Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov haqqında səsləndirdiyi fikirlər ətrafında müzakirə hələ də bitmək bilmir. Q.Həsənquliyevin Milli Məclisin 29 dekabr tarixli iclasında verdiyi sensasion açıqlamalar, Elman Rüstəmovun “AXC-nin uğursuz kadrı” olması fikri elə AXC hökumətinin sabiq rəhbərliyi tərəfindən də etirazla qarşılandı. AXC hökumətinin baş naziri Pənah Hüseyn onun sonrakı dövrdə vəzifəyə gətirildiyini bildirdi.
Bəs, görəsən əslində Elman Rüstəmovun Mərkəzi Bankın rəhbərliyinə qədər gəldiyi yol haradan keçib? O, AXC-nin kadrı olubmu? Onu Mərkəzi Banka vəzifəyə kim gətirib?
Musavat.com-a danışan Azərbaycan Mərkəzi Bankının (AMB) sabiq sədri Cavanşir Abdullayev isə Elman Rüstəmovu Mərkəzi Banka məsləhətçi qismində özünün dəvət etdiyini bildirdi: “Elman Rüstəmov çox böyük iqtisadçıdır, peşəkardır. O vaxt o, Prezident Aparatında işləyirdi. Mən Mərkəzi Bankın rəhbəri təyin olunanda, mənim tərəfimdən məsləhətçi, makroiqtisadçı kimi dəvət olundu. Burada hansısa siyasi detallar axtarmaq doğru deyil. Çox güclü mütəxəssisdir”.
Hazırki iqtisadi duruma və manatın devalvasiyası məsələsinə gəlincə, Cavanşir Abdullayev bu haqda heç bir açıqlama vermək istəmədiyini bildirdi: “Bütövlükdə bank iqtisadiyyatın güzgüsüdür. Bank sektorunda nə baş verirsə, deməli, iqtisadiyyatda da baş verir. Bu barədə başqa heç nə danışmaq və şərh vermək istəmirəm. Elman Rüstəmov çox güclü mütəxəssis, makroiqtisadiyyatı bilən bir şəxs kimi mənim tərəfimdən dəvət olunub. Bu gün də makroiqtisadiyyatı onun kimi bilən mütəxəssis çox azdır”.
Cia.az
