|
Dollar “işbazları” bayram günlərində yenidən peyda ola bilər

İstirahət günləri dollar “qara bazar”da iki manata qədər bahalaşıb və bu da manatın yenidən devalvasiyaya məruz qalacağı barədə fikirləri gücləndirib. Mərkəzi Bankdan isə bildirilib ki, şənbə və bazar günündə ictimaiyyət arasında yayılmış şayiələrin əsası yoxdur: “Manatın məzənnəsinin növbəti dəfə devalvasiyası və 2 manat müəyyən olunacağı ilə bağlı 26-27 dekabr 2015-ci il tarixlərində- ötən şənbə və bazar günündə ictimaiyyət arasında yayılmış şayiələrin əsası yoxdur”.

Qeyd olunur ki, Mərkəzi Bank tərəfindən bəyan olunmuş üzən məzənnə rejiminə uyğun olaraq manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşdırılır. Mərkəzi Bankın valyuta bazarında iştirakı üzən məzənnə rejiminə uyğun həyata keçirilir və hazırda valyuta bazarının tələbatı hərraclar vasitəsilə təmin olunur.

Ekspert Rövşən Ağayev bildirib ki, manat uzun illər ölkədə yanlış həyata keçirilən iqtisadi siyasətin qurbanıdır: “Pul-kredit siyasətində Mərkəzi Bankın yanlışları var. Xüsusilə öz fəaliyyətində şəffaflığın təmin edilməsi, cəmiyyətin zəruri informasiyalara əlçatanlığının təmin edilməsi ilə bağlı Mərkəzi Bankın sorunları var. Lakin manatın düşdüyü hazırkı durumda həlledici günahkar Mərkəzi Bank deyil. Əgər iki günahkar varsa, mütləq birincisi deyil. Manat uzun illər ölkədə yanlış həyata keçirilən iqtisadi siyasətin qurbanıdır. O siyasət ki, manatın arxasında rəqabət qabiliyyətli iqtisadiyyatın, diversifikasiya olunmuş ixracın, ən zəruri məhsullar üzrə idxalı əvəzləyən yerli istehsalın, ölkəyə xarici sərmayələrin axınını təmin edən siyasi-institusional-iqtisadi mühitin, keyfiyyətli xidmət sektorunun yaranmasına imkan verməyib, manatın altında bombaya çevrilən nəhəng korrupsiya pullarının formalaşmasına səbəb olub, yerli kapital üçün əlverişli-təhlükəsiz iqtisadi mühit yaratmadığına görə onun xaricə qaçışa məcbur edib. Mərkəzi Bank rəhbərinin ən böyük günahı odur ki, zamanında yanlış olan, manatı fəlakətə sürükləyən iqtisadi siyasətə etiraz olaraq vəzifə karyerasını bitirərdi”.

Ekspert Samir Əliyev isə qeyd edib ki, şənbə-bazar günləri baş vermiş dollar ajiotajı Mərkəzi Bankın ictimaiyyətlə zəif işlədiyini bir daha göstərdi: “Ölkədə az qala fövqəladə hadisə baş verib, amma Mərkəzi Bank gərginliyi azaltmaq üçün zəruri açıqlama vermir. Onun işini isə Banklar Assosiasiyası görür. Hər bir halda ölkənin baş bank requlyatoru bu məsələyə ciddi yanaşmalıdır. Digər tərəfdən, Mərkəzi Bank hərracda bankların tələbatını ödəmir, lazımi həddə dollar satışı həyata keçirmir ki, bu da sonradan dollar qıtlığını qabarıq göstərir. Cəmiyyətdə ciddi ajiotajın olduğu zamanda Mərkəzi Bank müəyyən əliaçıqlıq etməlidir. Məni narahat edən bayramla əlaqədar qarşıdakı qeyri-iş günləridir. Həmin dövrdə də Mərkəzi Bank cəmiyyətdəki reaksiyalara həssaslıq yaratmasa, bayramdan qabaq bankları dollarla təmin etməsə, valyuta bazarında gərginlik olacaq. Bu nüansları nəzərə almaq lazımdır. Nəzərə alaq ki, söhbət 5 günlük qeyri-iş rejimindən gedir”.

Ekspert Qubad İbadoğlu vurğulayıb ki, manatın hazırkı durumunun günahı xəstə iqtisadiyyatımızdır: “Hesab edirəm ki, son illərdə ən böyük yanlışlığımız da milli iqtisadiyyatımızı bütünlüklə neft gəlirlərinin yaratdığı tez əriyən ”sabun köpüyü"nün üzərində qurmağımız oldu. Çünki Azərbaycan qədər makroiqtisadi göstəriciləri, ÜDM-i, büdcəsi, ixracatı neftə sıx bağlı olan ikinci oxşar iqtisadiyyatlı ölkəni bizim regionda tapmaq mümkün deyildir. Hətta Rusiya və Qazaxıstanın böhrana giriş mövqeyi bizimlə müqayisədə daha yaxşıdır. Belə ki, 2014-cü ilin yekunlarına görə, neft-qaz sektorundan gəlirlərin ÜDM-də xüsusi çəkisi Azərbaycanda 43,4 faiz təşkil etdiyi halda, Qazaxıstanda müvafiq göstərici 25 faiz, Rusiyada isə 18 faiz olub. Bu sektordan büdcəyə daxil olmalar Azərbaycanda 65,8 faiz olduğu halda Qazaxıstanda 55 faiz, Rusiyada 52 faiz təşkil edib. İxracata gəlincə, müvafiq göstərici Azərbaycanda 93,4 faiz, Qazaxıstanda 65,1 faiz, Rusiyada isə 63,1 faiz olub. Təqdim etdiyim hər 3 ölkənin iqtisadiyyatının ən böyük problemi onun sağlam və dayanıqlı olmaması, gəlirlərin və ixracatın şaxələnməməsidir. Göründüyü kimi, bu üç oxşar problemli iqtisadiyyat arasında ən ağır xəstəliyə Azərbaycan düçar olub. Yeganə çıxış yolu hazırkı böhrandan nəticə çıxarıb, milli iqtisadiyyatı islahatlar yolu ilə sağaltmaqdır. Bunun üçün ilk növbədə tələb olunan islahatlar aparmaq qabiliyyətinə və proqramına malik olan şəffaf, hesabatlı və islahatçı komandanın formalaşdırılmasıdır. Çünki indiki durumda iqtisadiyyatı idarə etmək və böhrandan çıxarmaq əvvəlki kimi neft satıb əldə edilən yüngül pulları şişirdilmiş layihələrə xərcləmək qədər asan deyil. Başqa alternativimiz qalmayıb, əgər iqtisadiyyat sağalmazsa, manat bundan sonra dəyər qazanmayacaq".

Cia.az