Zərərçəkmiş tərəf ilkin istintaq dövründən və həkimlərin məsuliyyətə cəlb olunmamasından, eləcə də Cavid Hüseynovun işinin ayrıca icraata götürülməsindən narazı qalıb
Əsabəli Mustafayev: “Aparılan istintaq bizi qane etmədi”
Yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində döyülərək, öldürülən jurnalist Rasim Əliyevin işi üzrə məhkəmə prosesi başlayır. Hakim Eldar İsmayılovun sədrliyi ilə ilkin məhkəmənin hazırlıq iclası saat 15:00-a təyin olunub.
Qeyd edək ki, jurnalisti öldürməkdə 5 nəfər təqsirləndirilir. Bunlardan Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyev isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri üzrə ittiham olunurlar.
Cinayətdə adı keçən “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi ayrı icraata götürülüb. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Futbolçunun işinə Səbayel Rayon Məhkəməsi baxacaq. Prosesin başlama vaxtı məlum deyil.
Zərərçəkmiş tərəfin vəkili Əsabəli Mustafayev musavat.com-a açıqlamasında məhkəmə prosesində baxılacaq məsələlərə toxundu: “Adətən, hazırlıq iclaslarında işə mahiyyəti üzrə baxılmır. İstintaqın gedişində qanun pozuntusuna yol verilib-verilməməsinə, işin təzədən istintaqa qaytarılıb-qaytarılmamasına, işə həmin məhkəmənin baxmasının doğru olub-olmamasına baxılacaq. Yəni belə texniki məsələlər aydınlaşacaq. Vəkillərin vəsatəti olarsa, həbs-qətimkan tədbirinin qüvvədə saxlanılıb-saxlanılmamasına da baxılacaq. Yəqin ki, müdafiə və zərərçəkmiş tərəf müxtəlif məzmunlu vəsatətlər verəcəklər. İşin mahiyyəti üzrə yox, sübutlar, şahidlər, sübutların siyahısı ilə bağlı vəsatətlər ola bilər. Tutaq ki, hər hansı bir sübutun xaric olunması, yaxud əlavə olunması kimi hallar da ola bilər. Bütün bu məsələlər üzrə işə baxılandan sonra işin mahiyyəti üzrə baxılması təyin olunacaq. Bu barədə qərar qəbul olunacaq”.
Vəkil ilkin istintaq dövründən narazı qaldıqlarını dilə gətirdi: “Aparılan istintaq bizi qane etmədi. Zərərçəkmiş tərəfi nəzərdə tuturam. Həmişə demişik, yenə də deyirəm ki, bizi iki amil qane etmir. Əsasən, həkimlər barədə heç bir ittihamın irəli sürülməməsi, onların hərəkətlərinə heç bir hüquqi qiymətin verilməməsi və Cavid Hüseynovun işi üzrə cinayət işinin ayrılması... Bu hallar bizi ciddi narahat edir. Yəqin ki, məhkəmədə bununla bağlı fikirlərimizi bildirəcəyik”.
Xatırladaq ki, R.Əliyev “facebook”da C.Hüseynovla bağlı yazdığı statusa görə avqustun 8-də futbolçuya yaxın şəxslər tərəfindən döyülüb. Jurnalistin döyülmə anı həmin ərazidəki nəzarət kameralarına düşüb.
Dekabrın 22-də yayılan videoda R.Əliyevin döyülməsi anbaan kameranın yaddaşına düşüb. Aldığı xəsarətlərdən R.Əliyev avqustun 9-da gecə saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Cia.az
