu 2016-cı ildə, açıqladığı kimi, 603 milyon manat qazana bilməyəcək: “Neft Fondu 2016-cı ildə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından təxminən 603 milyon manat qazanmaq niyyətindədir. Müqayisə üçün deyim ki, fond 2015-ci ildə bu mənbədən 494,4 milyon manat qazanmalı idi. Ancaq ötən ilin 9 ayında aktivlərdən qazanc cəmisi 51,2 milyon manat olub. Üç rübdə gözləntisi 10,3 faiz təmin edilən fondun sonuncu rübdə gözləntisinin tam yerinə yetirilməsi möcüzə olardı. Hətta manatın dəyərini 48 faiz itirməsi də problemi həll etmək iqtidarında deyil. 37 milyard dollarlıq aktivlərin idarə olunmasından illik qazanc 494,4 milyon manat proqnozlaşdırıldığı halda nədən 34 milyard dollarlıq aktivlərin qazancı 603 milyon manat proqnozlaşdırılıb? Axı aktivlərin böyük hissəsinə malik olan ABŞ dollarının yeni ildə də möhkəmlənməsi gözlənilir. Dolların bahalaşması paralel olaraq Amerika qiymətli kağızlarının gəlirliliyini də aşağı salacaq. Digər valyutaların, avro, rubl, yuan, lirənin isə ucuzlaşması proqnozlaşdırılır. Qızıl və daşınmaz əmlak bazarı 2016-cı ildə də yüksək qazanc vəd etmir. Nəzərə alaq ki, neftin ciddi bahalaşması gözlənilmədiyindən aktivlərin nəinki indiki səviyyədə qalması, hətta azalması qaçılmazdır. Ən azı, Mərkəzi Bankın çətin vaxtında Neft Fondunun dəstəyi vacib olacaq. Belə çıxır ki, Neft Fondunun 2016-cı ildə əsas strategiyası gəlirləri artırmaq üçün yüksək riskli və yüksək qazanclı aktivlərə yatırım etmək olacaq. Ya da manatın ucuzlaşmasına ümid edəcək. Əks halda, neftin indiki qiymətləri ilə aktivləri qorumaq və büdcə gəlirlərini icra etmək çətin olacaq”.
 
Qeyd edək ki, fərmana əsasən, Neft Fondunun bu il gəlirləri Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər- 6094053,0 min manat, akt hesabı ödənişlər - 2,1 milyon manat, neftin və qazın tranziti - 12,6 milyon manat, fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər - 602 790,1 min manat hesabına formalaşacaq. Fondun vəsaitlərinin 6 milyard manatı dövlət büdcəsinə transfer ediləcək. Bundan başqa, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə daha 1 822 800,0 min manat sərf olunacaq. Xərclərin qalan hissəsi, yəni 90 milyon manat məcburi köçkünlərin məskunlaşdırılmasına, 70 milyon manat Samur-Abşeron kanalının yenidən qurulmasına, 137 621,7 min manat Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə, 36 558,0 manat gənclərin xarici ölkələrdə təhsil almasına yönəldiləcək. ARDNF-nin idarə olunmasına isə 24420,0 min manat xərclənəcək. 
Cia.az