Dekabrın 4-də Xəzər Dənizinin 10 saylı Dərin Özülündə baş verən qəzada itkin düşən 23 neftçidən daha birinin meyiti tapılıb. Cəsəd dekabrın 27-də dənizin Türkmənistan sektorunda aşkar edilib.
Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60 km uzaqlıqda “Berkar” gəmisi kişi cəsədi aşkarlayıb. Qurumun saytı xəbər verir ki, dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Bayan” gəmisinə məlumat ötürülüb və cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılıb. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilib.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200 ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşüb. Meyiti tapılan neftçi ilə bağlı bəzi məlumatlar üzə çıxıb. Bəlli olub ki, İ.Qasımov hadisədən sonra həyat yoldaşına “Arzu mən getdim, salamat qal. Uşaqlara böyüklük elə” mesajını yazan şəxsdir. Mesaj üzə çıxdıqdan sonra günlərlə mətbuat və sosial şəbəkələrin müzakirə mövzusu olmuşdu. İnsanlar həyatını itirən neftçinin mesajından çox təsirlənmişdilər.
Xatırladaq ki, cəsədi tapılan neftçi 32 il neft mühəndisi vəzifəsində çalışıb. 4 övladı var. Hadisə baş verən gün baba olub.
Hadisə baş verəndən 23 gün sonra itkin düşənlərdən birinin meyitinin tapılması digər 22 nəfərin də cəsədinin tapılmasına olan ümidləri artırıb. Dekabrın 7-də 6 neftçinin cəsədinin tapılmasından sonra digərlərinin tapılmasına olan inam tamamilə itmişdi.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı digər itkin düşən 22 neftçinin tapılmasına da ümid etdiyini söylədi: “Ümidimi üzməmişəm. Havalar soyuq keçir. Xəzər böyük dənizdir. Dünya artıq bu faciədən xəbərdardır və biganə deyil. Hər halda axtarış barədə Xəzərdə üzən bütün gəmilərin faciə haqqında informasiyaları var. Deməli itkin düşənlərdən əlimizi üzməməliyik. Qeyd etdiklərim onların tapılma ehtimallarını artırır.
Düşünürəm ki, könüllülər cəlb olunub, itkin düşmüş neftçi ailələri ilə işləməlidirlər. Bu işə psixoloqlar da cəlb olunmalıdır. Hazırda ən ağır durumda itkin neftçilərin ailələridir. Pul itki əvəzi vermir, onlara mənəvi dayaq lazımdır. İlk vaxtlar insanlar xəstəxanada xilas olunan neftçiləri ziyarət etdilər, onlarla şəkil çəkdirib mətbuata ötürdülər. Bəs sonra nə oldu? İtkin düşənlərin ailələri unuduldu? Bu mövzu gündəmdən düşməməlidir”.
Onu da qeyd edək ki, artıq hadisə nəticəsində xəsarət alan neftçilərin səhhətləri düzəlib. Onlar işə çıxmağa başlayıblar. Bu barədə musavat.com-a özülün rəisi Allahverdi Məmmədov məlumat verib.
Xatırladaq ki, “Günəşli” yatağında güclü külək nəticəsində yanğın dekabrın 4-də 10-cu platformada baş vermişdi. Qəza nəticəsində platformadakı 63 nəfərdən 33-ü xilas edilsə də, 30 neftçi itkin düşmüşdü. Onlardan indiyə qədər 8 nəfərinin cəsədi tapılsa da, digərləri hələ də itkin sayılır. (musavat)
Cia.az
