|
“Polad Ələmdar olacam”

Bu günlərdə gündəmdə olan bir məsələ insanları həm sevindirdi, həm də çox duyğulandırdı.

Suriyada müharibə zamanı bomba partlaması nəticəsində sol ayağını itirən və çəkildiyi filmdə qısa rol alaraq Beşinci Malatya Beynəlxalq Film Festivalında mükafata layiq görülən beş yaşlı suriyalı Əhməd-əl-Əhmarın faciəsi ürəkləri parçaladı. Malatya Bəy dağı Qonaq evində qalan Əhmarın mükafatlandırma zamanı səhnəyə əsa ilə çıxması hər kəsi heyrətə saldı. 16 ay öncə Türkiyəyə gələn Əhməd-əl-Əhmarın anası Fatma Cuhadar. O, atası Zəkəriya, qardaşları Məhəmməd və Şəhəd-əl-Əhmarla birgə yaşayır. Türkiyəyə gəlməzdən əvvəl Hələbdə yaşadıqlarını deyən əl-Əhmar qardaşı ilə top oynayarkən evin həyətinə barrel bombası düşdüyünü bildirib. Ata-anası Əhmədi xəstəxanaya aparıblar. Atama “ayağıma nə oldu?” – deyə soruşmuşdum, o isə “heç nə olmayıb, səni xəstəxanaya aparmalıyıq, yaxşı olacaqsan” – demişdi.

Narkozun təsiri bitəndən sonra sol ayağının olmadığını deyən balaca aktyor “atama ayağımı məzardan çıxardıb mənə verin” deməsini ürək yanğısı ilə danışdı. Evinin dağılması balaca Əhmədə çox pis təsir edib. Müharibədən çox qorxduğunu deyən Əhməd qaçarkən Türkiyəyə sığındıqlarını bildirdi. “Yenidən əməliyyat olacam və protez ayaqla da yeriyə biləcəyimi düşünürəm. Babam və nənəm üçün darıxıram. Malatyanı çox bəyəndim, amma Suriyaya qayıtmaq istəyirəm”. Balaca aktyor gələcək xəyalları ilə bağlı suala isə belə cavab verdi: “Bu mükafat məni çox sevindirdi. Səhnəyə çıxanda məni hər kəs alqışladı və bu, məni xoşbəxt etdi. Böyüyəndə “Polad Ələmdar” (Necati Şaşmaz) və İbrahim Tatlısəs kimi olmaq istəyirəm. Onları çox istəyirəm”. Yaşadıqlarına baxmayaraq vətəninə olan bağlılığı və gələcəklə bağlı ümidləri ilə Əhməd-əl-Əhmar sözün həqiqi mənasında, yaşıdlarına, eləcə də, böyüklərə mənəvi dərs keçdi.//Kult.az