Prezidentlərin Vyana görüşünün atəşkəs rejiminə, gözlənildiyi kimi, hər hansı ciddi təsiri olmadı. Dağlıq Qarabağdakı təmas xəttində gərginlik hansı həddə idisə, Yeni il ərəfəsi təxminən elə də qalır - yəni yüksək. Bunun da başlıca səbəbi görüşdə heç olmasa, şifahi anlaşmanın belə əldə olunmaması, birgə hər hansı bəyanatın qəbul edilməməsi idi.
Analitiklərin doğru qeyd elədikləri kimi, Vyana görüşü yalnız ATƏT-in Minsk Qrupunun turist həmsədrlərinin işinə yaradı. Onlar heç olmasa, ilsonu müəyyən fəaliyyət görüntüsü yaradıb “rahat nəfəs” ala bildilər.
Bundan isə sülh prosesi çətin ki, fayda götürsün. Əksinə, gerçək budur ki, həmsədrlərin passivliyi münaqişə zonasında müharibə risklərini ilbəil artırmaqdadır. Ərazisinin 20 faizi erməni işğalı altında olan Azərbaycan isə sözsüz ki, əbədi şəkildə bununla barışa bilməz. Öz ərazilərini hərb yolu ilə azad eləmək hüququ isə BMT Nizamnaməsində birmənalı şəkildə əksini tapıb. Üstəgəl, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul elədiyi 4 məlum qətnamə ölkəmizin öz sərhəd bütünlüyünü təmin eləməsi üçün əlavə hüquqi əsas yaradır.
Başqa sözlə, atəşkəsi pozmaq da, təcavüzkara qarşı müharibəyə başlamaq da Azərbaycanın müstəsna hüququdur və Ermənistandan fərqli olaraq, buna görə heç kim onu qınaya, bu hüququ onun əlindən ala bilməz. O ayrı məsələ ki, uğurlu hərbi əməliyyatlara başlamaq üçün Bakı bəzi regional və beynəlxalq şərləri, risk və reallıqları, o sırada Rusiya və Türkiyə amillərini, hazırkı Rusiya-Türkiyə münasibətlərini ciddiyə almaq zorundadır.
***
Belə görünür, işğalçı tərəf də Azərbaycanın nə vaxtsa müharibə haqqından istifadə edəcəyinin yaxşı fərqindədir və bundan narahatdır. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin “artıq atəşkəs rejimi yoxdur, hibrid müharibə gedir” açıqlaması bu narahatlığın əyani təzahürü sayıla bilər. Hərçənd erməni politoloq Manvel Sərkisyan onun fikri ilə, və “hibrid müharibə” termini ilə razılaşmır.
Onun sözlərinə görə, hibrid müharibə dövlətlərin orduları arasında aparılmır: "Bu - mövqe müharibəsidir. Ancaq cəbhə xəttindəki son hadisələr nəticəsində faktiki surətdə hər iki ölkə üçün mürəkkəb vəziyyət yaranıb. Çünki hazırkı beynəlxalq şəraitdə hətta bu cür hərəkətlər də dünyada fərqli dəyərləndirmələr alır. Eyni şəkildə döyüş meydanlarında ölkələr yeni siyasətə üz tutur".

Ancaq bu da həqiqətdir ki, hibrid müharibənin nə vaxtsa real müharibəyə keçəcəyini ciddiyə alan Ermənistan Rusiya hesabına sürətlə silahlanmaqdadır. Moskva-Ankara münasibətlərinin məlum səbəbdən soyuması sanki İrəvana bu yöndə əlavə fürsət qazandırıb. Hərgah, nisbətən praqmatik erməni politoloqları “tarixdən dərs götürərək” Ermənistana ehtiyatlı olmağı məsləhət görürlər.
Məsələn, bugünlərdə Rusiya Quru Qoşunları Hava Hücumundan Müdafiə Qoşunları komandanının keçmiş müavini, general-leytenant Aleksandr Luzan deyib ki, Rusiya ilə Ermənistan Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi Türkiyədən müdafiə olunmağa xidmət edir. Onun sözlərinə görə, bu həm də Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə bağlıdır.

Qeyd edək ki, srağagün Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Seyran Ohanyanla Rusiya və Ermənistan arasında Qafqazda bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün regional Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması haqda saziş imzalayıb. Bundan başqa, nazirlər 2016-cı ildə Rusiya ilə Ermənistan müdafiə nazirlikləri arasında əməkdaşlığa dair planı da təsdiqləyiblər.
***
Müharibədən ehtiyatlanan işğalçı və forpost Ermənistan beləcə, maksimum sürətlə öz əsas havadarına - Rusiyaya sığınmaqda, ondan maksimum istifadə eləməyə çalışır. Yada salaq ki, Ermənistanın xarici sərhədlərini də erməni sərhədçiləri deyil, Rusiyanın təhlükəsizlik qüvvələri qoruyur. Sözsüz ki, bununla İrəvan həm Türkiyəyə, həm də Azərbaycana mesaj verməyə çalışır ki, Qarabağda müharibə qızışsa, qarşınızda Ermənistanı yox, Rusiyanı görəcəksiniz.

Əlbəttə ki, Türkiyə və Azərbaycan Ermənistanın Rusiyanın arxasında gizləndiyini bilir - baxmayaraq ki, Dağlıq Qarabağ hüquqi cəhətdən Azərbaycan ərazisidir və heç kim Ermənistana hücum eləməyə hazırlaşmır. Ancaq heç kim zəmanət də verə bilməz ki, yeni Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanı təxribata çəkib, öz ərazisinə raket mərmisinin düşməsinə nail olmayacaq. Üstəlik, təcrübə göstərir ki, bunu Moskvanın əli ilə eləmək - Azərbaycan tərəfdən Ermənistana doğru “raket hücumu təşkil eləmək” qat-qat asandır.
***
Nəhayət, Azərbaycan tərəfi həm də onun fərqindədir ki, Ermənistan işğal altındakı Dağlıq Qarabağda neçə vaxtdır Suriyadan, Livandan olan terrorçu başkəsənləri, hətta PKK-çıları yerləşidrir. Təbii ki, Rusiyanın rüsxəti ilə. O Rusiya ki, hazırda özü də PKK-yanlılarla Türkiyə əleyhinə təzə əlaqələr içindədir, onların təmsilçiləri üçün Kremldə yüksək səviyyədə təmaslar təşkil edir, onlara təlimatlar verir.
Bu da sizə ən isti fakt: Türkiyə telekanallardan birinin dünən yaydığı süjetdə işğalı altındakı Azərbaycan torpaqlarında öldürülən erməni əsgərinin dəfn olunmaq üçün aparılarkən PKK terror təşkilatının bayrağına büküldüyü əks olunub. Təsadüfmü?

Əlbəttə, yox. PKK-nın siyasi qanadı sayılan HDP-nin sədri Səlahəddin Dəmirdaş süjet yayılan gün Moskvada xarici işlər naziri Sergey Lavrovla görüş keçirirsə, təsadüflərə, gümanlara əsla yer qalmır. PKK və müttəfiqləri indi ermənilərlə yanaşı, rusların da müttəfiqinə çevrilib - Türkiyə və Azərbaycan əleyhinə təbii ki.
***
Moskva və İrəvanın son gedişləri əlbəttə ki, nə münaqişə zonasında, nə də bütövlükdə Güney Qafqaz regionunda sülhə yaxşı heç nə vəd eləmir. Həmçinin Ermənistanın sürətlə silahlandırılması onun təhlükəsizliyinin güclənməsi və ya müharibədən sığortalanması anlamına gələ bilməz. Düşmən üçün müharibədən sığortalanmağın ən yaxşı, ən etibarlı, ən sadə və ucuz yolu bəlli - qonşu ölkələrə, Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddiasından əl çəkib, onların ərazi bütövlüyün tanımaq və Rusiyanın əlində bölgəni qarışdırmaq üçün maşa rolu oynamaqdan imtina.
Bu olmayacaqsa, Ermənistan lap atom silahlı ilə silahlansın, heç vaxt dinc, təhlükəsiz mövcud ola, özünə qarşı haqq savaşından qaça bilməyəcək. Başqa sözlə, hibrid müharibə istənilən an qaynar müharibəyə çevrilə bilər - təcavüzkar üçün ən ağır sonuncları ilə birgə...
Cia.az
