|
Qərblə barışmağın tək yolu - islahatlara getmək
Ölkə daxilindəki məsələlər həll olunmadan xarici məsələlər həllini tapa bilməyəcək. Çünki daxili və xarici məsələlər bir-birinə bağlıdır. Hakimiyyət də bunu yaxşı başa düşür. Ona görə də bu məsələlər paralel olaraq həll olunacaq". 

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi: “2016-cı il Azərbaycanda islahatlar dövrü olacaq. Düzdür, bu, çətin prosesdir. Amma beynəlxalq təşkilatların köməyinə ehtiyac var və bununla bağlı danışıqlar aparılır, hətta təməl də qoyulub. Məsələn, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma Bankı və başqa strukturlar bu prosesdə iştirak edirlər. Ona görə də Azərbaycan üçün bu qurumlarla əməkdaşlıq etmək qaçılmazdır. Bu əməkdaşlıq prinsipcə var, sadəcə olaraq, genişlənəcək və daha ciddi praktiki çərçivədə olacaq.
Çünki başqa çıxış yolu yoxdur. Əvvəl islahatlar imitasiya olunurdu, bu da neft amili ilə bağlı idi. Hesab edirdilər ki, neft var və islahatlar tədricən aparıla bilər. Məsələn, "ASAN xidmət" prinsipcə islahatdır. Sadəcə olaraq, bu, bir istiqamət idi. Bunu bütün sahələrdə geniş şəkildə aparmaq lazım idi. Təəssüflər ki, vaxtında bu addımlar atılmadı və vəziyyət ağırlaşdı. Artıq elə vəziyyət yaranıb ki, neftin qiymətinin artacağına ümid yoxdur, ona görə də islahatlardan başqa çıxış yolu qalmır". 

M.Əliyev güman edir ki, hökumət islahatları sürətləndirsə, o halda Qərbdən təzyiqlər də səngiyəcək və münasibətlərdə normallaşmaya start veriləcək. 
 
ABŞ Konqresinin sanksiya hədələrinə gəldikdə, ekspert bildirdi ki, Konqresdəki sanksiya layihəsini daha çox siyasi məhbuslar, insan haqlarının durumu məsələsinə bağlayırlar: “Ancaq hakimiyyət islahatlara başlasa, Azərbaycana qarşı sanksiyalar üçün heç bir əsas olmayacaq. ABŞ, sadəcə olaraq, bununla demək istəyir ki, vaxtilə Azərbaycan tərəfindən sözdə qəbul olunan islahatlara gedilməyib. Yəni Azərbaycanı tələsdirir, deyir ki, vəd verilib, amma əməl olunmayıb, ona görə də bəyan edirlər ki, islahatlar aparın. Çünki qeyri-stabil iqtisadi və sosial vəziyyət yaranıb, bu da qeyri-siyasi stabilliyə çıxara bilər. Amerikanın da regionda maraqları var, o istəmir ki, Azərbaycanda qeyri-stabillik olsun. Bu mənada Azərbaycanı tələsdirirlər”. 

M.Əliyev manatın devalvasiyası, neftin qiymətinin aşağı düşməsi şəraitində Azərbaycan vətəndaşlarının durumunun ağırlaşmasını da real sayır. Hesab edir ki, bu vəziyyət ciddi fəsadlara yol aça, hətta sosial partlayışla bitə bilər: “Əgər ölkədə kasıbların sayı gündən-günə çoxalırsa, sosial partlayışın olması da mümkündür. Biz istehlak zənbilinə və yaşayış minimumu səviyyəsinə baxsaq,  görərik ki, xeyli insan artıq yoxsulluq dərəcəsinə gəlib çatıb. Bu, real vəziyyətdir. Hələ mən işsizliyin xeyli artmasından danışmıram. Bu vəziyyət əlbəttə ki, sosial təlatümlərə gətirib çıxara bilər. Hər bir valideynin öz ailə-uşağı qarşısında öhdəlikləri var, o, ailəsini yedizdirməli, geyindirməli, sağlamlığına baxmalıdır”.
 
Milli Məclisin deputatı Zahid Oruc Azərbaycanla Qərbin münasibətlərinin perspektivləri barədə danışarkən məsələyə daha geniş kontekstdə yanaşmağı zəruri saydı: “Hakimiyyətin Qərblə münasibətlərinin hansı xətlə inkişaf etməsi iki suala cavabdan asılıdır: Ukraynanın Avropa Birliyinə üzvlüyünün sürətlənəcəyi və Gürcüstanda yeni iqtidarın formalaşacağı təqdirdə Azərbaycanın xarici siyasət kursuna təzyiqlər güclənəcək. Yəni neytrallıq və balanslı modelin əleyhinə olan beynəlxalq proseslər dərinləşəcək. Faktiki olaraq indiki şəraitdə Cənubi Qafqazda pat vəziyyətidir. Hər hansı tərəfin xüsusi üstünlüyü yoxdur. Baltikyanı ölkələrə NATO-nun infrastrukturu nə qədər gətirilsə də, ruslarla hərbi savaş onun sərhədləri daxilinə sıçrayası deyil”.
 
Z.Orucun qənaətincə, o zaman Azərbaycan üçün manevr etmək daha da çətinləşə bilər: “Belə ki, münasibətləri hazırda gərginləşməkdə davam edən Rusiya və Türkiyə çalışacaq ki, bu bölgədə indiyədək qurulmuş hərbi-siyasi və iqtisadi dayaqlarını əldə saxlasınlar. Rəsmi Bakının daha çox Ankara ilə işbirliyinə can atması və Moskva ilə türklərin qırılmış iqtisadi ittifaqını özünə götürmək istəməsi dövlətimizin nəinki Avropadan, eləcə də Rusiyadan sərt demarşlar almasına səbəb ola bilər. Azərbaycanın hazırkı hədəfi Brüssel və Berlinlə pozulmuş dialoqu bərpa etməkdir. Baxmayaraq ki, Vaşinqton bütün Avropa Birliyini özünün diktəsi altında saxlaya bilir, bununla bərabər, ölkəmizin Qərbdən öz döndərməsi faktiki olaraq siyasi və iqtisadi təcridetmə tərəfdarları kimi çıxış edən anti-Azərbaycan qüvvələrinə böyük fürsət verir. O biri yandan daxildə həyata keçirilən mühüm siyasi islahatların beynəlxalq dəstəkdən məhrum olunması maliyyə və iqtisadi blokun yenidən qurulması tələbləri qarşısında olan bir ölkə üçün tamamilə arzuolunmazdır. Faktiki olaraq, Ermənistan bizimlə informativ və diplomatik təzyiq dili ilə danışan dövlətlərin hamısından istifadə etməyə çalışır”. 

Vəziyyətin gərginliyini nəzərə alan Z.Oruc hesab edir ki, mövcud durumda siyasətin başlıca vəzifəsi dostlarımızı artırmaqdır, düşmənlərimizi yox: “Əgər bir az da açıq söyləsək, Qərblə konfrontasiya bizim təhlükəsizliyimizi ermənilərdən daha çox təhdid edir. Belə ki, bir çox maliyyə aktivlərimiz və əsas ticarət partnyorlarımız məhz oradadır. Yeni iqtisadi modelə keçid ərəfəsində olan bir ölkə üçün belə həlledici dövrdə xarici tərəfdaşlarını dəyişmək olduqca risklidir. Asiya qitəsi siyasi çətir yaratmaq gücünə malik deyil. Ona görə də manatın kursu kimi xarici siyasət kursumuz da ötən illərdə yaşanan turbulentliyi aradan qaldırmağa qadir olmalıdır. İkinci mühüm məsələ, İranın beynəlxalq siyasi və neft məkanına qayıtmasıdır. Təəssüf ki, ekspert və təhlil cameəmiz bu haqda çox səthi fikirlər yürüdürlər”.
 
Deputat qeyd etdi ki, regionun geopolitikası İranın xeyrinə dəyişməkdədir: “Kimsə deyə bilər ki, Tehranın izolyasiyadan çıxarılması onun Qərbin müttəfiqinə çevrilməsi ilə nəticələnmədiyindən qafqazlarda siyasi düzən məhz bu amilə görə dəyişməyəcək. Doğru mülahizə saymadığımız belə yanaşmanı inkar edən ən mühüm arqument İranın Cənubi Qafqaza təkcə zəif neft qaz-rəqabəti prizmasından baxması deyil, Tehranın hər zaman burada qərarlaşmış Qərb kompaniyalarını özünün milli maraqlarına və dövlətçiliyinə təhlükə saymasıdır. Ona görə də güclənən İran Ermənistana və Azərbaycana daha çox nüfuz etməyə çalışacaq. Bu isə növbəti gərginlik mənbələri deməkdir. Dünənə qədər Bakıdan platsdarm istəyən Qərb indi öz maraqlarını burada məhz Tehranın zərbələrindən qorumağa məcbur olacaq. Çünki cini şüşədən özləri buraxıblar. Hakimiyyət məhz bunları nəzərə alıb Nardaranı ”yaşıl inqilab" üçün əlverişli laboratoriya sayanlardan o imkanı alsa da Azərbaycanda dini dairələrin siyasi hakimiyyət uğrunda mübarizədə real qüvvəyə çevrilməsi tam aradan qalxmayıb. Ona görə də Azərbaycana inqilab ixracının qarşısını almaq üçün Qərbin köməyinə ehtiyac duyuruq. Yetərincə praqmatik, lakin həm də dövlətçilik mənafelərinin təminatında iradəli bir xətt yürüdən İlham Əliyevin Qərblə ortaq nöqtələr tapacağına və iqtidarı devrim planları ilə hədələyən mərkəzləri neytrallaşdırcağına əminik".
Cia.az