Azərbaycan və Ermənistan prezidentlərinin 2015-ci ildə reallaşan yeganə görüşü də son aylarda təmas xəttində müşahidə olunan gərginliyi azaltmadı. Əksinə, ötən şənbə İsveçrənin Bern şəhərində keçirilmiş danışıqlar ərəfəsi hökm sürən gərginlik elə görüşün davam etdiyi və ondan sonra keçən günlərdə də davam etdi.
Ermənistan Müdafiə Nazirliyi dekabrın 20-nə keçən gecə də təmas xəttində ağır artilleriyanın və minomyotların tətbiqi ilə döyüşlərin davam etdiyini bildirib. Eyni zamanda Ermənistan tərəfi bildirir ki, Azərbaycan ordusu təmas xəttinin Ağdərə istiqamətində yenə də tankdan istifadə edib. Hərçənd ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan təmas xəttində dekabrın 20-nə keçən gecə vəziyyətin ötən günlərə nisbətən “qismən sakit” keçdiyini bildirir. (Virtualaz.org)
Azərbaycan Müdafiə Nazirliyinin son günə olan döyüş xronikasında isə göstərilir ki, düşmən mövqelərinə onlarla atəş zərbəsi endirilib. Ötən həftə boyu gedən döyüşlərdə erməni silahlı birləşmələrinin azı 18 nəfər itki verdiyi, 20 nəfərinsə yaralandığı təsbit olunub. Həmçinin Azərbaycan ordusunun ötən gecə daha bir şəhid verdiyi açıqlanıb. Bu, Müdafiə Nazirliyinin son bir həftədə açıqladığı 4-cü əsgər itkisidir. Ermənistan tərəfin rəsmən açıqladığı itkilər isə 7-dir.
Ermənistanın müdafiə naziri Ohanyanın təcili şəkildə Dağlıq Qarabağa gələrək separatçıların lideri ilə görüşməsi, hərbçilərə baş çəkməsi də düşmənin son itkilərə görə narahatlığının əlamətidir. Lakin erməni nazirin Azərbaycan ərazilərinə gəlməsi növbəti də danışıqlara hörmətsizlik və beynəlxalq prinsiplərə məhəl qoyulmamasından xəbər verir. Düşmən bununla ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında əksini tapan çağırışlara da tüpürmüş oldu.
Ermənistan prezidenti Serj Sərkisyanın məhz Bern görüşündən sonra Moskvaya səfər etməsi də diqqət çəkir. Erməni tərəfi Ermənistan dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər yayıb ki, Sərkisyan dekabrın 21-də KTMT və Avrasiya İqtisadi İttifaqı şuralarının sessiyalarında iştirak üçün Moskvaya gedib. Lakin şübhə yoxdur ki, Sərkisyan Rusiya prezidenti Putinə danışıqlarla bağlı hesabat verməyə gedib. Cəbhədə baş verənlər və düşmənin davranışları isə daha çox ondan xəbər verir ki, 2016-cı ildə də sülh danışıqlarından nəsə pozitiv nəticə gözləməyə dəyməz və hərb variantı hər an reallaşa bilər. Ermənistanın XİN başçısı E.Nalbəndyanın tərəflərin mövqelərinin bir-birindən çox uzaq olması barədə dedikləri də nikbinliyə yer qoymur.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a müsahibəsində deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi münaqişənin həlli ilə əlaqədar münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana təkliflər təqdim olunub: “Bu təkliflər 2014-cü il ərzində prezidentlərin Soçi, Nyu-Port və Paris görüşləri zamanı əldə edilmiş razılaşmaları ehtiva edərək, yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. Altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri isə geniş ictimaiyyətə bəllidir. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında olan işğal edilmiş rayonların mərhələli şəkildə işğaldan azad edilməsi, o cümlədən digər məsələlər əks olunub. Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənən və yenilənmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflərdən çıxış edərək hərtərəfli sülh sazişinin hazırlanması prosesinə başlamağın vaxtıdır”.
Ancaq nazirin dediklərindən bəlli olur ki, Ermənistan buna getmək istəmir: “Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməlləri törətməklə qəsdən vəziyyəti gərginləşdirmək, Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif qeyri-qanuni əməllər həyata keçirməklə Ermənistan hər vəchlə münaqişənin həllinə mane olmağa çalışır”.
***

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Sərkisyanın Bern görüşündən dərhal sonra Moskvaya getməsinin iki səbəbi var: “Birinci səbəb odur ki, Sərkisyan bununla hamıya mesaj göndərir ki, Moskvanın rəyi İrəvan üçün əsasdır. İkinci səbəb isə odur ki, Sərkisyan danışıqların təfərrüatı haqqında Rusiya rəsmilərini şəxsən məlumatlandırmalıdır. Həm də Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Sərkisyanın işinə yarayır. Çünki nə qədər ki, Rusiya-Türkiyə münasibətləri normallaşmayacaq, Moskvanın Qarabağ münaqişəsinin həllinə marağından danışmaq yersizdir. Əslində bu maraq heç əvvəlki illərdə də olmayıb, əks halda, danışıqlar ölü nöqtədən tərpənməli idi”.

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, Azərbaycan prezidentinin Ermənistan adlı formal dövlətin başçısı ilə Bern görüşünün əvvəlcədən heç bir nəticə verməyəcəyi çoxlarına bəlli idi: “Şəxsən mən bu görüşdə bizim iştirakımızı o qədər də arzulamayan şəxslərdən biri idim. Ona görə ki, əvvəlcədən bilinirdi ki, bu görüş heç nəyi dəyişməyəcək və daha çox ATƏT-in Minsk Qrupuna növbəti yalanları, imitasiya xarakterli ”fəaliyyəti" üçün daha çox lazım idi. Bu görüşün də ən çox xeyri məhz o “üç bacıya” - Minsk Qrupuna dəydi, desəm, yanılmaram. Onlar növbəti dəfə özlərinin necə riyakar olmasını ortaya qoydular. Şəxsən mənə maraqlı gəldi ki, görəsən, amerikalı həmsədr erməni separatçıları ilə mehriban pozalar verərək şəkil çəkdirməsini necə izah etdi? Üstəlik, növbəti mənasız görüşdən dərhal sonra ordumuz növbəti itkisini verdi. Bu, erməni və havadarlarının məkrli niyyətlərinin hələ uzun müddət davam edəcəyinin göstəricisidir. Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfi olaraq biz artıq belə formal xarakterli görüşlərə son qoymalıyıq və sərt şəkildə öz haqqımızı tələb etməliyik. Əgər Ermənistan xarici işlər naziri Nalbəndiyan deyirsə ki, mövqelər çox uzaqdır və üst-üstə düşmür, onda hansı danışıqdan, hansı nəticədən söhbət açmaq olar? Rusiyanın vassalı olan Ermənistan heç vaxt özü müstəqil şəkildə qərar vermək istidarında olmayıb və olmayacaq".
Ü.Cəfərov əlavə etdi ki, şimal qonşumuzun da Qarabağ məsələsinin həll olunmasında heç bir nə həvəsi, nə də istəyi əsla görünmür: “Təkcə Türkiyənin Qarabağın işğaldan azad edilməsinin vacibliyi barədə açıqlamasına Rusiyanın göstərdiyi sərt münasibət onların məqsəd və məramlarının nədən ibarət olmasının bariz nümunəsidir. Belə gedişlə biz hələ beynəlxalq qurumlar tərəfindən çox aldadılacaq və yalnız itkilərimizi saymaqla, onların yoxluğu ilə barışmalı olacağıq”.
Hərbi ekspertə görə, əslində Ohanyanın cəbhəyə səfəri də ona hesablanmışdı ki, əvvəlcədən heç bir nəticənin olmayacağını ermənilər bilirdilər: “Onlar narahat idilər ki, Azərbaycan tərəfi, nəhayət, öz sözünü demək üçün lazım olan addımı atacaq. Yəni düşmənin davam edən təxribatlarını ram etmək üçün qətiyyətli addım atacaq və öz ərazi bütövlüyünü təmin etmək haqqında qərar verəcək”.

Konfliktoloq Elxan Mehdiyev həmsədrlərin yekun bəyanatında əksini tapan “hər iki tərəf deyib ki, təklif edilən nizamlama planının üstündə danışıqlar davam etdirilsin” fikrini imitasiya adlandırdı: “Yəni hərə öz mövqeyində qalır, biz etiraz etmirik, deyirlər. Bu da elə deyilən imitasiyaya xidmət edən yanaşmadır. Ermənilər üçün ”danışıqlar davam etdirilsin" fikri onların tam maraqlarına uyğundur. Azərbaycan isə əlacsız olaraq danışıqlardan çıxmamaq üçün buna gedir. Həmsədrlər göstərmək istəyirlər ki, tərəflər onların vasitəçiliyi ilə hərəkət etmək istəyir və Minsk Qrupu formatını qəbul edirlər. Bu da Azərbaycana ünvanlanıb. Onlar qorxuya düşüblər ki, Azərbaycan Minsk Qrupu formatından çıxıb məsələni digər beynəlxalq təşkilatlara daşımaq istəyir. Onlar üçün Yeni il hədiyyəsi artıq edildi və gələn il üçün də geniş büdcəli gəzintiləri var".
E.Mehdiyev qeyd etdi ki, ortada Rusiyanın təklifinin olduğu söylənilir: “Amma detalları haqqında bir şey bilmirik. Hər halda, mənim müşahidəm odur ki, Azərbaycan tərəfi torpaqlardan çıxmağı yenə əsas məsələ kimi irəli sürüb, erməni tərəfi isə təmas xəttində gərginlik bəhanəsi və həmsədrlərin köməyi ilə danışıqların gündəliyini texniki məsələlərin müzakirəsinə tərəf çəkib”. Ohanyanın Qarabağa səfərinə gəldikdə isə E.Mehdiyev deyir ki, burada sürpriz bir şey yoxdur: “Bu, itkilərlə bağlıdır və onun özü bu yerləri çox yaxşı tanıyır. Gəlib ki, əlavə tədbirlər görsün”.

Politoloq Arzu Nağıyev bildirdi ki, Azərbaycanın danışıqlar masasına əyləşməkdə əsas məqsədi ərazi bütövlüyü məsələsinin təsbit olunmasıdır: “Bu şərt qəbul olunarsa, artıq Dağlıq Qarabağ ərazisinə müəyyən statusun verilməsi, əhalinin yerləşdirilməsi, qoşunların təmas xəttindən çəkilməsi ilə status-kvo aradan götürülər. Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri deklorativ addımlardan bir zərrə qədər dərinə gedə bilmir. Onlar heç bu gün də tam şəkildə bəyan edə bilmirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Baxmayaraq ki, bu qərarlar BMT tərəfindən qəbul olunub və qanuniləşib”. A.Nağıyev son zamanlar cəbhədəki gərginliyə diqqət çəkərək bildirdi ki, bu, ümumən regionda sabitliyin pozulmasına yönəlik təhlükəli vəziyyətdir: “Rusiya-Türkiyə qarşıdurmasından sonra 102-ci briqadada canlı qüvvənin, texnikanın sayı artmaqdadır, balans pozulur. Bu da Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addım deyil. Bu gün bu regionda baş verə biləcək hər hansı qarşıdurma bütün dünyanın istər siyasi, istərsə də iqtisadi arenasına böyük təsirlər göstərir, regionda böyük ölkələrin maraqları və bu maraqlardan doğan qarşıdurma var. Rusiya və Türkiyə qarşıdurması fonunda bunu söyləmək olar ki, bu münaqişə üçün nəzərdə tutulan texnika Ermənistana gedə bilər. İranla Azərbaycan arasında Dağlıq Qarabağdan keçən 140 km-lik bir məsafədə ”Boz zona" deyilən nəzarətsiz yer var ki, ermənilər orada narkotik yetişdirir, qeyri-qanuni işlər aparır. Lakin Rusiya o zonanı özününküləşdirməyə çalışır. Məqsəd təbii ki, İran vasitəsilə NATO-nun regiona müdaxiləsinin qarşısını almaqdır. Bu isə Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir - baxmayaraq ki, bütün dünyaya məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi böyük bir müharibəyə keçə bilər".
Politoloq hesab edir ki, Sərkisyanın Moskvaya səfərinin əsas məqsədi həm hesabat vermək, həm də təlimat almaqdan ibarətdir: “Bundan başqa, Sərkisyan dünyaya bəyan etmək istəyir ki, Ermənistan Rusiya ilə bir yerdədir, müttəfiqdir və KTMT-nin üzvüdür. Bunun bir səbəbi də Ermənistanın özünün daxilində siyasi gərginliyin olmasıdır. Sərkisyan göstərməyə çalışır ki, Rusiyanın istəyi və marağı olmadan onu vəzifədən heç bir müxalifət sala bilməz və hazırda Moskvada belə bir istək və maraq da yoxdur”.
Cia.az
