|
Manatın taleyi bundan sonra necə olacaq? -
Bu günlərdə həm medianın, həm də sadə insanların gündəmində əsas mövzu manatın məzənnəsinin taleyi ilə bağlıdır. Əhali arasında manatın yenidən bahalaşacağı və 1 dolların 2 manata bərabər olacağı ilə bağlı panika var. Məhz bu şayiələr insanları valyutadəyişmə məntəqələrinə axın etməyə, əllərində olan ən kiçik məbləği də dollara dəyişməyə vadar edir. Təəssüf ki, bu panikanın aradan qaldırılması üçün də heç bir rəsmi açıqlama verilmir. Bu prosesin özü, yəni valyuta bazarında dollara tələbatın artması manata təzyiqləri gücləndirir. Bəs, indiki halda manatın taleyini nə gözləyir? “1 dollar 2 manat olacaq” panikasının əsası varmı?
“Yeni Müsavat”ın suallarını cavablandıran ekspertlər bu haqda konkret proqnoz verməkdə çətinlik çəkdiklərini bildirdilər. 
 
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, üzən məzənnə siyasətinə uyğun olaraq, hazırda manatın tədricən yumşalma prosesi gedir: “Əslində bu proses tədricən getməkdədir. Valyutadəyişmə məntəqələrinin heç birində 1.5 məzənnə ilə alqı-satqı həyata keçirilmir. Valyuta bazarında dollar 1.61, 1.63, hətta 1.69 manata satılır. Üzən məzənnə prinsipinə uyğun olaraq, Mərkəzi Bank da bu prosesə nəzarət etməyəcək və banklar da, valyuta dəyişmə məntəqələri də müstəqil şəkildə məzənnəni müəyyən edə biləcəklər. Yəni, artıq proses gedir. Bunun adına yumşaq devalvasiya da demək olar, üçüncü devalvasiya dövrü də demək olar. Bu prosesin harada dayanacağı bilinmir. Artıq rəsmi məzənnədən xeyli fərqli satış və alış qiymətləri müşahidə edirik. Son rəqəmlər onu göstərir ki. 1.70 -ə qədər də satış qiyməti var. 
 
Mərkəzi bank da hər gün manatın rəsmi məzənnəsinin aşağı düşməsi haqqında açıqlamalar verir. Hər gün manat 0,14 - 0, 2 faizə qədər ucuzlaşır”. 
 
Ekspert başqa bir maraqlı bir məqama toxunaraq qeyd etdi ki, Mərkəzi Bank üzən məzənnəyə keçid etsə də, elan etdiyi kimi ikili valyuta səbətinə keçidi həyata keçirmədi: “İkili səbətə keçidlə bağlı verilən informasiya özünü doğrultmadı. İkili səbət prinsipi o idi ki, manat dollara qarşı ucuzlaşanda avroya qarşı bahalaşmalı idi. Yəni, bir valyutaya qarşı dəyər itirəndə, digər valyutaya qarşı güclənməli idi. Lakin manat ikinci devalvasiyadan sonra hər gün həm dollara, həm də avroya qarşı zəifləyir. Hər iki məzənnə manata qarşı güclənir. Yəni Azərbaycanda ikili səbət prinsipinə də əməl olunmur və Mərkəzi Bankın bu prinsipi də həyata keçirməyə gücü çatmır. Artıq bu onların açıqlamasına və izahına bağlıdır. Yəni nə ikili valyuta səbəti, nə də üzən məzənnə alınmadı. Yenə də gündəlik olaraq Mərkəzi Bank rəsmi məzənnəni elan edir. Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycanda üzən məzənnəyə keçid üçün imkan yoxdur, iqtisadi-institutsional dəyişikliklərə ehtiyac var ki, normal şəkildə üzən məzənnəyə keçək. Ona görə də, üzən məzənnə prinsipinə də əməl olunmur. Mərkəzi Bank yenə də inzibati qaydada məzənnəni elan edir. Lakin banklar və valyutadəyişmə məntəqələri istədikləri qiyməti təyin edərək alqı-satqı əməliyyatlarını həyata keçirirlər. Devalvasiya prosesi artıq gedir, addım-addım da olsa manat üçüncü devalvasiyaya yaxınlaşır”. 
 
İqtisadçı ekspert Azər Mehtiyev isə bildirdi ki, devalvasiya hökumətin qərarı ilə baş verən bir proses olduğu üçün manatın taleyi ilə bağlı dəqiq fikir demək mümkün deyil: “Devalvasiya ilə bağlı qərarı Mərkəzi Bank verir. Digər tərəfdən hökumətin nə zaman hansı qərarı verəcəyini proqnozlaşdırmaq mümkün deyil,  siyasət açıq deyil, qapalı siyasət həyata keçirilir. Rəsmilərin açıqlamalarına baxanda insanda elə təəssürat formalaşır ki, sanki Azərbaycanda heç bir böhran yoxdur. Sadəcə olaraq dünyada bir böhran var və Azərbaycanda baş verən proseslər onun təsiri ilə baş verir. Manatın taleyini həll edən ölkə iqtisadiyyatının durumudur. Bu durumda böhran açıq-aydın görünür.  
Bundan sonra proseslərin necə gedəcəyi haqqında proqnoz vermək çətindir. Diqqət edirsinizsə, son zamanlar valyuta bazarında panikanın yaranmasında günahkar Mərkəzi Bankdır. Ona görə ki, Mərkəzi Bank valyutadəyişmə məntəqələrinə şənbə və bazar günləri işləməyi qadağan edib. İnsanlar əvvəllər hər gün gedib valyuta dəyişmək imkanına malik idisə, indi şənbə və bazar günləri heç bir valyutadəyişmə məntəqəsi işləmir. İkincisi, son günlər banklarda, valyutadəyişmə məntəqələrində yetərincə dolların olmaması və ya satılmaması insanlar arasında gərginlik yaradır. İstər-istəməz bu “qara bazarı”n yenidən canlanmasına gətirib çıxarır. Çünki sahibkarlar gündəlik fəaliyyətlərini dollarla həyata keçirir və gündəlik olaraq dollara tələbat var”.
 
Ekspert vurğuladı ki, banklar və valyutadəyişmə məntəqələri bu ehtiyacı ödəmirsə, insanlar “qara bazara” üz tutmağa məcbur olacaq: “Bu da “qara bazarda” dolların bahalaşmasını qaçılmaz edir. Bunun qarşısını almaq üçün hökumət heç bir iş görmür. Yəni banklardan dollar almaq mümkün olmadıqda, təbii ki, “qara bazar” formalaşır və bu bazarda da kurs yüksək olur. 
 
Bu baxımdan ilk dəfədir ki, hökumət bu panikanın qarşısını almaq üçün heç bir addım atmır. İnsanlarda belə təsəvvür var ki, əgər dollar satılmırsa, deməli, vəziyyət ağırdır və yenə də devalvasiya olacaq. 
 
Növbəti devalvasiyanın olub-olmayacağını demək çətindir. Lakin bilinən odur ki, hökumət manatın indiki məzənnəsini qoruyub saxlaya bilməyəcək və manatın dəyərsizləşməsi prosesi davam edəcək. Ancaq  bunun hansı formada davam edəcəyi hökumətin atacağı addımlardan asılıdır”. 
Cia.az