Türkiyə və Rusiya arasında “Su-24" insidentinə görə kəskinləşən münasibətlər siyasi analitiklərin əsas müzakirə predmetlərindən biri olaraq qalır. Təhlilçilər xüsusən də iki ölkənin strateji maraqlarının toqquşduğu bölgələrə diqqət çəkməkdədirlər. Belə regionlardan biri də şübhəsiz ki, Güney Qafqazdır.
Əksər ekspertlər hesab edirlər ki, yeni situasiyada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları daha da daralıb. Adekvat şəkildə müharibə ehtimalları bir o qədər artıb. Belə bir varianta daha çox Kremlin gedə biləcəyi haqda danışılmağa başlayıb. Hesab edilir ki, müharibə variantları indi ən çox məhz Moskvaya gərək ola bilər, çünki onun bölgəyə hərbi təsir rıçaqları hamıdan, o cümlədən bu bölgədə heç bir hərbi bazası olmayan Türkiyədən çoxdur.
İkinci yandan, Kremlin Cənubi Qafqazdakı forpostu və marioneti işğalçı Ermənistan onun bütün təhlükəli planlarında məmnuniyyətlə qol qoyacaq. İrəvanın başqa yolu da yoxdur. Təhlükə həm də bundan ibarətdir.
***
Bəs Rusiya Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda yeni Qarabağ müharibəsində nə dərəcədə maraqlı ola bilər? Bir çox Qərb analitikləri bunu istisna eləmirlər. Avstriyanın nüfuzlu “Der Standart” qəzetinin siyasi şərhçisi Markus Bernatın bu xüsusda məqaləsi diqqət çəkir.
Məqalədə deyilir: “Güney Qafqazda il necə başlamışdısa, eləcə də başa çatır, yəni 1994-cü ildə əldə olunmuş atəşkəs sazişinin formalaşdırdığı təmas xətti və Azərbaycan-Ermənistan sərhədində tank və toplardan artilleriya atəşləri ilə bitir. Ona görə də əksər ekspertlər ehtiyat edirlər ki, 2016 regiondakı sonuncu dondurulmuş münaqişənin ”oyanış" ili ola bilər - ələlxüsus da elə bir vaxtda ki, situasiyanı hər iki tərəfin liderləri silkələyir və buna Rusiya prezidenti bu və ya başqa dərəcədə dəstək verir".
Materialda ardınca deyilir ki, praktik olaraq hər gün qeydə alınan hərbi qarşıdurma insidentlərindən alovlana biləcək müharibə olduqca ehtimal olunan ssenariyə çevrilməkdədir: “Belə ki, dekabrın 19-da Azərbaycanın Müdafiə Nazirliyi 24 saat ərzində erməni tərəfdən 80 dəfə atəşaçıldığını bəyan elədi. Atəşin hətta Sevan gölü yaxınlığında mövqelərdən də açıldığı deyilirdi. Nazirliyin bildiridiyinə görə, 4 azərbaycanlı hərbçi həlak olub. Öz növbəsində Fransadakı erməni regional araşdırma mərkəzinin rəhbəri RiçardKirakosyan ilk dəfə olaraq tanklardan istifadə elədiyini qeyd edib”.
“Bütün bunlar hərbi qarşıdurmanı əvvəlkilərdən daha güclü eləmək istəyindən xəbər verir” - Kirokosyan əminlik ifadə edib. Tanınmamış Dağlıq Qarabağ hökumətinin müdafiə nazirliyi isə 16 dekabrda iki erməni əsgərinin öldürüldüyünü bildirib" - müəllif qeyd edir.
Analitik daha sonra prezidentlərin sonuncu Bern görüşünə diqqət çəkərək yazır: “Bütün bunların fonunda Azərbaycan və Ermənistan prezidentləri yalnız ötən şənbə İsveçrənin Bern şəhərində bir araya gələ biliblər. Ancaq onlar 2007-ci ildə ATƏT-in vasitəçiliyi ilə Madriddə hazırlanmış sülh planının maddələrini reallaşdırmaqdan ümumilikdə çox uzaqdırlar. Plan Azərbaycanın zəbt olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması, ardınca isə referendum yolu ilə indiki separatçı respublikanın gələcək statusunu müəyyən eləməyi nəzərdə tuturdu. ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransanın nümayəndələri isə bir-birini inandırmağa çalışırlar ki, Azərbaycan və Ermənistan hələ ki, onların vasitəçiliyində maraqlıdır”.
Məqalə konfliktin həllində Rusiyanın roluna da toxunub: “Yeri gəlmişkən, ”üçlü vasitəçilər" arasında ən parlaq iştirakçı Rusiyadır. Erməni siyasətçiləri bu xüsusda məyusdurlar və böyük rus qardaşa bir elə əmin deyillər, nədən ki, Ermənistan Avropa Birliyinə inteqrasiya yolundan imtina edib Avrasiya İqtisadi Birliyinə qoşulduqdan sonra da Azərbaycanla yeni müharibə variantında Moskvanın kimin tərəfində olduğu aydınlaşmayıb. Üstəlik, bu günlərdə Azərbaycan tərəfi Vyanada Rusiyanın ATƏT-dəki səfiri Aleksandr Lukaşeviçin ağzından eşitməli oldu ki, “Türkiyənin təklif elədiyi kimi, münaqişə tərəflərindən birini müdafiə eləmək dağıdıcıdır və qəbul oluna bilməz”".
“Türkiyə Azərbaycana silah satır və Ermənistanla sərhədi bağlı saxlamaqla ”qardaş dövləti" dəstəkləyir" - daha sonra qeyd edib müəllif. Məqalə bu fikirlə tamamlanır: “Nəticə etibarilə təhlükəsiz məsələləri üzrə əksər Qərb ekspertləri hesab edir ki, Rusiya prezidenti Vladimir Putin tamamilə mümkündür ki, ötən illərin təcrübəsinə əsaslanaraq Dağlıq Qarabağda yeni müharibə alovlandırıb bundan strateji qazanc götürsün. Ancaq hansı qazanc? Bax, bu, hələlik qaranlıq qalır”.
***
Əslində cavab bir elə qaranlıq da deyil. Məsələ ondadır ki, Rusiya Güney Qafqazda Qərbin, Türkiyənin təsir imkanlarını azaltmaq, onları bölgəyə buraxmamaqdan ötrü öz hərbi mövcudluğunu daha da güclənirməkdə maraqlıdır. Moskvanın bölgə ölkələrinə başqa potensial təsir imkanları mövcud deyil.
O sırada Kremlin münaqişə tərəflərini fakt qarşısında qoyub, Dağlıq Qarabağa sühməramlı qüvvələr adı altında Rusiya qoşunlarını yeritməyə çalışacağı istisna olunmur. Bu barədə neçə vaxtdır siyasi analitiklər açıq bildirirlər. Onların fikrincə, şimal qonşumuzu buna vadar edən həm də bölgədən Qərbə doğru çəkilmiş və çəkiləcək neft-qaz kəmərləri və beynəlxalq kommunikasiya xətlərinə nəzarəti əlində saxlamaqdır.
Kreml strateqləri hesab edirlər ki, həmin strateji neft-qaz və kommunikasiya xətlərinə nəzarəti itirmək elə bölgəyə nəzarəti itirmək deməkdir. Bunun ardınca Xəzər hövzəsində hərbi-siyasi üstünlüyün əldən verilməsi zaman məsələsi olacaq və burada böyük miqdarda hərbi donanmanın saxlanmasına lüzum qalmayacaq.
***
Yaranmış vəziyyətdə problemin dinc vasitələrlə həll yolunun önəmi birə-iki artmış kimi görünür. Əfsus ki, Azərbaycan və Ermənistan prezidentlərinin son birbaşa görüşü də bu yöndə ümid yaratmadı. Demək, müharibə ehtimalı öz aktuallığını saxlayır.
Vəziyyətin gərginliyi üç həmsədr ölkədən biri olan ABŞ tərəfindən də etiraf edilir. Söz düşmüşkən, prezidentlərin Bern görüşünə toxunan ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib ki, görüş iki ölkə liderlərinə bir il ərzində üz-üzə görüşmək və mövqelərini aydınlaşdırmaq imkanı versə də, prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər.
Onun sözlərinə görə, Vaşinqton Minsk Qrupunda Rusiya və Fransa ilə birgə dinc tədbirlərin müzakirəsini davam etdirəcəklər. Dövlət Departamentinin nümayəndəsi xüsusilə insanların çiyin-çiyinə yaşadığı və bundan sonra da bir-birinə etimad etməli olduqları Dağlıq Qarabağ icmalarında xalq diplomatiyasının vacibliyini vurğulayıb.
Cia.az
