Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılmasından sonra onun 11 il rəhbərlik etdiyi nazirlik ətrafında çox ciddi müzakirələr getdi. Mahmudovun postunu itirməsindən 3 aya yaxın vaxt ötməsinə baxmayaraq mövzu aktuallığını itirmir.
Baxmayaraq ki, 17 oktyabrdan sonra ölkədə çox ciddi siyasi-iqtisadi proseslər baş verib. Ortaya ölkənin həyatında mühüm hesab edilən proseslər girdi - 1 noyabrda parlament seçkiləri keçirildi, dekabrın 5-də SOCAR-ın Xəzərdəki platformalarından birində partlayış baş verdi, bu gün də neftçilərimizin bir çoxunun taleyindən xəbər yoxdur, ölkənin əsas internet provayderi olan “Delta” telekomda müəmmalı yanğın oldu. Bununla belə,
MTN mövzusu səngimək bilmir. Ölkənin bir neçə saatlıq internetsiz qalmasında da Eldar Mahmudov çetesinin izinin olduğuna dair şübhələr dolaşdı. Məlum oldu ki, “mahmudovçu”lar “Delta” telekomda xüsusi izləyici avadanlıq yerləşdirib internet üzərindən həyata keçirilən əməliyyatlara nəzarət ediblər. Nəticədə həmin avadanlıq bütün sistemin yanaraq çökməsinə gətirib çıxarıb. Ümumiyyətlə isə aydın oldu ki, ölkə əhəmiyyətli olayların bir çoxunda Eldar Mahmudov və onun çetesinin adı keçir.
10 gün əvvəl hökumətin kəskin devalvasiya qərarı kütləvi narahatlıq və diskomfort yaradıb cəmiyyətin diqqətinin bu mövzu ətrafında cəmlənməsini şərtləndirsə də, yenə də MTN mövzusu səngimir.
Maraqlıdır ki, bundan əvvəlki devalvasiya qərarı verilərkən də Eldar Mahmudovun adı ortaya çıxdı. Onun qudası Cahangir Hacıyevlə əlbir olaraq Beynəlxalq Bank vasitəsilə ölkədən 10-12 milyard dollar vəsait oğurladığı deyildi. Bu ittihamlar bu gün də aktuallığını saxlayır.
KQB xofundan sonra 1991-ci ildə bu təşkilatın bazasında yaradılan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan insanında bir qədər əminlik yaratdı. Yeni yaradılan təşkilatın adında milli sözünün olması, təşkilatın kollektivinin milliləşdirilməsi insanlarda təşkilata bir növ güvən yaratdı.
2004-cü ilə qədər bu vəziyyət davam etdi. Eldar Mahmudovdan əvvəl MTN-ə rəhbərlik etmiş Namiq Abbasovun peşəkarlığı, təşkilatın adının korrupsiya və rüşvətə bulaşmasına qarşı olması, ölkənin həyatında baş verən proseslərə şəxsi maraqlar baxımından müdaxilələrə yol verilməməsi illərlə formalaşan güvənin qorunmasına xidmət etdi. Namiq Abbasovun nazirliyi dövründə MTN təcridxanasında həbsdə saxlanılan şəxslər orada 1 qəpik də olsun rüşvətin alınmadığını deyirdilər. 2004-cü ildə Eldar Mahmudov MTN rəhbərliyinə gətiriləndən sonra təşkilat iş adamlarına, ayrı-ayrı siyasi təşkilatlara, siyasi müxalifətə, jurnalistlərə qarşı mənəvi və fiziki terror maşınına çevrildi. Ötən 2 ay yarım ərzində 11 ildə MTN-də baş verən zorakılıq və qanunsuzluqlar haqda ayrı-ayrı fraqmentlər üzrə iş adamları, sahibkarlar mətbuata danışmağa başladılar.
Bu gün MTN adlı qurum yoxdur. Ləğv olunaraq Dövlət Təhlükəsizlik Xidməti ilə əvəzlənib. Yeni yaradılan qurumun sədri Mədət Quliyevin özü də cəmiyyətdə birmənalı qəbul olunmayan personadır. Amma buna baxmayaraq, inanırıq ki, o, Eldar Mahmudovun etdiyi yanlışlıqları təkrarlamayacaq. Prezidentin etimadını doğruldub gerçəkdən dövlətin, millətin təhlükəsizliyini qoruyacaq.
Məsələnin əsas tərəfi budur ki, Eldar Mahmudovun rəhbərliyi altında olan təşkilatın 11 il ərzində yaratdığı xof aradan qalxacaqmı?
Politoloq Natiq Miri deyir ki, MTN xofunun aradan qalxması üçün bir çox şərtlərin olması vacibdir. N.Miri hesab edir ki, ölkədə çox ciddi islahatların aparılması, idarəetmədə radikal dəyişikliklərə gedilməsi belə bir xofun tamamilə itməsinə, aradan qalxmasına yol aça bilər. Əks təqdirdə, xof itməyəcək, əksinə, daha da kəskin şəkildə özünü büruzə verəcək: “Xof mühiti təkcə MTN-lə bağlı deyil, ümumilikdə sistemin yürütdüyü siyasətin tərkib hissəsidir. Çünki Azərbaycanda idarəetmə əski sovet üsul-idarəsindən o qədər də fərqlənmir. Bu gün Azərbaycanda bərqərar olan üsul-idarə Rusiyada tətbiq olunan üsul-idarə modelinin təkrarıdır. Ona görə də cəmiyyətdə xof mühitinin tamamilə aradan qalxacağına ümid etmək düzgün deyil. Çünki xof mühiti bilərəkdən yaradılır. Belə vəziyyət cəmiyyətin, insanların idarə olunmasını asanlaşdırır. Hazırda ölkədə baş verən bu proses - MTN-in ləğv olunması sistemin xof mühitini ləğv etmək istəyinə bağlı deyil. Ona görə də MTN-in əvəzinə yaradılan yeni qurumun xofu azaldacağına ümid etmək doğru deyil. Bu xofu yalnız demokratik idarəetmə üsulu ilə aradan qaldırmaq olar”.
Cia.az
