|
Ankarada Türklük simpoziumunda aktual müzakirələr
Dekabrın 28-də Türkiyənin paytaxtında “Çağdaş Türklük Araştırmaları Sempozyumu-2015” öz işinə başladı. Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsinin Farabi salonunda baş tutan tədbirə Türkiyənin nüfuzlu elm adamları, tədqiqatçılar, türkçü araşdırmaçı alimlər qatılmışdı. 
 
Tədbirin ilk günündə professor Sönmez Kutlu “Türklərdə din anlayışının əxlaqı yönü”, professor İbrahim Maraş “Çağdaş İslam düşüncəsi nöqteyi-nəzərindən türk-tatar cədidçiliyi”, doktor Heydər Bayat “İslami təhsil tarixində Qum və Qumda dini təhsil sistemi”, professor Hasan Onat “Günümüzdə islam və siyasət”, professor Durmuş Arık “Günümüzdə türk dünyasında din ətrafında formalaşan məsələlər” başlıqlı çıxışlar etdilər. 
Bundan başqa, günortadan sonra araşdırmaçıların türk coğrafiyasında milli oyanış, təhsil və sair mövzularda çıxışlar oldu. Azərbaycanın İrandakı sabiq səfiri, tarixçi alim, hazırda Türkiyədə tədris fəaliyyəti ilə məşğul olan professor Nəsib Nəsibli “Azərbaycan Cümhuriyyəti və Avrasiya Birliyi” adlı çıxış etdi. 
 
Əvvəlcə Azərbaycanın geoplitik durumu haqda arayış verdi, ölkə ərazisinin 20 faizinin Ermənistan, dolayısı ilə Rusiya işğalı altında olduğunu, eyni zamanda Rusiya və İran kimi ölkələrin ortasında yerləşdiyini, bu səbəblərdən də güclü müttəfiq olmasına ehtiyacının olduğunu qeyd etdi. Azərbaycanda Qərbə inteqrasiya kursu çağırışlarının olduğunu qeyd edən N.Nəsbiliyə görə, hazırkı durumda Azərbaycanın bu Qərb blokuna üzvlüyü real görünmür. İkinci olaraq Azərbaycanda siyasi islamın güclənməsinin Azərbaycanı İran yanlı bir dövlətə çevirə biləcəyini qeyd edən N.Nəsibliyə görə, bu variant da uyğun görünmür. Üçüncü alternativ isə Rusiyanın mərkəzində dayandığı Avrasiya Birliyi ideyasıdır. 
N.Nəsibliyə görə, siyasi-coğrafi və tarixi anlamda Avrasiya Avropa və Asiya qitələrinin briləşdiyi coğrafiyadır. Yaxud da başqa əski adı ilə “Qıpçaq Çölü”, “Turan çökəyidir”. Daha sonra çıxışında Avrasiyaçılıq ideologiyasının yaranması, formalaşması, ötən əsrin 20-30-cu illərindən başlayan rus fikir adamları arasında yayılan Slavyançılığın davamı kimi ortaya çıxan bir cərəyan olaraq yayılmasından bəhs etdi. N.Nəsibliyə görə, hər nə qədər avrasiyaçılıq ideyasının əsas fikir adamlarında türk, Turan elementine yer verilsə də, avrasiyaçılıq bir rus millətçi ideologiyasının təsiri altındadır. Sitat: “Rus avrasiyaçılığı tarixi keçmişi ümumilikdə düzgün qəbul etmir. Misal üçün Sibirin, Orta Asiyanın, Qafqazın “mənimsənilməsinin” (işğalı deyil) rusların təbii haqqı sayır. 
 
Yeri gəlmişkən. Türkolojidə bu sualların cavabı hələ də verilməyib. Nədən Xəzər xaqanlığı, Qızıl Orda, Krım xanlığı məğlub oldu? Nəyə görə bir zamanlar 5-6 milyon əhali sayı ilə bölgədə rus və tatarlar arasında say bərabərliyi olsa da, Krım xanlığı bölgənin ən güclü dövləti ola-ola, ruslara məğlub oldu? Hansı səbəbdən hazırda Rusiya Federasiyasında tatarların sayı 5 milyon nəfər olduğu halda, rusların sayı 130 milyon nəfərdir və dünyanın ən tanınan güclərindən birinə çevriliblər?” 
 
Daha sonra çıxışında rusların assimilyasiya siyasəti, xüsusən də türk xalqlarının əzməsi, milli və etnik kimliyindən ayırması siyasətindən bəhs etdi. Eyni zamanda hazırda Rusiyanın qurmağa çalışdığı Avrasiya İqtisadi Birliyinin yaranması və formalaşması sürəci haqda məlumat verdi. Eyni zamanda Azərbaycanın da Avrasiya Birliyinə üzvlüklə bağlı müsbət siqnalların gəldiyini qeyd edən tarixçi alim daha sonra Azərbaycan-Ruisya əlaqələrinin tarixinə ekskurs edərək bu dönəmdə baş verən mühüm hadisələri qeyd etdi. Azərbaycan ərazilərinin 19-cu əsrin əvvəllərində işğalı, ərazilərimizdə ermənilərin yerləşdirilməsi, eyni zamanda 1920-ci ildə Azərbaycanın yenudən işğal edilməsi, işğaldan sonra uzun zaman ərzində qətliamların həyata keçirilməsi, neftin amansızcasına istismar olunması və sair kimi müstəmləkəçi siyasətin nəticəsində Azərbaycanda xalqdan ayrı düşmüş, rus mədəniyyətinə bağlı, Rusiya orbitindən qopmağı Azərbaycan üçün fəlakət bilən talançı, oğru, kosmopolit, eqoist bir siyasi elitanın formalaşması və eyni zamanda keçmişini doğru-düzgün anlamayan, gələcəyi ilə bağlı əsaslı bir görüşü olmayan xalq yarandı. 
 
Son olaraq tarixçi-alim yalnız Türkiyə deyil, bütövlükdə türk respublikalarının birgə Türk dövlətlər Birliyinin qurulmasını, belə bir birlik qurularsa, hətta Avrasiya Biriliyinə üzvlüyün belə təhlükəli omayacağını bildirdi. 
Cia.az