Avqustun 8-də döyüldükdən bir gün sonra həyatını itirən ANN.TV-nin reportyoru, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı başlanan cinayət işinin istintaqı başa çatıb. İş materialları dekabrın 22-də məhkəməyə göndərilib. Gələn ayın ortalarından məhkəmə prosesinin başlanması ehtimal olunur.
Qeyd edək ki, istintaqın nəticələrinə zərərçəkmiş tərəfin və cəmiyyətin sərt təpkisi var. Mətbuat və sosial şəbəkələrdə bu açıq şəkildə sezilir. Buna səbəb hadisə ilə bağlı həbs edilən “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işinin ayrıca icraata götürülməsidir. Əksəriyyət jurnalistin ölümündə onun əlinin olduğunu iddia edir.
Amma istintaq əksini düşünür. Bu, istintaqın nəticələrində açıq şəkildə görünür. Belə ki, sabiq kapitan Cinayət Məcəlləsinin 307.1 (cinayətin hazırlanmasını və törədilməsini bilərək, bu barədə məlumat verməmə) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunur. Yəni jurnalistin ölümü ilə bağlı hazırda həbsdə olan digər 5 nəfərin- Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyevə qarşı irəli sürülmüş 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə C.Hüseynov təqsirləndirilmir. Bu isə zərərçəkmiş tərəfin ciddi etirazına səbəb olub.
Onlar iddia edirlər ki, bu yolla futbolçu gələcəkdə azad oluna bilər. Hazırda jurnalistin ölümü ilə bağlı əsas müzakirə mövzusu da budur. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda da göstərilir ki, Cavid Hüseynov barəsindəki cinayət işi ayrıca məhkəməyə göndərilmək üzrədir. Prokurorluq işin nə vaxt məhkəməyə göndəriləcəyini dəqiq açıqlamayıb. Məsələnin yubadılması, futbolçunun işinin ayrılması bir çox suallar yaradıb.
Xüsusilə bir neçə gün əvvəl “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun verdiyi açıqlama Cavid Hüseynovla bağlı müəyyən proseslərin getməsindən xəbər verirdi. “Qəbələ” rəsmisi jurnalistlərə açıqlamasında bunları demişdi: “Ümid edirik ki, həbsdə olan kapitanımız Cavid Hüseynovun ilin əvvəllərində baş tutacaq məhkəmədə təqsirsizliyi sübut olunacaq və qışda komandamıza qoşulacaq. Artıq ona prokurorluq tərəfindən irəli sürülmüş cinayətin təşkilatçısı olma ittihamı üzərindən götürülüb”.
Onu da qeyd edək ki, C.Hüseynova qarşı irəli sürülmüş cinayət maddəsində nəzərdə tutulan cəza növləri onun azadlığa çıxacağı prosesini sürətləndirə bilər.
İstintaqın nəticələri ilə bağlı yaranan narazılıqlardan biri də həkimlərin məsuliyyətdən kənarda qalmalarıdır. Zərərçəkmiş tərəf iddia edir ki, R.Əliyevin ölümünə həkimlərin məsuliyyətsiz davranışları da səbəb olub.
Zərərçəkmiş tərəfin vəkili Əsabəli Mustafayev “Yeni Müsavat”a açıqlamasında istintaqın nəticələri ilə bağlı iki məqamdan narazı olduqlarını bildirdi: “Bir narazılığımız Cavid Hüseynovun işinin yüngülləşdirilməsi və ona qarşı irəli sürülmüş ittihamların ayrı icraata götürülməsidir. İkinci məqam isə həkimlərin məsuliyyətdən kənarda qalmasıdır. Biz bu amillərdən narazılığımızı bildiririk, yəqin ki, məhkəmədə də öz etirazımızı ifadə edəcəyik. Cavid Hüseynov istintaqdan tam çıxarılmayıb. Məsuliyyətdən də tam kənarda deyil. Hazırda o həbsdədir. İşi məhkəməyə göndəriləcək. İnanmıram ki, məhkəmə onu zaldan azadlığa buraxsın. Yəqin ki, ona cəza veriləcək. Hüseynova qarşı irəli sürülmüş cinayət maddəsində cəzanın ən yuxarı həddi üç ildir. Eyni zamanda cərimə də nəzərdə tutulur. 1-2 il də cəza verilə bilər. Bu da o anlama gəlir ki, yarı cəza, yaxud şərti cəza ilə azad oluna bilər. Bunu proqnozlaşdırmaq çətin deyil”.
Vəkil narazı qaldıqları məsələlərlə bağlı verdikləri vəsatətlərin təmin olunmadığını söylədi. Ə.Mustafayev R.Əliyevin döyülmə səhnəsi ilə bağlı yayılan videoya da münasibət sərgilədi: “Rasim Əliyevin döyülməsi ilə bağlı yayılan videoda istintaq sirrindən söhbət gedə bilməz. Ola bilsin ki, ictimaiyyətin diqqətində olduğuna görə videonun yayılması məqsədəuyğun hesab olunub. İctimaiyyətin müstəqil qiymət verməsi vacibdir. Bir var ki, 4-5 nəfərin döydüyünü eşidəsən, biri də var ki, gözlə görəsən”.
Xatırladaq ki, R.Əliyev facebookda C.Hüseynovla bağlı yazdığı statusa görə avqustun 8-də futbolçuya yaxın şəxslər tərəfindən döyülüb. Jurnalistin döyülmə anı həmin ərazidəki nəzarət kameralarına düşüb. Dekabrın 22-də yayılan videoda R.Əliyevin döyülməsi anbaan kameranın yaddaşına düşüb. Aldığı xəsarətlərdən R.Əliyev avqustun 9-da gecə saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Cia.az
