|
Prezident əfv fərmanı imzaladı -

Dekabrın 28-də prezident gözlənilən əfv sərəncamını imzaladı, siyahı dərc olundu. Lakin orada siyasi dustaqların adları yoxdur! Bu fakt bir çoxları kimi, “Yeni Müsavat” qəzetinin kollektivini də məyus etdi. Çünki siyasi və vicdan məhbusları arasında bizim də yaxınımız var - yazarımız Tofiq Yaqublu.

Bunun belə olacağını hələ parlamentin ötən həftədəki iclasında Milli Məclisin spikeri Oqtay Əsədov anons etmişdi. O demişdi ki, Kris Smit kimilər imkan vermir ki, Azərbaycan dustaq problemini həll etsin. Sitat: “Bu il 31 dekabrda əfv fərmanı olacağı gözlənilir. Bununla onlar qəsdən istəyirlər ki, əfv fərmanına kimsə düşməsin. Bundan sonra Azərbaycana qarşı istifadə etmək niyyətləri var”.

Buradakı məntiq də bu idi ki, ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smitin Konqresə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı təqdim etdiyi qanun layihəsi iqtidara meydan oxumaqdır. Tarixdə ilk dəfə olaraq, Amerika Azərbaycan rəsmilərinə sanksiya tətbiq etməyi qanun layihəsi şəklində müzakirəyə çıxardıb. Bunun olmaması üçün də şərtlər qoyub. Şərtlərin də başında Qərbin siyasi və vicdan məhbusları kimi tanıdığı şəxslərin, ictimai-siyasi fəalların azadlığa buraxılması dayanır. Azərbaycan hakimiyyəti, xüsusilə də prezident bu cür təzyiqləri sevmir. Və hər dəfə də Qərb paytaxtlarından gələn bu cür təzyiqlər tərs təpir.

Bu dəfə də belə oldu. Bunu Oqtay Əsədov, digər iqtidaryönlülər anons etmədən də təxmin etmək mümkün idi. Azərbaycan hakimiyyəti Qərb ölkələrinin təzyiq və tələbləri qarşısında bir duruş - taktika müəyyənləşdirib, bunu pozmağa da həvəsli və niyyətli görünmür.

Musavat.com-un yazarı Əfv Komissiyasının üzvləri, iqtidaryönlü deputatlardan fikir alıb. Onların bir-birindən xəbərsiz ortaq fikirləri də bu yazının indiyə qədər düzülən cümlələrindəki məntiqə uyğundur: hər kəs hesab edir ki, Kris Smit məlum layihəni Konqresə təqdim etməsəydi, ilin sonunda Azərbaycan iqtidarına Vaşinqtondan bu cür təzyiq gəlməsə idi, Tofiq Yaqublu da, Xədicə İsmayılova da, Rauf Mirqədirov da azadlıqda olacaqdı (sonuncu məhkəmə vasitəsilə, Yunuslarda olduğu kimi, zaldan azadlığa buraxılacaqdı). Lkin bu baş vermədi.

Bu, o deməkdir ki, şəxsən prezident Əliyev başda olmaqla, Azərbaycan hakimiyyəti Amerikanın sanksiya hədələrinə dəvətnamə yolladılar, ondan qorxub-çəkinmədiklərini nümayiş etdirməklə yanaşı, həm də özlərini əsas zərbə nöqtəsinə çıxartdılar. Çox yox, günü sabahdan başlayaraq, artıq Qərb paytaxtlarında Azərbaycan hakimiyyətinə daha sərt, daha kəskin mövqelər sərgilənəcək. Çünki burada təkcə Azərbaycan hakimiyyətinin deyil, Amerika başda olmaqla, Qərbin də qürur məsələsi ortalıqdadır.

Azərbaycan iqtidarı maliyyə krizisi, iqtisadi siyasətindəki böhranlı hala baxmayaraq, asanlıqla uyum göstərəcək qəbildən qüvvə sayılmır. Təkcə ABŞ-a qarşı sanksiyalar tətbiq etməklə bağlı aparılan kampaniya və MM-ə qanun layihəsinin təqdim edilməsi dediklərimizə bariz sübutdur...

Qeyd edək ki, əfv sərəncamında 210 nəfərin adı var. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. İslah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Cərimə cəzasına məhkum edilmiş 9 nəfər cəzadan azad edilib. Ekspertlər sözügedən əfv fərmanını dəyərləndiriblər.

Millət vəkili, Əfv Komissiyasının üzvü Azay Quliyev: “Cənab Prezident gözlənilən əfv fərmanını imzaladı və 210 nəfər cəzanın qalan hissəsindən azad edildi. Cənab Prezidentə qəbul etdiyi belə bir humanist qərara görə təşəkkürümü bildirir və əfv olunanları təbrik edirəm”.

Ekspert Şahin Cəfərli əfv sərəncamını bu cür qiymətləndirib: “Bugünkü əfv sərəncamı sanksiyalara rəsmi dəvətnamə göndərmək mənasına gəlir. Bu inadlaşma və konfrontasiya xəttinin sonu yaxşı olmayacaq”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə sərəncamın keyfiyyətini sıfır hesab edib: “Əfv edilənlərin sayı bəlli oldu. Siyahı da bəlli oldu, çıxanların gözü aydın. Amma siyasi baxımdan keyfiyyət sıfır”.

Ekspert Ərəstun Oruclu isə deyib ki, bu, ölkəyə sanksiya tətbiqinin qarşısını ala bilərdi: “Siyasi məhbusların heç olmazsa bir hissəsinin əfv olunması ölkəyə sanksiyaların tətbiqinin qarşısını ala bilərdi, amma İlham Əliyevin imzaladığı əfv fərmanında onların birinin də adı yoxdur, üstəlik də cinayətkar keçmiş MTN rəhbərlərinin quraşdırdığı saxta ittihamla həbs olunmuş daha bir nəfər- Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edildi”.



Əfv Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı isə musavat.com-a açıqlamasında bildirib ki, əfv fərmanını yüksək qiymətləndirir: “Bir neçə gün əvvəl də demişdim ki, bugünlərdə cənab prezident İlham Əliyev cəmiyyəti, hamını sevindirəcək. Həqiqətən də belə oldu, 210 nəfər məhbus əfv edildi, öz ailəsinə qovuşdu. Bu, nə qədər insanın sevinməsi deməkdir, nə qədər ailə, insan, qohum-əqrəba sevinir. Bu fərman həmin insanların islah olunmasına doğru həyata yenidən qayıtması üçün şansdır. Əminəm ki, məhbuslar, onların ailələri bu sərəncamdan məmnunluq hissi duyacaqlar. Bu sərəncam prezidentin əfv sərəncamları içərisində ən yüksək dəyərləndirilənlərdən biri olacaq. Arzu edirəm ki, bu gündən sonra bu məhkumlar daha mənalı, gözəl həyata qovuşsunlar. Gələcəkdə yeni bir xətaları, suçları olmasın. Daha sağlam yaşasınlar, yaşadıqları həyat bütün nöqsanları doldursun”.

M.İbrahimqızı əfv fərmanına siyasi məhbusların düşməməsinə də münasibətini açıqlayıb: “Onu deyənlər, hüquq müdafəçiləri kimləri nəzərdə tutur, bilmirəm. Onlar hansı prizmadan baxırlar, hansı bucaqdan baxırlar, dəyərləndirirlər? Əfv Komissiyası, onun sədri üçün ancaq məhkumlar baxımından, prizmasından baxırıq. Başqa söhbət ola bilməz axı. İndiyə qədər heç bir beynəlxalq təşkilatda siyasi məhbusun tərifini verən yoxdur, doğru-dürüst açıqlamasını verən yoxdur. Azərbaycana gələndə, bunu təzyiq kimi deyirlər. Cinayət törətmiş, hazırda cəza çəkən insanların yenidən doğru yola qayıtması üçün, mənəvi cəhətdən daha kamil vətəndaş olması üçün ona bir şans verilir. Ona görə prezident onları əfv edir. Siyasi məhbus məsələsini önə çəkənlər dövlətə xəyanətə siyasi həbs deyirlər? Siyasi məhbus anlayışını qəbul edə bilmirəm. Azadlığa çıxmaq üçün öz günahını qəbul edən, etdiyindən peşman olan, azadlığına qovuşmaq istəyən sağlam adamlardan gedir söhbət. Söhbət əfv olunanların törətdikləri cinayətdən peşman olmasından gedir. Siyasi məhbus məsələsindən danışanlar bu məsələni və əfv siyahısını siyasi alverə döndərməsinlər. İki yüz on nəfər elinə-obasına qovuşub, bunu dəyərləndirmək əvəzinə, buna qarşı çıxanların fikirləri başa düşülmür. Belə məna çıxır ki, siyasi alver, manipulyasiya ilə məşğuldurlar”.



Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə sərəncama münasibətini bu cür bildirib: “Bu barədə dəfələrlə demişəm, beynəlxalq təşkilatlar bəlkə öz bəyanatlarının vaxtını, üslubunu bir az dəyişələr? Neçə dəfə onlarla görüşdə bunu xahiş etmişik, hətta mexanizmi göstərmişik. İndi Yeni il qabağı ölkədə dalbadal baş verən, insanlara stress yaşadan dənizdə qəza, devalvasiya və sair hadisələrdən sonra hökumət insanlara yeni bir stress yaşatmalı idi? Azadlığa çıxan hər məhbusun ailəsinə gözaydınlığı verirəm. Əvvəlcədən proqnoz vermək olar, bu, fikirdir. Amma heç vaxt ad çəkmək olmaz. Ölkənin hüquq müdafiəçiləri siyasi məhbusların çıxması üçün əllərindən gələni etdilər, bacardıqlarından da artıq. Siyasi məhbusların əfvə düşməməsinin səbəbləri çox ola bilər. Çoxlu səbəblərdən biri də beynəlxalq təşkilatların sanksiya çağırışıdır. Elə bil ki, ölkə daxilində hansısa güclü əl ölkənin imicinə ziyan vurmağa çalışır”.(musavat)

Cia.az