Manatın devalvasiyası əhali arasında ciddi narazılıq yaradıb. Süni bahalaşma və bunun fonunda hökumətə olan qınaqlar gündəmdə əsas yeri tutur. Bəs görəsən, hər zaman hökumətin addımlarını müdafiə edən qatı iqtidarçıların bu məqamda düşüncələri necədir? Onlar bu dəfə hansı arqumentlərlə müdafiə taktikası qururlar?
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hələ də iqtidarı qatı müdafiə mövqeyində qalır. Müsahibimizin sözlərinə görə, əgər insanların gəliri azalırsa, onların həyat səviyyəsinə təsir edən dəyişiklik baş verirsə, onların narazı qalmasında qeyri-adi heç nə yoxdur: “Bu günə qədər maaşı ilə yaxşı yaşayan, hətta arxaya müəyyən ehtiyat ata bilən insanlar müəyyən çətinliklə üzləşə bilirlərsə, bu narazılıqlarını bu və ya digər formada - deyinməklə, şikayətlənməkə bildirirlərsə - bu, normaldır. Amma məsələ bundadır ki, bu gün dolların məzənnəsini qaldıran, manatın qiymətini aşağı salan Azərbaycan iqtidarı deyil. Heç neftin qiymətini də biz endirməmişik. Azərbaycan xalqı çox ayıq xalqdır, müstəqillik dövründə çox mərhələlərdən keçib”.
Müsahibimiz xatırlatdı ki, sovet dövründən sonra inflyasiya olacağı ilə bağlı xəbərlər yayılmışdı. Həmin vaxt da insanların cibinin dolduğunu deyən B.Sadıqov bircə dəfə bazarlıq edəndə ciblərin boşaldığını vurğuladı: “Bunu öz üzərimizdə yaşayandan sonra məzənnənin düşməsi, inflyasiyanın nə olması, dolların manata ekvivalentini öyrəndik. Bunu Azərbaycan xalqı artıq bilir. Bu dəqiqə dünyada böhran var, artıq 3-cü dünya müharibəsinin başlanma təhlükəsi mövcuddur. Dağılmış Misir, Liviya, dağılmaqda olan Suriya, ölkəsinin bir parçası alınmış Gürcüstan, Ukrayna var. Dünyada bu proseslər gedir. Bir böyük okean kimi çalxalanır dünya. Bunun balaca Azərbaycana təsir etməməsi qeyri-mümkündür. Neftin qiyməti niyə aşağı düşür, bilirik. Hansı oyunlar gedir, xəbərimiz var. Azərbaycan iqtidarının bu gedən proseslərdə zərrəcə günahı yoxdur. Azərbaycan iqtidarı çalışır ki, həm dövləti, həm də Azərbaycan xalqını bu vəziyyətdən çıxarsın”.
B.Sadıqov dedi ki, “Azərbaycan” qəzeti də bu problemin içindədir. Onun sözlərinə görə, işçiləri tez-tez ona müraciət edərək, vəziyyətdən çıxış yolu istəyirlər, təkliflər səsləndirirlər: “Deyirəm ki, mən öncə redaksiyanın taleyini düşünürəm. Vəziyyət gərgin, çətin olanda dövlətin rəhbəri xalqı nə qədər çox istəsə də, dövlətin maliyyəsini qorumaq, bu təlatümlərdən dövləti çıxarmaq üçün addımlar atmalıdır. İqtidarı da anlayıram, dünyada gedən proseslərdən də baş çıxarıram. Amma dalbadal dövlət başçısı addımlar atır. Dövlət bu vəziyyəti öz axarına buraxmayıb”.
Müsahibimiz məhz bu səbəbdən hakimiyyətin qatı müdafiəçisi mövqeyini saxladığını dedi. Bildirdi ki, hadisələrin səbəbini bilməsi obyektiv nəticə çıxarmasına yardım edir: “Elə bir nigarançılığım yoxdur ki, filan addımı atmalıydı, amma atmadı. Bilirsiz ki, fillər dalaşanda otlar əzilir. Allah-təala bizə o fillərin davasını göstərməsin”.

Deputat Fəzail Ağamalı da bildirdi ki, ölkə prezidentinin son çıxışında devalvasiyanın səbəbləri açıq şəkildə göstərilib. Onun sözlərinə görə, neft amili ilə ABŞ-ın dolların məzənnəsini qaldırması, ona yeni yanaşma dollar məkanında olan bütün ölkələrdə devalvasiyanı mütləq edib: “Azərbaycan manatı xeyli dərəcədə neft amili ilə bağlıdır. Dünyada neftin qiymətinin düşməsi, getdikcə dərinləşən iqtisadi, maliyyə və siyasi, hərbi böhran Azərbaycandan da yan ötə bilməzdi. Çünki Azərbaycan dünyanın bir parçasıdır. Neftin qiyməti çox böyük sürətlə aşağı düşür. Azərbaycan da olub-qalan valyuta ehtiyatını qoruyub saxlaya bilməzdi. Bu, bizim olduqca strateji xarakter daşıyan üstünlüyümüzdür ki, valyuta ehtiyatımız tükənməsin”.
F.Ağamalı bildirdi ki, bu proseslərin fonunda atılan addım doğru addımdır. Onun fikrincə, bu məqamda Azərbaycan hökumətini qınamaq ədalətsizlik olardı: “Gərək 5-10 il qabaq qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirəydik. Azərbaycan prezidentinin bununla bağlı ciddi xarakterli çağırışlarına zamanında daha böyük əhəmiyyət verilməli idi. Amma mən Azərbaycanda ciddi sosial-iqtisadi kataklizmlərin olması qənaətində deyiləm. Azərbaycanın potensialı var. Daxili istehsal sayəsində zəruri ərzaq məhsulları tələbatlarımızı özümüz ödəyə bilərik. Amma yeri gəldi-gəlmədi, dollardan asılı olmayan sahələrdə də qiymətlər fantastik şəkildə artırılır. Daha çox varlanmağa çalışanlarla güzəştsiz mübarizə metodlarından istifadə olunmalıdır”.
Cia.az
