|
DİN Xaçmazdakı intihar faktına aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi virtualaz.org saytının dünən dərc etdiyi “Oğlum intihardan əvvəl polis şöbəsində dindirilib...” başlıqlı yazıda yer alan fikirlərə münasibət bildirib.

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytınaaçıqlamasında deyib ki, həmin yazıda Xaçmazın Kiçik-Baraxum kənd sakini Simnarə Ərzumanovanın Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları barədə söylədiyi fikirlərin heç bir hüquqi əsası yoxdur.

“Məlumat üçün bildiririk ki, Xaçmaz rayonunun Müqtədir kənd sakini olan bir qadın bu il noyabrın 17-də RPŞ-yə ərizə ilə müraciət edərək rayonun Kiçik-Baraxum kənd sakini Elçin Ərzumanov tərəfindən telefonda özünün və ailə üzvlərinin təhqir olunduğunu bildirib. Ərizə əsasında aparılan araşdırma nəticəsində qadağan olunmuş dini təriqətlərdən birinin üzvü olduğu müəyyən edilən Elçin Ərzumanovun şikayətçinin yaxın bir qohumu ilə uzun müddət ərzində telefonla danışdığı, daha sonra isə mütəmadi surətdə görüşərək yaxın münaisbətlərdə olduğu aydınlaşıb. Təhqiqat zamanı hər iki şəxsin izahatları alınıb, tərəflər arasında yaranmış anlaşılmazlıq aradan qaldırılıb və bu məqsədlə şöbəyə dəvət olunan Elçin Ərzumanov sərbəst buraxılıb” - deyə O.Mansurzadə bildirdi.

DİN sözçüsünün dediyinə görə, E.Ərzumanovun anasının iddialarının əksinə olaraq RPŞ-də E.Ərzumanova qarşı hər hansı təzyiqdən söhbət belə gedə bilməz: “Elçin Ərzumanov 18.11.2015-ci il tarixdə yaşadığı evə yaxın bağ sahəsində ov tüfəngi ilə özünü vuraraq intihar edib. Hadisədən sonra prokurorluq əməkdaşlarının, məhkəmə-tibb ekspertinin və mərhumun yaxın qohumlarının iştirakı ilə rayon mərkəzi xəstəxanasında meyitə baxış keçirilib, lakin Elçin Ərzumanovun üzərində hər hansı zorakılıq əlamətləri və ya izləri aşkarlanmayıb. İlkin araşdırmalarla ehtimal olunur ki, intihara səbəb Elçin Ərzumanovun ailəli qadınla münasibətlərini açıqlaması olub. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır”.

Cia.az