|
Vaşinqton-Bakı münasibətlərinin gərginləşməsi Moskvanın işinə yaraya bilər
ABŞ-ın Azərbaycanı sıxışdırmağa başlamasının, sanksiya məsələsinin gündəmə gətirilməsinin Rusiyanın işinə yarayacağı iddia edilir. Belə ki, bəzi siyasi təhlilçilərin fikrincə, Vaşinqton-Bakı münasibətlərinin soyuqlaşması Moskvanın yaranmış vəziyyətdən istifadə edərək, Azərbaycanı tamamilə öz yanına çəkməsi ilə nəticələnə bilər. 
Bu barədə bizimlə söhbətində politoloq Qabil Hüseynli bildirdi ki, əslində ABŞ-ın qəbul etmək istədiyi sanksiyalarda Rusiya məqamı da var. Yəni hər zaman Azərbaycanın Rusiya ilə yaxınlaşmasından müəyyən mənada ürkən Amerika Azərbaycana qarşı addımlar atmaq niyyətinə düşüb: “Amma mən güman etmirəm ki, Azərbaycan indiki halda Rusiya ilə onun hətta strateji müttəfiqinə çevriləcək həddə yaxınlaşa bilsin. 
 
Bir neçə gün öncə İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlarının nəticəsiz bitməsi onu göstərdi ki, Rusiya Azərbaycana Dağlıq Qarabağla bağlı verdiyi vədləri yerinə yetirmək niyyətində deyil. Söhbət Dağlıq Qarabağın ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasından gedirdi. Ümid edilirdi ki, Rusiya prezidentlərin görüşündə bu məsələ ilə bağlı ciddi qərarlar verilməsinə nail olmaq üçün Ermənistana təsir göstərəcək. Lakin prezidentlərin görüşünün nəticəsiz bitməsi bu ehtimalları heçə endirdi. Bu, onu göstərir ki, Rusiya bu dəfə də vədləri yerinə yetirmədi. Əgər Rusiya Azərbaycanı özünün yaratdığı Avrasiya İqtisadi Birliyində görmək istəyirsə, gərək ki, Azərbaycana dəstək göstərəydi. Lakin Moskva bunu etmədi. Bu gün Ermənistan Rusiyanın bir quberniyası kimidir, qərarlar Kremldə qəbul edilir, İrəvanda yerinə yetirilir. Rusiya istəsə Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyə məcbur edə bilər. Rusiya bunu etmək istəmir. Deməli, Azərbaycanın Rusiya ilə strateji müttəfiqliyinin reallaşması üfüqdə görünmür”.

Bu baxımdan da politoloq hesab edir ki, ABŞ çox nahaq yerə Azərbaycanın Rusiyaya yaxınlaşmasından ehtiyat edir: “Burada digər bir faktoru-Rusiya ilə Türkiyənin münasibətlərini də nəzərə almaq lazımdır. Rusiya-Türkiyə münasibətləri hər gün biraz da gərginləşir. Bu, gərginləşmə fonunda Azərbaycanın Türkiyənin yanında olduğu nümayiş etdirildi. Azərbaycan ən kritik məqamlarda qardaş Türkiyəni müdafiə edir. Ona görə də nəzərə almaq lazımdır ki, Rusiya ilə Türkiyənin münasibətləri düzəlməyincə, Azərbaycan-Rusiya münasibətləri indikindən yüksək səviyyəyə çata bilməyəcək. Türkiyə ilə gərginlik Rusiyanın Azərbaycanla bir qədər də sıx yaxınlaşmasına mane olan amildir. Bununla belə Rusiyanın Cənubi Qafqazla bağlı planları var. O planların içində Azərbaycana mühüm yer verilir. Bu zaman Azərbaycandan istənilən şeylərdən biri Rusiya ilə qurula biləcək strateji münasibətlərdir. Mənim zənnimcə Rusiya ilə yaxın qonşuluq münasibətləri alına bilər. Rusiya ilə münasibətlərin qorunub saxlanması Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Çünki orada bizim 2 milyondan artıq vətəndaşımız yaşayır, işləyir. Eyni zamanda Rusiya elə bir ölkədir ki, Azərbaycan kimi kiçik bir ölkə onunla mühüm məsələlərdə rəqabət apara bilməz. Bu səbəbdən bizim onunla yaxın qonşuluq, dostluq münasibətləri aparmaqdan başqa əlacımız yoxdur. Bu, münasibətlər strateji tərəfdaşlıq səviyyəsi daşıya bilər, amma strateji müttəfiqlik səviyyəsinə qalxa bilməz. Ona görə də mən güman edirəm ki, ABŞ Azərbaycana qarşı addımlarında bir qədər ehtiyatlı olmalı, Azərbaycanla bütün körpüləri axıra qədər yandırmamalıdır. Çünki Azərbaycan həm də Qərbin ən mühüm enerji bazalarındandır, enerji və nəqliyyat dəhlizidir. Bütün bunlara əhəmiyyət verməmək və bunları görməməzlikdən gəlmək məncə Azərbaycanın rolunu qiymətləndirməmək deməkdir. Güman edirəm ki, ”Azərbaycan Demokratiya Haqqında Akt" Konqresdən keçməyəcək və Azərbaycan-ABŞ münasibətləri yaxşılaşmağa doğru istiqamət götürəcək".
Cia.az