İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 2016-cı il dövlət büdcəsi proqnozu ilə bağlı rəyini açıqlayıb. Rəydə bildirilir ki, Azərbaycan iqtisadiyyatı artım perspektivləri baxımından çox mürəkkəb bir mərhələyə daxil olub: “Maliyyə və bank sferalarında, habelə valyuta bazarında gərginlik yüksəlib, ölkənin strateji valyuta ehtiyatları sürətlə azalmaqda davam edir”.
2006-cı ildən bəri ölkənin dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu məhz birbaşa neft sektoru və neft gəlirləri hesabına formalaşdığından neft gəlirlərinin azalmasının dövlət büdcəsinin icrasına mənfi təsirı özünü dərhal- elə carı (2015-ci) ilin dövlət büdcəsinə münasibətdə- göstərib: qanunla təsdiq edilmiş məbləğlə müqayisədə bu ilin sonuna büdcə gəlirlərinin 12,1 faiz (yaxud 2358,0 milyon manat), xərclərinin isə 16,0 faiz (yaxud 3370,0 milyon manat) az olması gözlənilir. Neft gəlirlərinin, deməli, həm də büdcə gəlirlərinin, kəskin azalması dövlətin maliyyə imkanlarını məhdudlaşdırmaqla hökumətin üzərinə düşən sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsinə problemlər yaradır.
Rəydə bildirilir ki, 2014-cü il ərzində Azərbaycan manatı 2 dəfə devalvasiyaya məruz qalıb və il ərzində ABŞ dollarına münasibətdə demək olar 2 dəfə dəyərini itirib: “2016-cı ilin büdcə proqnozu ilə bağlı apadığımız təhlil və qiymətləndirmə göstərir ki, hələ bu da milli valyutanın dəyər itirməsinin son həddi deyil: ölkədə iqtisadi böhran və manatın dəyərsizləşməsi prosesi davam edəcək”.
Ekspertlər büdcə gəlirləri siyasəti üzrə müşahidə olunan əsas meylləri açıqlayıblar: “2016-cı il üzrə hökumətin bəyan etdiyi büdcə-vergi siyasətində qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, sadələşdirilmiş vergi sisteminin təkmilləşdirilməsi, vergi güzəştlərinin məhdudlaşdırılması yaxud ləğv edilməsi, nizamnamə fondunda və səhmlərində dövlətin payı olan müəssisələrdən dövlət büdcəsinə dividentlərin alınması, vergilər üzrə yığım faizinin artırılması, dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması kimi siyasət istiqamətləri nəzərdə tutulub. Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin məbləği əvvəlki illərlə müqayisədə ciddi ixtisar olunur. Amma transferin belə azaldılması heç də fonda yığımın artırılmasını təmin etmək üçün deyil, sadəcə, onun gəlirlərinin kəskin azalması ilə bağlıdır. Ölkənin neft gəlirlərinin azalmasının dövlət büdcəsinin qeyri-neft gəlirlərinin formalaşmasına təsiri 2016-cı ilin büdcə proqnozunda yetərincə nəzərə alınmayıb. Neft gəlirlərinin azalması həm dövlət sifarişlərinin (büdcə xərcləri vasitəsilə olan), həm də neft şirkətlərinin sifarişlərinin kəskin ixtisarı ilə nəticələnir ki, bu da belə sifarişlərlə işləyən təşkilatların gəlirlərinə, uyğun olaraq həm də onların dövlət büdcəsinə ödənişlərinə birbaşa təsir göstərir. Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar proqnozlaşdırılandan az ola bilər. Dövlət büdcəsinin tərkib hissəsi olan yerli gəlirlərin azalması proqnozlaşdırılır, lakin hökumətin büdcə izahatında bu azalmanın səbəbləri göstərilmir. Büdcə gəlirləri üzrə proqnozların büdcə layihəsi zərfində daha detallı təqdim edilməsi məqsədəuyğundur. Ölkənin neft gəlirləri belə kəskin azaldığı şəraitdə ölkənin büdcə gəlirlərinin formalaşmasında özəl və dövlət sektorunun, xüsusilə iri dövlət müəssisələrinin rolunu tam aydınlaşdırmaq vacibdir.
Beləliklə, araşdırma göstərir ki, 2016-cı il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin ölkənin neft gəlirlərindən asılılığı əhəmiyyətli dərəcədə böyükdür. Dünya neft bazarında baş verən proseslər və neftin qiyməti ilə bağlı söylənilən proqnozların əksəriyyəti gələn il neftin qiymətinin 30-35 ABŞ dolları altında olacağı yönündədir. Belə bir vəziyyətdə gələn il dövlət büdcəsinin cari öhdəliklərinin vaxtında və zəruri həcmlərdə yerinə yetirilməsini təmin edə biləcək qədər büdcəyə vəsait toplanması üçün ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, məmur sahibkarlığının və inhisarçılığın aradan qaldırılması, rəqabətin və təşəbbüskarlığın stimullaşdırılması üçün ciddi tədbirlər görülməli, ölkəyə mal idxalına və ölkədən mal ixracına olan hər cür maneələr, xüsusilə bu sahədə olan inhisarçılıq və qanunsuz qadağalar təxirə salınmadan aradan qaldırılmalıdır”.
Həmçinin bildirilir ki, hökumət prioritet elan etdiyi bəzi sahələr üzrə xərclərin ixtisarına getməyib. Belə ki, kənd təsərrüfatı istiqaməti üzrə xərclər demək olar ki, ötən ilin səviyyəsində saxlanılıb. Müdafiə bölməsi üzrə xərclərin isə 59,3 mln. manat və ya 3,3 % artırılması nəzərdə tutulur. Elm və təhsilin inkişafı xərcləri azaldılıb. Hökumətin qarşıdakı dövr üzrə büdcə investisiyaları ilə bağlı prioritetlərində sosial infrastrukturun qurulması əsas istiqamətlərdən biri kimi göstərilsə də, gələn il üçün büdcə investisiya planında ən kəskin ixtisar sosial sahələr üçün tətbiq edilib. İqtisadi inkişafın stimullaşdırılmasının hökumətin prioritetləri sırasında olduğu bəyan edilsə də, bu istiqamətdə xərclər azaldılıb. Belə ki, 2016-cı ildə iqtisadi fəaliyyət funksional bölməsi üzrə xərclər 91,3 mln. manat və ya 26,4% azaldılaraq 254 mln. manat səviyyəsində proqnozlaşdırılıb. Bu azalma bilavasitə İqtisadi İnkişaf Nazirliyi vasitəsilə hər il Sahibkarlığa Kömək Milli Fonduna güzəştli kreditlərin ayrılması üçün verilən vəsaitin dayandırılması ilə bağlıdır.
Ekspert rəyində göstərilir ki, 2016-cı ilin dövlət büdcəsi proqnozunun təhlili və qiymətləndirilməsi əsasında qənaətlər var: “Gələn ilin dövlət büdcəsi devalvasiya və inflyasiya büdcəsidir. 2015-ci il ərzində milli valyutanın ikinci devalvasiyası da 2016-cı il üçün proqnozlaşdırılan dövlət büdcəsinin icrasında gözlənilən problemləri aradan qaldıra bilməyəcək. Manatın bu və bundan sonrakı dəyərsizləşməsi ölkəyə daxil olan neft gəlirlərinin manat ifadəsində artımını təmin etsə də, ölkə iqtisadiyyatında böhran dərinləşməkdə davam edəcək, əhalinin sosial vəziyyəti, biznesin və bank sektorunun durumu daha da ağırlaşacaq”.
Rəydə həmçinin təkliflər də var: “ARDNF-dən dövlət büdcəsinə transferlər üzrə limit tətbiqinə başlanılsın, həmçinin neft və qaz gəlirlərinin uzunmüddətli istifadə prinsipinə (gəlirlərin azı 25 faizinin yığıma yönəldilməsi) əməl olunsun. Dövlət Neft Şirkəti və digər iri dövlət şirkətləri üzrə vergi proqnozları tədiyə növləri üzrə açıqlanması təmin edilsin. Özəl və dövlət sektoru üzrə büdcə daxil olamalarının proqnozu tədiyyə növləri üzrə açıqlansın. Dövlət xarici borcunun sürətli artımının qarşısı alınsın, xüsusilə dövlət şirkətlərinin dövlət zəmanəti ilə xarici kreditlər cəlb etmələrinə sərt məhdudiyyətlər müəyyən edilsin və sair”.
Cia.az
