Avstriyanın ən füsunkar təbiətə malik Karintiya əyalətində, Alp dağlarının qoynunda yerləşən və yay-qış idmanı imkanlarına görə məşhur olan Hayliqenblut regionunda Azərbaycan musiqisi və mətbəxinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzi və Hayliqenblut qəsəbəsində yerləşən “Hotel Rupertihaus” otelinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə yerli bələdiyyə və icra hakimiyyətinin rəsmiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri açan otelin sahibi Fərid Haqverdiyev Azərbaycan mədəniyyəti, musiqisi və mətbəxi barədə məlumat verib. O, Azərbaycan və Avstriya arasında oxşar cəhətlərə toxunub, Avstriyanın ən yüksək dağı Qrossqloknerin ətəklərində yerləşən bu turizm regionunda gələcəkdə hər iki ölkənin mədəni əlaqələrini yaxınlaşdırmağa xidmət edən tədbirlərə geniş yer veriləcəyini vurğulayıb.
Hayliqenblut qəsəbəsinin meri Yozef Şaxner Azərbaycan mədəniyyəti, mətbəxi və musiqisini tanıtmağa təşəbbüs göstərənlərə təşəkkür edib. O qeyd edib ki, sırf turizm regionu olan Hayliqenblutda yerli əhali üçün Azərbaycan və onun rəngarəng mədəniyyəti ilə tanış olmaq çox xoşdur. Bu ilin avqust ayında Azərbaycan musiqiçilərinin bu qəsəbədəki klassik konsertini məmnunluqla xatırladan Y.Şaxner Azərbaycan incəsənətinin təqdim edildiyi tədbirlərin ənənə halını alacağına ümidvar olduğunu bildirib.
F.Haqverdiyev Azərbaycan xalçalarının İrəvan qrupuna aid kitabı şəhər meriyasına hədiyyə edib.
Gənc tar ifaçısı Arslan Növrəsli Azərbaycan milli musiqi parçalarını səsləndirib. Sonra qonaqlara Azərbaycandan dəvət olunmuş aşpazın hazırladığı milli xörəklər təqdim olunub.
Oteldə, həmçinin Azərbaycan mədəniyyəti, incəsənəti və tarixinə aid kitablar nümayiş etdirilib.
Cia.az
