|
İlin ən mühüm top-10 hadisəsi - nələr oldu, nələr yaşadıq...
2015-cü il tarixə qovuşur. Bu il istər Azərbaycanın daxilində, istərsə də onun ətrafında yaşanan bir sıra taleyüklü, eyni zamanda kifayət qədər ziddiyyətli və təhlükəli olaylarla yadda qaldı. Yaşanan irili-xırdalı bu olayların hamısı Azərbaycan ictimai rəyində, ictimai-siyasi proseslərin axarında özünəməxsus izlər buraxdı.
Azərbaycana İŞİD terroru təhlükəsi, Rusiya və Qərb arasında hakimiyyətin yayınmağa çalışdığı strateji seçim məsələsi ötən il də öz aktuallığını saxladı və Ankara-Moskva münasibətlərində yaranan böhranla əlavə mürəkkəblik qazandı, ölkə üçün strateji seçim yükü daha da ağırlaşmış oldu. 
 
2015-ci ildə həmçinin milli valyutamız olan manat uzun illərin sabitlik zolağından çıxaraq, ABŞ dolları qarşısında ciddi dəyər itkisinə məruz qaldı, kəskin ucuzlaşdı. Lakin qeyd eləməyə dəyər ki, bölgədə və dünyada baş vermiş iqtisadi-sosial, siyasi xarakterli təlatümlərə, regionda və dünyada artan terror risklərinə rəğmən, 2015-ci il ümumən Azərbaycan üçün sakit, stabil axarda keçdi, ciddi daxili kataklizmlər qeydə alınmadı. Hərgah, bu il xalqımız daha çox sayda faciəvi hadisələr yaşadı, sıxıntı-şok keçirdi. 

Erməni işğalı altında olan ərazilərimizin bir qarışı belə azad edilməsə də, hər halda, ölkə və xalq üçün ilin təsəlliverici əsas yekunu sabitliyin qorunub saxlanması sayıla bilər. Hərçənd yaşanan olayların bəzilərinin siyasi-iqtisadi əks-sədası böyük ehtimalla, 2016-cı ildə eşidiləcək.      
 
İlin ən əhəmiyyətli hadisələri sırasında elələri oldu ki, onları hakimiyyətin, ümumən cəmiyyətin və ölkənin nəfinə yazmaq olar. Amma aralarında elələri də var ki, hakimiyyətlə bahəm, bütövlükdə dövlətin nüfuzuna xələl gətirdi, hakim qüvvənin nüfuzuna zərbə vurdu. Hərtərəfli analizdən sonra biz seçimimizi ilin 10 ən mühüm hadisəsi üzərində saxladıq. Onları xronoloji ardıcıllıqla diqqətə çatdırırıq:
 
Manatın ilk kəskin devalvasiyası 

 
İl başlar-başlamaz, fevralın 21-də ölkə əhalisi manatın qəfil və birdən-birə 33%-lik ucuzlaşmasının şokunu yaşadı. Xalq ilk dəfə olaraq, neftlə bağlı “Holland sindromu”nu öz üzərində hiss etməyə başladı - xüsusən də aşağı və orta təbəqə. Bütövlükdə isə cəmiyyət 21 fevral olayını “Neft cənnəti” haqda nağılların bitməsi kimi qəbul elədi. 
 
Ən önəmlisi, bu hadisə manatın deyildiyi qədər dönərli olmadığını, iqtisadiyyatımızın güclü əsaslar üzərində qurulmadığını, təcili və dərin iqtisadi islahatlara başlamağın zamanının çatdığını ortaya qoydu. Əfsus ki, yeni imperativ “yuxarılar”da yetərincə ciddiyə alınmadı.    
 
16 mərtəbəli yaşayış binasında yanğın  
 
 
Mayın 19-da isə ölkə əhalisi Bakının Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasının alışıb yanmasının şokunu yaşadı. Binanın penoplast adlanan üzlüyünün naməlum səbəbdən alışması nəticəsində 5-i körpə olmaqla, 16 günahsız insan həyatını itirdi, onlarla sakin xəsarət aldı.
 
Hadisəyə görə həbslər aparılsa da istintaq ictimai gözləntilərə rəğmən, indiyədək yekunlaşmayıb, faciənin səbəbləri və günahkarları elan olunmayıb. Bu da bir daha bənzər faciələrin yaşanmayacağına olan ümidi azaldır, cəmiyyətdə haqlı narahatlıq yaradır. 
Xilasetmə işlərinin yüksək səviyyədə olmasına baxmayaraq, bütün hallarda dəhşətli yanğın və onun nəticələri cəmiyyəti silkələdi, onun ölkədəki mövcud idarəçilik sisteminə inamını daha da sarsıtdı. Ölkədəki korrupsiya-rüşvət sisteminin, hüquqi dərəbəyliyin, təsərrüfatsızlığın cəmiyyət həyatının bütün sahələrində nə dərəcədə təhlükə mənbəyi olduğunu üzə çıxardı.
     
I Avropa Oyunları 

 
12-28 iyun 2015-ci il tarixdə Bakıda ilk dəfə olaraq və yüksək təşkilatçılıqla I Avropa Oyunları keçirildi. Ermənilərin də bu idman tədbirində iştirakının təmin olunması Azərbaycanın idman və beynəlxalq imicinə işlədi, haqqımızda müasir, tolerant dövlət və tolerant xalq rəyini möhkəmlətdi. 
 
Gözlənildiyi kimi, Avropa Oyunları beynəlxalq diqqəti həm də Azərbaycanda təməl insan haqlarının durumuna yönəltdi. Bundan dolayı rəsmi Bakı ilə Qərb və onun mötəbər strukturları arasında xoşagəlməz gərginlik yarandı, Avropa Birliyi ölkələri oyunların açılış mərasimini faktiki, boykot elədi.
 
Ümumilikdə bu idman olayı Azərbaycanın bir dövlət olaraq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə layiq dövlət olması rəyini möhkəmlətdi. Sərt tənqidlərə rəğmən, ölkə və onun xalqı haqqında dünyadakı rəy müsbətə doğru gücləndi.

Parlament seçkiləri - itirilmiş daha bir şans  

 
1 noyabr 2015-ci ildə ölkədə növbəti parlament seçkiləri keçirildi. Ancaq elektoratın azad və ədalətli seçkilərə total inamsızlığı nəticəsində bu seçkilər də ölkənin, toplumun tarixində, insanların həyatında mühüm siyasi hadisəyə çevrilmədi. Seçkilərdə ən aşağı seçici fəallığı buna sübut idi. 
 
Bu üzdən seçkilər təbii ki, cəmiyyətdə konsolidasiya meyllərinin güclənməsinə və plüralistik cəmiyyətin inkişafına yeni hər hansı təkan verə bilmədi. 10 noyabr parlament seçkiləri xalqın iradəsini ifadə eləməməklə yanaşı, ölkədə legitim hakimiyyət strukturlarının, o sırada legitim qanunverici orqanın formalaşdırılması yönündə itirilmiş növbəti şans kim tarixə düşdü.
ATƏT və AŞ PA ilk dəfə olaraq Azərbaycanda belə böyük seçkini - parlament seçkilərini izləmək üçün müşahidəçi göndərmədi, seçkiləri, faktiki, boykot elədi. Yeni parlament isə əvvəlki kimi siyasi müxalifətsiz formalaşdı. Bununla da gələcək siyasi polemikaları küçələrdən parlament divarları arasına keçirmək şansı əldən buraxıldı.     
 
İki nazirin qovulması, generalların qalmaqallı həbsi, MTN-in ləğvi...

 
Yekunlaşmaqda olan il habelə, üç güc strukturundan biri və birincisi olan MTN-də hay-küylü işdən qovulmalar və şok effektli həbslərlə yadda qaldı. Öncə nazir Eldar Mahmudov işdən çıxarıldı. Az sonra başlanan istintaqın gedişində həbslər dalğası digər nazirliklərə və idarələrə keçdi, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da vəzifəsi ilə vidalaşmalı oldu.    
Keçmiş MTN-in yüksək çinli zabitləri, generalları da daxil, onlarla əməkdaşı həbsə atıldı. İşlə bağlı həbs edilənlər arasında Beynəlxalq Bankın sabiq rəhbəri, Eldar Mahmudovun qudası Cahangir Hacıyev və başqa yüksək çinli şəxslər də var. Azərbaycanın 24 illik müstəqillik tarixində bu, ilk hay-küylü  hadisədir ki, birdən-birə bu qədər sayda yüksək çinli əməkdaş, general - olduqca böyük və qorxulu bir cinayətkar şəbəkənin üzvləri həbsə salınır.        
Motiv tükürpədici idi: dövlətin və millətin təhlükəsizliyi ilə məşğul olmalı olan qurum - MTN dövlətə ən böyük təhlükə mənbəyi imiş. MTN haqlı olaraq ləğv edildi və onun yerinə iki qurum - Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidməti (XKX) yaradıldı. Ancaq MTN olayları ölkənin imicini də zədələdi - Azərbaycanda korrupsiyanın, qanunsuzluğun dövlət aparatında dərin kök salması, cəzasızlıq mühitinin güclü, ictimai şəffaflığın isə zəif olması haqda beynəlxalq rəy gücləndi.
 
“MNT işi” hələ yekunlaşmayıb. Onun real nəticələri və bu nəticələrin miqyasını, ölkə ictimai-siyasi həyatına vəd elədiyi təsirləri yəqin ki, gələn il biləcəyik. “MTN işi”nin yetərincə qalmaqallı proses olacağını isə nazirliyin antiterror idarəsinin rəisi İlqar Əliyevin təcridxanada müəmmalı intiharından da görmək olar...    
    
Qanlı Nardaran hadisələri 

 
Noyabrın 26-sı da 2015-ci ilin yaddaşına ən faciəvi olaylardan biri kimi düşdü. İkisi polis əməkdaşı olmaqla, 6 nəfərin ölümü ilə nəticələnən qanlı Nardaran hadisəsi ilin ən faciəvi hadisələrindən biri kimi yaddaşlarda qaldı.
 
Baş verənlərin motivinə münasibətdə fərqli fikirlər və rəylər olsa da, hadisələrdə “İran barmağı” izlənsə də, güc strukturlarının peşəkarlıq problemi vurğulansa da,  toplumun əksəriyyəti hadisələrdə dövlətin və dövlətçiliyin yanında durdu, hökumətin dövlətçiliyin bərqərar edilməsinə, onun dayaqlarının sarsılmasını önləməyə yönəlik addımlarnı anlaşıqla qarşıladı. 
 
Lakin Nardaran hadisəsi bu cür olayların bir daha təkrarlanmaması üçün dövlətin və onun aidiyyəti qurumlarının, həmçinin dini təsisatların və cəmiyyətin üzərinə yeni öhdəliklər də qoydu. İslam dininin sağlam təbliği probleminin zəruriliyini gündəmə gətirdi.       
 
“Günəşli” yatağının platformasında yanğın 

 
4 dekabr 2015-ci ildə Xəzər dənizindəki “Günəşli” neft-qaz yatağının 10 saylı platformasında baş vermiş yanğın nəticəsində 8 neftçi həlak oldu, 22-si isə hələ də itkin düşmüş sayılır. Hərçənd onların sağ qalmasına inam artıq tükənib.   
Azərbaycanın müasir neft-qaz sənayesi tarixində baş verən bu ilk böyük faciə cəmiyyəti daha çox sarsıtdı. Ölkədə uzun illərdən sonra ilk dəfə matəm elan edildi.
Manatın 2-ci devalvasiyası, “üzən məzənnə”, ilin ən zəif valyutası
Neft kəskin şəkildə ucuzlaşması dekabrın 21-də manatın növbəti kəskin devalvasiyasına səbəb oldu. Bu dəfə o, daha 48% ABŞ dolları qarşısında dəyər itirərək 1 ABŞ dolları - 1.55 manat nisbətində qərarlaşdı. Mərkəzi Bank ilk dəfə manatın kursunun “üzən məzənə”yə keçdiyini elan elədi. Ölkədə Yeni il ərəfəsi mal və xidmətlər kəskin şəkildə bahalaşdı.    
Əcnəbi iqtisadi ekspertlər manatı postsovet məkanında bu il ən çox dəyər itirən (98%), ən zəif valyuta kimi qiymətləndirdilər. Bir daha qənaət hasil oldu ki, Azərbaycanda qeyri-neft sektoru bəyan edildiyinin əksinə olaraq inkişaf etdirilməyib, iqtisadiyyat, manat neft dollarından güclü şəkildə asılı qalmaqda davam edir. 
 
Bu hadisə ölkədə həqiqi islahatçı komandanın iş başına gəlməsinin vacibliyini bütün ciddiliyi və çılpaqlığı ilə ortaya qoydu. Əfsus ki, hakimiyyətin 2-ci devalvasiyaya reaksiyası əvvəlkindən fərqlənmədi. Demək, manatın daha ağır duruma düşəcəyi istisna edilmir.  
  
İki tanınmış siyasi məhbus azadlıqda 

 
Leyla və Arif Yunusların ev dustaqlığına buraxılması da ilin yadda qalan olaylarından hesab oluna bilər. Əfsus ki, il sonu prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə bunun davamı gəlmədi. Qərbin, beynəlxalq insan haqları təşkilatlarının həllini gözlədiyi siyasi dustaq problemi aradan götürülmədi. Üstəlik, problem təzə siyasi həbslərlə və daha kəskin şəkildə yeni ilə adladı. Böyük ehtimalla, bu məsələ 2016-cı ildə Bakı-Qərb münasibətlərinin xarakterini müəyyən edəcək bir-iki amildən biri olacaq. 
 
“Anti-Amerika kampaniyası” və qarşılıqlı sanksiya hədələri

 
Yeri gəlmişkən, Bakı-Qərb münasibətlərində irili-xırdalı kolliziyalar, söz savaşı və qarşılıqlı sanksiya hədələri bu il də davam etdi. Baş verənlərdə obyektiv amillərlə yanaşı, beynəlxalq erməni lobbisinin ölkəmizə qarşı təxribatçı barmağı da aydın göründü. 
 
Bununla belə, yaşanan gərginlik ölkənin xarici strateji siyasət oriyentirlərinin dəyişməsinə və rəsmi Bakının balansı ciddi şəkildə Rusiyanın xeyrinə pozmasına gətirmədi. Gərgin ritorika 2016-ya keçir...

P.S. Azərbaycan və Ermənistan prezidentləri arasında dekabrın 19-da reallaşan Bern görüşü, Azərbaycana bir çox istiqamət üzrə mühüm təsirlər vəd edən Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi də ilin mühüm hadisələri sırasına aid edilə bilər.    
Cia.az