|
“Bankların əksəriyyəti bazarı tərk edəcək”
Manatın bir ildə iki dəfə devalvasiyaya uğramasından sonra dollarla krediti olan vətəndaşlar çətin durumdadır. Milli valyutanın 98 faiz ucuzlaşması manatla krediti olanların da krediti ödəməsində çətinlik yaradıb. Ekspertlər vəziyyətdən çıxış yolu kimi vətəndaşların birləşərək bankların qanunsuzluqlarına qarşı birgə mübarizə aparmasının vacibliyini bildirirlər. 
 
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, banklardan güzəşt gözləmək yersizdir: “Manatın devalvasiyasının ikinci dalğasından sonra möcüzə gözləyənlərin sayı çoxalıb. Kimsə dolların ucuzlaşmasını, kimsə qiymətlərin artmayacağını, kimsə bankların əhalinin dollar kreditləri üzrə ciddi güzəştlərə gedəcəyini gözləyir və sair. 
 
Bunların heç biri olmayacaq. Əksinə, böyük ehtimalla, dollar daha da bahalaşacaq, daşınmaz əmlakdan başqa, qiymətlər sürətlə artacaq. Banklar kreditlərin qaytarılmasında daha da qəddarlaşacaq və sair. Banklar indi çox ağır durumdadır, əksəriyyəti iflas həddindədir. Banklar Mərkəzi Bankdan bank nəzarəti sahəsində ciddi güzəştlər və yumşaltmalar tələb edirlər. Mərkəzi Bank da bunu onlara vəd etdi. Mərkəzi Bankın mövcud rəhbərliyinin kommersiya banklarının sahibləri və rəhbərləri ilə uzunmüddətli dostluq, qohumluq və digər münasibətləri var, bir sözlə, onların qarşısında gözükölgəlidir. 
 
Mərkəzi Bank onsuz da fevraldan sonra bank nəzarətini hətta qanunu pozaraq xeyli zəiflədib. Belə çıxır ki, bundan sonra bank nəzarəti heç olmayacaq, banklar istədiyini edəcək. Xatırladıram ki, bank nəzarətinin əsas məqsədi əmanətçilərin vəsaitinin qorunmasıdır. Yəni Mərkəzi Bank banklara ona görə nəzarət edir ki, onlar əmanətçilərin vəsaitini düzgün idarə etsin və batırmasın. Deməli, bundan sonra əmanətlərin batması təhlükəsi daha da artacaq. Onsuz da hazırda da artıq bir sıra bank əmanətləri qaytara bilmir, amma buna baxmayaraq Mərkəzi Bank onlara qarşı heç bir tədbir görmür. İndi görün bundan sonra nələr olacaq. Bir sözlə, əmanətçilər pullarını qorusunlar”.
 

Ekspertin sözlərinə görə, söhbət yalnız dollar kreditlərindən getmir: “Manat krediti olanın da vəziyyəti yaxşı deyil. Ona görə ki, qiymətlərin artması, maaşların isə azalması şəraitində manat kreditini də qaytarmaq müşkül məsələdir. Amma əlbəttə ki, dollar krediti alanların vəziyyəti dəhşətlidir. Onların borcu ötən 10 ay ərzində iki dəfə artıb. Banklar könüllü olaraq onlara heç bir güzəşt etməyəcək. Mərkəzi Bankın müşavirəsi də bunu bir daha təsdiqlədi. Uzaqbaşı müddəti uzadacaqlar və faiz dərəcəsini 1-2 bənd endirəcəklər, nəticədə də borc daha da artacaq. Məgər daha yumşaq olan fevral devalvasiyasından sonra nə isə etdilər ki, son devalvasiyadan sonra da nə isə etsinlər? Heç Konstitusiya Məhkəməsinin may qərarının 6-cı bəndini də icra etmədilər. Əksinə, yeni ildən banklar kreditlərin qaytarılmasında çox sərtləşəcək, qanundankənar metodlara da əl atacaq. Bankların əksəriyyəti bazarı tərk edəcək, bu, artıq aydındır. Məqsədləri ömürlərini mümkün qədər uzatmaqdır. Elə ona görə də Mərkəzi Bankdan güzəştlər tələb edirlər, möhlət istəyirlər. Bu möhlətdən istifadə edərək kreditləri qaytarmağa cəhd edəcəklər. Əsasən girovla təmin edilmiş kreditləri girovu satmaq, yaxud mənimsəmək yolu ilə qaytarmaq istəyəcəklər. Bununla bank sahibləri və rəhbərləri özlərinin və yaxınlarının pullarını bankdan çıxarmaq, imkan olduqda isə əlavə gəlir götürmək istəyirlər. Bir sözlə, başda Mərkəzi Bank rəhbərliyi olmaqla, bankların cari məqsədi mümkün qədər var-dövlət əldə edərək aradan çıxmaq və bank sistemini çökdürməkdir”. 

Ə.Həsənov hesab edir ki, təcili Mərkəzi Bankın rəhbərliyi dəyişdirilməlidir: “Yeni rəhbərliyin qarşısındakı bir nömrəli vəzifə sistemdə yalnız nisbətən sağlam bankların qalmasıdır, əksər banklar isə bağlanmalıdır. Bu nə qədər tez olsa, bir o qədər ağrısız olacaq. Əks halda, sonra bizi fəlakət gözləyə bilər. Mərkəzi Bank üzərində hökumət və ictimai nəzarət olmalıdır. Mərkəzi Bank yeganə dövlət qurumudur ki, onun fəaliyyətini Hesablama Palatası yoxlamır. Təsəvvür edin, orada bunun nəticəsində nə qədər qanunsuzluq var. Buna görə də Hesablama Palatası Mərkəzi Bankı daimi əsaslarla yoxlamalıdır”.

Ekspert qeyd edib ki, banka borcu olanlar birləşməlidir: “Birgə olaraq mövcud qanunvericilik çərçivəsində banklarla mübarizə aparmalıdırlar. Qanunvericiliyimiz buna imkan verir. Banklar tələsir. Deməli, onları ləngitmək lazımdır ki, məkrli planları baş tutmasın. Bankların hazırda çoxsaylı və uzunmüddətli məhkəmə proseslərini aparmağa resursu yoxdur. Buna görə də vətəndaşlarımız birləşərək məhkəmə proseslərinə başlamalıdır”.
Cia.az