|
Dünyanın gələcəyini müəyyən edən seçkilər:
Amerikada seçki marafonu start götürüb. ABŞ vətəndaşları 2016-cı il noyabrın 8-də ölkənin növbəti prezidentini seçməyə hazırlaşır. Lakin artıq indidən prezidentliyə namizədlərin debatları dünya mediasının gündəmindədir. Çıxışlardan belə aydın olur ki, dünya düzəni ABŞ-da keçiriləcək seçkilərin nəticələrindən asılı olacaq. Hazırda iki namizədin adı mediada daha çox hallanır. 

Bunlar Demokrat Partiyasının namizədi Hillari Klinton və Respublikaçılar Partiyasından namizədliyə iddiaçı Donald Trampdır. Son olaraq Trampın müsəlmanlara qarşı səsləndirdiyi ifadələr bütün dünyada geniş təpki qazanıb və ən böyük rəqibi olan xanım Hillarinin əlində əsas silaha çevrilib. 

Bəs görəsən, müsəlmanların ABŞ-a buraxılmasının  məhdudlaşdırılmasını irəli sürən Donald  Tramp prezident seçiləcəyi halda nələr baş verə bilər? Dünyanın taleyi Amerikadakı prezident seçkilərindən nə dərəcədə asılıdır? 
 
“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran  politoloq Elxan Şahinoğlu bildirdi ki,  Trampın seçilmək ehtimalı azdır və əgər o, seçilsə Amerikanı fəlakətə sürükləyə bilər:
 
 “Respublikaçı namizədlər arasında Tramp daha çox populyardır. Bu da Amerika üçün qeyri-adi hadisədir. Adətən tanınmış siyasətçilər, Konqresdə olan simaların prezident seçilmək şansı daha çox olur. Tramp Konqresdə də təmsil olunmur. Sadəcə, böyük varidatı olan xarizmatik bir insandır və fikirləri ilə cəmiyyətin diqqətini cəlb edir. 
 
Amma düşünürəm ki, son anda Amerika cəmiyyəti məsuliyyətli qərar verərək Trampı seçməyəcək. Çünki Trampın şüarları elədir ki, Ağ Evə sahib olduqdan sonra səsləndirdiyi şüarları tədricən həyata keçirməyə çalışsa, Amerikanın başına çox böyük fəlakətlər gələ bilər. Onun “müsəlmanları Amerikaya buraxmaq olmaz” açıqlaması irqi və dini ayrı-seçkiliyin yaradılması deməkdir". 

Politoloqun fikrincə, Hillari Klintonun seçilmək şansı daha çoxdur: “Klinton dövlət katibi vəzifəsində çalışıb, neçə illərin konqresmenidir, dünya siyasətində öz yeri və dəst-xətti var. Klinton Trampla yarışsa, mən xanım namizədin şansını daha yüksək qiymətləndirirəm. Həm də Amerikada ictimai rəyə böyük təsiri olan beyin mərkəzlərinin də Hillari Klintona üstünlük verəcəyini düşünürəm. Trampın prezident seçilməsi Amerikanın xarici və daxili siyasətində təhlükəsizlik məsələləri ilə bağlı elə böyük problemlər yarana bilər ki, onun altından çıxmaq çətin olar”. 
 
Elxan Şahinoğlu onu da qeyd etdi ki, bu gün Trampın reytinqinin yüksək olması o demək deyil ki, həmin vətəndaşlar mütləq mənada ona səs verəcək: “Həm də Amerikada seçki qanunu bir qədər fərqlidir. Vətəndaş birbaşa prezidenti seçmir, nümayəndələrini seçir, onlar da özləri prezidenti seçirlər. Trampın şüarları vətəndaşların diqqətini cəlb edir. O, iqtisadiyyatı düzəldəcəyinə, terrora qarşı mübarizə aparacağına, terrorun əsas səbəbkarı hesab etdiyi  müsəlmanları ölkəyə buraxmayacağına vəd verir və cəmiyyətdə müəyyən simpatiya toplayır. Seçkiyə yaxın həmin vətəndaşlar  həm də düşünəcəklər ki, bu insan prezident seçilsə, bu məsələləri necə həll edəcək. Bütün müsəlman dünyası ilə Amerika düşmən olsa, bu hansı nəticələrə səbəb olacaq. Ona görə də Trampın reytinqinin yüksək olması o anlama gəlmir ki, seçkilərdə də reytinqi yüksək olacaq. Çünki prezident yarışmasında onun rəqibi bir nəfər olacaq və bu iki nəfər arasında rəqabət gedəcək. Məhz orada vətəndaş artıq məsuliyyətli qərar verəcək”. 

Politoloq qeyd etdi ki, Trampın bu çıxışları sonradan rəqiblərinin əlində ona qarşı silaha çevriləcək və onu nüfuzdan salacaq: “Klinton hazırda Trampa qarşı müxtəlif hücum taktikasını müəyyənləşdirir. Onun zəif yerlərini və səhvlərini tapıb Trampa qarşı istifadə etməyə çalışır. Tramp debatlarında bildirir ki, Putin düz edir, onunla əlaqə qurub bu məsələlərin həllinə çalışmalıyıq. Halbuki Amerikanın beyin mərkəzləri bir çox bəlaların başında məhz Putinin durduğunu deyirlər. Bu cür səhvlərindən  Klinton Trampa qarşı istifadə edir və seçki yaxınlaşdıqca o zəif nöqtələrdən Klinton daha çox Trampı vurmağa çalışacaq.  Seçkilərin nəticələrini indidən söyləmək çətindir. Çünki hələ bir il zaman var. Ancaq mən Trampın prezident olacağını ehtimal etmirəm. Hesab edirəm ki, insanlar son anda məsuliyyətli qərar verəcəklər və Amerika cəmiyyətinə təsir edən o lobbilər də  Trampın necə riskli bir prezident olacağını anlayırlar. Klintonun da prezident seçiləcəyini söyləmək tezdir. Lakin bu bir həqiqətdir ki, Trampın prezident seçilməsi dünyanı və Amerikanı böyük bir fəlakətə sürükləyə bilər. Fəlakət baş verməsin deyə Amerikadakı o güclər sonda Trampın rəqibləri üzərində dayanacaqlar. Bu, respublikaçı namizəd də ola bilər, demokratlardan daha layiqli bir namizəd də...” 
Cia.az