|
Rasim Əliyevi döyüb öldürənlərin məhkəməsi başlayır

Jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb. 

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 5-nə təyin olunub.

Qeyd edək ki, bu il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində Rasim Əliyev bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist aldığı xəsarətlərdən ertəsi gün xəstəxanada vəfat edib.

Onu döyən şəxslər - Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirli biliniblər.

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərdən ayrılıb.

Xatırladaq ki, jurnalist Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Cia.az