|
Müxalifət devalvasiyaya görə etiraz aksiyaları keçirmək istəmir
Azərbaycan manatının birdən-birə 50 faiz ucuzlaşdırılması ictimaiyyətdə gərginlik yaradıb. İnsanların arasında narazılıq özünü göstərməyə başlayıb. Belə bir vəziyyətdə ölkə müxalifətinin necə davranacağı, yaranmış situasiyadan istifadə edib hansısa etiraz aksiyaları təşkil edib-etməyəcəyi maraq doğurur. Bu barədə söhbət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, manatın 10 ay ərzində 85 faiz ucuzlaşması ölkədə dəhşətli böhranın başlanğıcıdır: 
“Azərbaycan manatı bundan sonra da hər ay öləcək və 500 faizə qədər ucuzlaşacaq. Çünki bizim manatın arxasında duran yeganə maddi faktor neft idi. Neftin dünya bazarında qiyməti aşağı düşüb və ölkədə hasilatı da azalıb. Bu iki faktor Azərbaycan manatını kağız səviyyəsinə gətirib çıxarıb. Hökumət siyasətində heç bir dəyişiklik eləmək imkanına malik deyil, Avropa və ABŞ-la münasibətlər pozulduğuna görə maliyyə dəstəyi ala, kreditlər götürə bilməyəcək. Beləliklə, faktiki olaraq Azərbaycan hökuməti Yunanıstan kimi deffolt vəziyyətinə düşəcək. Bir azdan baxarsınız, hökumət məcbur olacaq ki, deffolt elan eləsin. Belə bir vəziyyətdə isə ölkədə sosial partlayış qaçılmazdır. Biz nə qədər iqtidara əl uzadırıq, çünki vəziyyət bizi də narahat edir, yaranmış vəziyyətdən çıxış yolları təklif edirik, iqtidar siyasətində dəyişiklik eləmir, yanlış yolda getməkdədirlər. Düşünmürəm ki, kimsə onları bu yoldan saxlaya bilsin.
 
Müxalifət fərqindədir ki, xalqı indiki halda küçəyə çıxarmaq böyük fəlakətlərə gətirib çıxara bilər. Ona görə də biz iqtidara yenə də müraciət edirik ki, yaranmış vəziyyət iqtidarla müxalifətin siyasi dialoqunu tələb edir. Bilmək lazımdır ki, hələ bu ”jurnalıdır", çox ciddi vəziyyət qarşıdakı ildə yaşanacaq. 2016-cı ildə Azərbaycan 1990-cı il vəziyyətinə düşəcək. Odur ki, biz təklif edirik ki, iqtidarla müxalifət bir masa arxasında oturub çıxış yollarını birgə aramalıdır. Yaranmış vəziyyətin fəsadlarının heç olmasa yüngülləşdirilməsi üçün bu vacibdir".
 
   
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, devalvasiya olacağı əvvəlcədən bəlli idi və devalvasiyanın ağır nəticələri ilə üzləşməmək üçün hökumətin atmalı olduğu addımlar var: “Bununla bağlı mən ”Yeni Müsavat" qəzetinə 18 dekabrda demişdim. Bilinirdi ki, ilin sonunda Mərkəzi Bankın rəhbəri gələn il manatın kursu ilə bağlı mövqe ifadə etməlidir, manatla bağlı hesabat verməlidir, buna qədər isə üzən məzənnə siyasətinə keçməli idilər. Bunun sadə səbəbləri var. Uzun illərdir deyirik ki, ölkə təksektorlu inkişaf kursunu qurmuşdu, neft üzərində qurulan siyasət, ölkə iqtisadiyyatının 95 faizini karbohidrogen məhsulları təşkil edirdi. Ölkəyə valyutanın daxil olmasının 90 faizlik yükü neftin üzərində idi. Neftin qiymətinin dünya bazarında aşağı düşməsi Azərbaycan manatının da dözümlülüyünü sarsıtmalı idi. Bu səviyyədə devalvasiya əhalinin vəziyyətinə ciddi təsir edəcək, qiymətlər bahalaşacaq. Üzən valyuta məzənnəsi siyasətinə keçilməsi növbəti mərhələlərdə güclü devalvasiya siyasətini ortaya qoymayacaq. Amma aylıq inflyasiyanın həddi elə səviyyədə olacaq ki, işləyən adamların qazancının ümumi faizi inflyasiyanın faizindən aşağı olacaq. Nəticədə heç kim qazanmayacaq və iş sektoru bütövlükdə dayanacaq. Ölkədə işsizlik böhranı yaşanacaq. Belə bir şəraitdə Azərbaycan müxalifəti nə etməlidir? Bu gün də iqtidara müraciət edirik ki, ölkədəki və regiondakı durumun bu qədər kritik olduğu vaxtda masa arxasında əyləşməyin zamanıdır". 

İ.Ağazadə dedi ki, çıxış yolları birgə aranmalıdır, tapılmalıdır, ölkəni fəlakətə sürükləyən istər iqtisadi, istərsə də regionda baş verən siyasətin qarşısının alınmasının birgə yolları tapılmalıdır: “Hər kəs əlini daşın altına qoymalıdır, hər kəs ölkənin bu vəziyyətdən qurtarması üçün həm praktiki işdə, həm də təbliğat işində birgə iştirak etməlidir. Azərbaycan iqtidarı müxalifətin, fərqli düşünən insanların üzünə qapıları açmalıdır, ölkədə yeni mühit yaradılmalıdır. Gözləmək lazım deyil ki, ac və yoxsul qalan əhali nə vaxt etiraza qalxacaq, bir xaos başlayacaq. Bundan isə ölkə udmayacaq, heç iqtidar və müxalifət də udmayacaq. Nə olacağını proqnozlaşdırmaq çox çətindir. İşi olmayan, ac qalan əhali haqqında proqnoz vermək çox çətindir. Allah eləməsin ki, o vəziyyət yaransın. Amma o da istisna deyil. Bu, hər kəsi narahat etməlidir”. 
 

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirdi ki, müxalifət vəziyyətə adekvat olmalıdır: “Fikrimcə, rus təyyarəsi vurulduqdan, iqtidarın kürəsəl çapda himayədarı olan Rusiya və Türkiyənin yolları diametral şaxələndikdən sonra ölkədə tamamilə yeni mərhələ başlayıb. Diqqət yetirin, məhz Türkiyə Rusiyanın arxasından çəkilib Qərbə yaxınlaşdıqdan, İsraillə diplomatik müstəvidə münasibətləri bərpa etməsi fonunda, ABŞ və Avropa strukturları diplomatik tərzdə hərəkətlənərək, iqtidarı sarsıdacaq addımlar atmağa başlayıblar. Ucuz neft və diversifikasiya edilməmiş iqtisadiyyata malik Azərbaycanı bütövlükdə gərgin sosial şərait gözləyir. Nə etmək olar? İqtidar təkamül xəttini deyil, inadkar əzici xətti davam etdirir. Ona görə də yaranmış şəraiti dəyərləndirməmək, vəziyyətə uyğun təşkilatlanmamaq artıq müxalifətin səhvi olacaq. İnanmaq istəyirəm ki, cəmiyyət belə sosial durumda vahid müxalifətin çağırışlarına qarşılıq verəcək”.
Cia.az