Ötən həftə Rusiyanın və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu ilə Seyran Ohanyanın Rusiya və Ermənistanın hava hücumundan müdafiə sistemlərinin birləşdirilməsi haqqında müqavilə imzalaması təkcə Türkiyəyə yox, həm də Azərbaycana yönəlmiş təhdiddir. Azərbaycanın və Türkiyənin əksər ekspertləri bu fikirdədir.
Moskvada baş tutan Rusiya və Ermənistan müdafiə nazirləri arasında ikitərəfli görüşdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi-texniki yardım məsələsi də müzakirə olunub. Bir sıra müşahidəçilər şübhə etmir ki, 90-cı illərin əvvəllərində SSRİ-nin 366-cı motoatıcı alayının oynadığı funksiyanı Qarabağ məsələsi ilə bağlı yarana biləcək hər hansı fors-major situasiyalarda 102-ci hərbi baza oynaya bilər. Moskva ilə Ankara arasında gərginliyin yaranmasından dərhal sonra Rusiyanın bu bazadakı şəxsi heyətin və hərbi texnikanın sayını iki dəfə artırması, üstəlik, Ermənistana yeni hərbi vertolyotlar göndərməsi, ardınca işğalçı ölkənin hava məkanını rəsmən nəzarətə götürməsi Azərbaycana qarşı güc nümayişi kimi də şərh olunur. Təsadüfi deyil ki, məhz belə bir situasiyada Ermənistan bütün cəbhə boyu aktivləşib və təxribatların sayı artıb.
Belə olan təqdirdə Azərbaycanın çıxış yolu kimi Türkiyə ilə hərbi əməkdaşlığını daha da sıxlaşdırması, hətta qardaş ölkə ilə hava məkanını birgə müdafiə barədə analoji saziş imzalaması çıxış yollarından biri kimi görünür. Xatırladaq ki, vaxtilə İran təyyarələri Azərbaycanın hava məkanını pozanda “Türk şahinləri” Azərbaycanda uçuşlar həyata keçirmiş və dost-düşmənə mesaj vermişdilər. Düzdür, Bakı və Ankaranın hərbi sahədə də əməkdaşlığı xüsusilə son illərdə xeyli genişlənib. Lakin göründüyü kimi, Ermənistan artıq “rus çətiri”nin altına keçib və bu, alternativ addımları zəruri edir.
Düzdür, “TurAz Şahini-2015"-lə bağlı prezidentin imzaladığı fərman da var və bu, regiona iddialı olan qüvvələrə xəbərdarlıq sayılır. Lakin hesab olunur ki, Rusiyanın həm Xəzərdə, həm də Ermənistan tərəfdə hərbi mövqelərini möhkəmləndirməsi Azərbaycanı da müəyyən qərarlar verməyə vadar edir. Unutmayaq ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Qarabağ münaqişəsinin tənzimlənməsində tərəfsiz olmağı öhdəlik olaraq üzərinə götürüb. Ancaq Ermənistanla 40 illik hərbi müqavilənin ardınca işğalçının hava məkanına nəzarəti də əlinə keçirdi.
Konfliktoloq Elxan Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın hava məkanının Rusiya tərəfindən nəzarətə alınması erməni tərəfinə güc və əminlik verir: “Bu razılaşma hərbi əməliyyatlara nəzəri baxımdan yanaşsaq, Azərbaycan aviasiyasının Ermənistanla sərhəd boyu və eləcə də Dağlıq Qarabağ daxilində hərəkətlərini məhdudlaşdıracaq. Ərazi bir-birinin içinə girdiyindən sabah təyyarənin neçə kilometr dövlət sərhədini keçdiyini və ya keçmək üzrə olduğunu müəyyən etmək çox çətin olacaq. Çünki təyyarə vurulduqdan sonra bu hesablamaların aparılmasının da bir xeyri yoxdur. Digər tərəfdən, erməni tərəfi S-300 sistemlərini Qafan və Gorus əraziləri arasında yerləşdiriblər. Bununla da onlar Azərbaycanın işğal edilmiş ərazilərini nəzarətə götürmək və bu ərazilər üzərində uçan təyyarələri vurmaq məqsədi güdürlər. Müharibə zamanı isə təyyarənin Ermənistan və ya Dağlıq Qarabağ separatçıları tərəfdən vurulduğunu sübut etməyə çalışmaq heç nəyi həll etmir. Bu baxımdan birgə Rusiya-Ermənistan hava hücumundan müdafiə sistemi Rusiya rəhbərliyinin siyasi qərarından asılı olaraq hərəkət edəcək”. Azərbaycanın Türkiyə ilə analoji sistemləri qurmaq şansına gəldikdə, E.Mehdiyev bunu real saymır: “İndiki Rusiya-Türkiyə hərbi-siyasi qarşıdurması kontekstində Azərbaycan bu cür riskə getməz”.
Politoloq Şahin Cəfərli də Moskva-İrəvan razılaşmasını yenilik saymır: “Rusiya ilə Ermənistan arasında birləşmiş regional hava hücumundan müdafiə sisteminin yaradılması formal olaraq iki ölkə arasında uzun illər mövcud olan müttəfiqlik münasibətlərini daha da möhkəmləndirən addımdır. Lakin mahiyyət etibarilə yeni bir şey baş vermir, Rusiya onsuz da həm ikitərəfli, həm də çoxtərəfli əsasda Ermənistanın müdafiəsini öz üzərinə götürmüşdü. 1997-ci ildə imzalanmış ”Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım" müqaviləsində hərbi təhdid qarşısında iki ölkənin bir-birinə qarşılıqlı yardım etməsi təsbit olunub. Aydındır ki, Rusiyanın ermənilərin köməyinə ehtiyacı yoxdur, söhbət Ermənistanın təhlükəsizliyinin Rusiya tərəfindən təmin olunmasından gedir. Bundan başqa, 1992-ci ildə imzalanmış müqaviləyə əsasən, Rusiya Ermənistanın Türkiyə və İranla olan sərhəd xəttinin mühafizəsini öz üzərinə götürüb. Bu, o mənaya gəlir ki, Türkiyə və İran istiqamətlərindən Ermənistana hər hansı hücum faktiki olaraq Rusiyaya hücum deməkdir".
Ş.Cəfərli xatırlatdı ki, Ermənistanın təhlükəsizliyinə başqa bir təminat Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əksini tapıb: “Bu qurumda NATO-nun 5-ci maddəsinə bənzər bir qayda mövcuddur və hücuma məruz qalan təşkilat üzvünün kollektiv şəkildə müdafiə olunması nəzərdə tutulur. Konkret hava hücumundan müdafiəyə gəldikdə, 2001-ci ildən Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında iki ölkənin hava hücumundan müdafiə sistemi hərbi növbətçiliyə başlayıb. Bu, MDB-nin 1995-ci ildə yaradılmış birləşmiş hava hücumundan müdafiə sisteminin tərkib hissəsidir. Yeri gəlmişkən, Azərbaycan bura daxil deyil. Onu da xatırlatmaq yerinə düşər ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanla birləşmiş regional HHM sisteminin yaradılması barədə müqavilə imzalanması göstərişini hələ ”Su-24" təyyarəsinin Türkiyə tərəfindən vurulmasından əvvəl - 11 noyabrda vermişdi. Yəni bütün bu faktlardan da göründüyü kimi, mahiyyət etibarilə yeni bir hadisədən danışmaq doğru olmaz, sadəcə olaraq, regionda baş verən son proseslər fonunda bu məsələ daha çox diqqət cəlb edib".
Politoloq dedi ki, geosiyasi rəqabətdə mövqelərini tədricən itirməkdə olan Rusiyanın Qafqazda möhkəmlənmək üçün Ermənistandakı hərbi mövcudiyyətini daha da gücləndirmək planları öncədən olub: “Ora Şimali Qafqazdan əlavə HHM vasitələri və hərbi aviasiya göndərilir. Bu yolla həm Ermənistanın hava məkanı və oradakı rus qoşunları ehtimal edilən hava hücumundan tam qorunur, həm də Türkiyə və İranın hava məkanında baş verənlər nəzarətdə saxlanılır. Ermənistanın Rusiya kimi güclü himayəçisinin olması təbii ki, bizim üçün böyük şanssızlıq və problemdir. Bu faktorun işğal altındakı ərazilərimizi azad etmək imkanlarımızı ciddi şəkildə məhdudlaşdırdığını, ümumən Azərbaycan dövləti üçün çox ciddi çəkindirici amil olduğunu etiraf etmək məcburiyyətindəyik. O da aydındır ki, Rusiya amili olmasa, ümumiyyətlə, Qarabağ problemi də yaranmazdı”.
Ermənistanın təxribat törətməsi ehtimalına gəldikdə, Ş.Cəfərlinin fikrincə, işğalçı tərəf əlbəttə ki, hər an hansısa təxribata gedə bilər: “Lakin erməni tərəfinin müharibədə maraqlı olduğunu söyləmək yanlış olardı. Ermənilər müharibə zamanı həm Dağlıq Qarabağı, həm də ətraf rayonların böyük əksəriyyətini ələ keçirməklə qarşıya qoyduqları hərbi vəzifələri artıqlaması ilə yerinə yetiriblər. Yeni bir müharibə Ermənistana lazım deyil, çünki bu, əvvəla, böyük maliyyə tələb edir, digər tərəfdən isə müharibə həm də çoxsaylı insan itkisi deməkdir. Hər iki faktor - üstəlik, hərbi əməliyyatların gedişində ərazi itkisi - Ermənistan daxilində sosial və siyasi gərginliyi ciddi şəkildə artıra bilər ki, Sərkisyan rejiminə əlavə başağrısı lazım deyil. Bu deyilənləri Azərbaycana da aid etmək olar. Lakin Rusiya özünün hansısa məqsədləri naminə Ermənistanı hərbi avantüraya təhrik edə bilər. Məlumatlar var ki, Rusiya münaqişə zonasına - yəni Azərbaycan ərazisinə - öz sülhməramlılarını yerləşdirmək istəyir. Bu məqsədi reallaşdırmaq naminə təmas xəttində hərbi toqquşmaların baş verməsi Moskvaya sərfəli ola bilər”.
O ki qaldı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafına və birgə HHM sisteminin yaradılması məsələsinə, Ş.Cəfərli də hesab edir ki, Türkiyə rəhbərliyi Rusiya ilə münasibətlərdə əlavə gərginlik yaradacaq addımlardan çəkinəcək: “Düşünürəm ki, bu addıma Türkiyənin NATO üzrə müttəfiqləri də isti yanaşmaz”.
Məhz belə bir situasiyada növbəti müharibə xəbərdarlıqlarının yayılması təsadüf sayılmaya bilər. Özü də yanvarda Azərbaycan və Ermənistan arasında müharibənin başlayacağı barədə xəbərdarlıq şimaldan gəlib. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya hərbi dairələrinə yaxın hesab edilən “Arqumenti Nedeli” həftəliyi yazıb. Qəzet məlumatın mənbəyi kimi “rəyini soruşduğu hərbi mənbələri və ekspertləri” göstərib. Yeri gəlmişkən, bir neçə gün öncə Ermənistan prezidenti nəticəsiz başa çatmış görüşdən dərhal sonra Moskvaya qaçdı. Həmin günlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan Qarabağa gəldi. Məhz bu vaxt Ermənistanın ordu rəhbərliyinin “artıq atəşkəs bitdi, müharibə başlayır” xəbərdarlığı yayıldı. Belə çıxır ki, düşmən ölkə istəməsə belə, savaşa təhrik edilir.
“Arqumenti Nedeli” də qeyd edir ki, Ermənistan prezidenti Serj Sərkisyan ötən həftə KTMT blokunun iclasında İrəvanla Bakı arasında istənilən vaxt müharibənin başlaya biləcəyini faktiki olaraq deyib. Və Rusiyaya xatırladıb ki, blokun nizamnaməsinə görə, üzvlərdən birinə hücum bütün təşkilata hücuma bərabərdir. Qəzet hərbi qaynaqlara istinadən yazır ki, Rusiya Qarabağda sülhməramlı kontingentin yerləşdirilməsini təklif edir, ancaq Azərbaycan bununla razı deyil.
“Hazırda şərti desək, Qarabağ münaqişəsinin müharibəyə çevrilməsinə yol verməməyə dair iki plan var. Birinci planı Fransa və ABŞ irəli sürüb. Təklif edilir ki, ATƏT-in Monitorinq Qrupu genişləndirilsin, münaqişə zonasına texniki müşahidə və nəzarət vasitələri yerləşdirilsin. Biz hesab edirik ki, bu, kömək etməyəcək və münaqişə zonasına sülhməramlı kontingentin yeridilməsini təklif edirik. Lakin Bakı qətiyyətlə buna qarşıdır” - Rusiyadakı hərbi-diplomatik mənbə qəzetə bildirib.
Mənbə əlavə edib ki, “istənilən halda qərarı ləngimədən, dərhal vermək lazımdır”: “Çünki Azərbaycan Rusiya təyyarəsinin vurulması böhranında Türkiyəni dəstəkləyəndən sonra Cənubi Qafqaz regionunda münaqişənin nəzarətdən çıxması Ankaranın və Vaşinqtonun maraqlarına uyğundur. Çünki bu, Rusiya qüvvələrinin diqqətini Suriyadakı müharibədən yayındıracaq”. Qəzet onu da xatırladır ki, hazırda Rusiyanın Ermənistandakı Gümrü hərbi bazasına əlavə şəxsi heyət, zirehli texnika, döyüş və nəqliyyat vertolyotları daşınır. Təkcə dekabr ayında bazaya 13 Mi-24P və Mi-8MT vertolyotları yerləşdirilib.
“Ermənistanın təkcə hava məkanı deyil ki, heç bir şeyi özündə deyil”. Bunu isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “Yeni Müsavat”a açıqlamasında bildirdi. Rusiya mənbələrinin böyük savaşla bağlı xəbərdarlığına gəldikdə, MN rəsmisi dedi ki, müharibənin başlayacağı barədə konkret vaxtı heç kəs deyə bilməz: “Amma cəbhədə gərginlikdir və düşmənə layiqli cavab verilir”.
Cia.az
