|
Təzyiqi çox yüksək olanları gözləyən TƏHLÜKƏ

Cia.az Neyrocərrah Vüqar Mirzəliyevin Aile.lent.az-a müsahibəsini təqdim edir.

- Müasir dövrdə neyrocərrahiyə sahəsində ən geniş yayılmış problemlər hansılardır?

- Baş və onurğa beyin şişləri, travmaları, anadangəlmə və sonradan qazanılan patologiyalar, hidrosefaliya, beyin qanamaları və s. ilə bağlı müraciətlər daxil olur. Onurğa beyin patologiyaları - bel ağrıları ilə əlaqədar şikayətlər çox olur. Baş beyin patologiyalarından beyin qanamalarına daha çox rast gəlinir. Anadangəlmə patologiyalardan hidrosefaliya geniş yayılıb. Bu, uşaqlarda beyin mayesinin artıq olması ilə müşahidə olunur. Onurğanın boyun, döş, bel və omba nahiyələri var. Yırtıqlar daha çox bel nahiyəsində olur. Çünki bel hissəsində onurğaya daha çox yük düşür. Təbii ki, boyun, döş nahiyələrində də yırtıqlara rast gəlinir.

- Hansı patologiyalar anadangəlmə yaranır, hansılar sonradan qazanılır?

 

- Uşaqlarda hidrosefaliya, spinal diskofizm və s. Spinal diskofizm anadangəlmə inkişaf qüsurudur. Müasir dövrdə bu xəstəliyin qarşısını almaq mümkündür. Bu, fol turşusunun çatışmazlığı nəticəsində yaranır. Adətən, hamiləliyin ilk trimesterində qadınlara fol turşusu təyin edilir. Bu, onurğa beyin patologiyalarının qarşısını almağa kömək edir. Ana bətnində bunu təsbit etmək mümkündür. İnkişaf etməkdə olan ölkələrdə bu patologiya daha geniş yayılıb. Səbəb maarifləndirmənin zəif olmasıdır. İstər xəstələr, istərsə də həkimlərin bu barədə daha məlumatlı olması vacibdir.

- Yeni dünyaya gələn körpələr əməliyyata alınırmı və risk nə qədərdir?

 

- 3, 5 günlük körpələrdə əməliyyat aparmışıq, amma mütləq göstəriş olmalıdır. Məsələn, hidrosefaliya bətn daxilində, yaxud doğuş zamanı qan sızması nəticəsində də yarana bilər. Ümumiyyətlə, hidrosefaliya 2 cür olur: açıq tipli hidrosefaliyada mayenin yaranma və sorulması arasındakı mütənasiblik pozulur və maye artıqlığı olur. Qapalı növdə isə su yollarında tıxanıqlıq yaranır. Körpələrdə beyin mayesinin artması beyin toxumasına təsir göstərir, kəllə daxili təzyiq artır, nəticədə başın ölçüsü böyüyür. Bu, patologiyanın ilkin simptomatikasıdır. Son zamanlar bu problem geniş yayılıb. Təkcə, qan sızması deyil, hər hansı şişin olması, infeksion xəstəliklər, irsi amillərlə bağlı yarana bilər. Adətən, açıq hidrosefaliyada yan mədəcikdən qarına boru şəklində şunt qoyulur ki, beyində sovrulmayan maye qarın boşluğuna axsın. Bu, kəllədaxili təzyiqi aşağı salır.

- Xəstə hər hansı narahatlıq hiss edirmi?

- Görüntü olaraq, yox. Amma şuntun tıxanma ehtimalı var. Buna görə də xəstə daim nəzarətdə saxlanır. Zamanında müdaxilə uşağın normal inkişafına kömək edir. 2 aylıq uşağa müdaxilə olunarsa, beyin toxuması daha az zədələnər. 8,9 aylığında, yaxud 1 yaşında edilən müdaxilənin isə faydası daha azdır.

- Əməliyyat, yaxud əməliyyatdan sonrakı dövrdə ölüm riski varmı?

 

- Bu, patologiyadan, xəstənin yaşından, bədənin vəziyyətindən asılıdır. Əlbəttə, yaşlı insanlarda reabilitasiya müddəti daha uzun olur. Onu da deyim ki, bu xəstəlik 20, 40 yaşında, hətta daha yaşlı insanlarda da müşahidə oluna bilər.

- Neyrocərrahiyə sahəsində “cavanlaşan xəstəliklər” hansılardır?

 

- Beyinə qan sızmalar daha erkən yaşlarda müşahidə olunur. Gənc yaşda insanları təzyiqin qəfil qalxması nəticəsində beyninə qan sızdığı üçün əməliyyat etmişik. Əlbəttə, burada anadangəlmə damar patologiyalarının olması ehtimalı da var.

- Hansı patologiyalarda hərəkət məhdudluğu riski var?

 

- Beyin və onurğa beyin patologiyalarının əksəriyyətində bu risk var. Məlumdur ki, beyin bütün hərəkətləri idarə edir, onurğa beyin isə icra edir. Buna görə də bu nahiyələrdə yaranan patologiyalar nəticəsində hərəkət məhdudluğu yarana bilər.

- Hərəkətin bərpası, yaxud müalicə müddəti nə qədər olur?

 

- Təbii ki, bu, patologiyanın ağırlıq dərəcəsindən asılıdır. Erkən dövrdə müdaxilə daha faydalıdır.

- Skalioz da son dövrlərin ən geniş yayılmış problemlərindəndir. Özəlliklə, məktəblilər arasında bu problemlə qarşılaşanların sayı getdikcə artmaqdadır...

 

- İlk növbədə, anadangəlmə onurğa beyin patologiyalarından danışmaq yerinə düşər. Bunlardan biri tetrakord - gərgin onurğa beyin sindromudur. Onurğa beyin inkişafı dövründə bel fəqərələri səviyyəsində yerləşir. Adətən, erkən dövrdə müdaxilə olunanda skaliozun qarşısını almaq mümkün olur. Təbii ki, skalioz sırf onurğa ilə bağlı da yarana bilər. Adətən, ilkin mərhələdə, yəni skalioza meyllilik olanda uşaqlara karsetlər taxılır, bəzi fizioterapevtik prosedurlar həyata keçirilir. Bəzən qismən, bəzən də tam müalicə mümkün olur. Məktəbli çantalarının ağır olması arzuolunan hal deyil. Çünki hər bir insanın bədəninin ağırlıq götürmə dərəcəsi var. Davamlı yüklənmə hər hansı patologiyaya gətirib çıxarır. Bu səbəbdən də məktəbli çantalarının ağır olması uşaqlara zərərdir.

- Skaliozun ən ağır forması hansıdır?

 

- Onurğa patologiyalarında ölüm riski demək olar ki, yoxdur. Onurğa sütununda önə, yana doğru əyilmələr ola bilər, donqarlıq yaranma ehtimalı var. Bu halda bərpa mümkün olmur, olsa belə, aşağı ətraflarda tamamilə hissiyyat, yaxud hərəkət pozğunluğu yarana bilər. Erkən dövrlərdə karset taxılır, fizioterapiya müalicəsi aparılır. Amma daha ağır patologiyalarda əməliyyat mütləqdir. Fəqərələr açılır, istiqaməti dəyişdirilir və fiksasiya olunur. Bəzən bir əməliyyat yetərli olmur. Proses bir neçə mərhələli ola bilər. Bu, onurğanın əyriliyindən asılıdır. Əməliyyatdan sonrakı 2 il müddətində xəstə nəzarətdə saxlanılır. Hətta qoyulan metallar dəyişdirilə bilər. Sonrakı bir neçə ildə müayinə aparılır.

- Uşaqlarda beyində kistlər yaranır. Bu,nə ilə əlaqədar ola bilər?

 

- Exinakok kistlərinə həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir. Məsələn, qaraciyərdə olan exinakok beyinə yayıla bilər. Bu kistlərin onurğada da yaranma ehtimalı var. Əgər əməliyyat zamanı kistlər açılsa, kəskin şəkildə yayıla bilər. Bu səbəbdən də kistlərin deşilmədən çıxarılması vacibdir. Yaxud beyin qanamalarından sonra abseslər (irin yığılması) yarana bilər. Simptomları qızdırma, hərəkət pozğunluğu, baş ağrıları və s.-dir

- Neyrocərrahiyədə ən ağır və ən riskli əməliyyatlar hansılardır?

 

- Ən ağır patologiyalar damarlarla əlaqəli patologiyalardır. Xüsusilə, beyin damarlarının anevrizmaları. Beyin arteriyalarında bu anevrizmalara daha çox rast gəlinir. Yüksək təzyiq olduğuna görə beyinə qan sızır. Nəticədə, əlavə qan kütləsi beyinə basqı edir. Bu, damarları daraldır. 3 həftə ərzində xəstənin ölüm riski yüksək olur. Ümumiyyətlə, beyin anevrizmalarının qanaması müşahidə olunursa, xəstələrin 50% xəstəxanaya çatmadan ölürlər. Əməliyyat aparılan xəstələr isə 3 həftə müddətində reanimasiyada saxlanılır. Heç bir ağırlaşma olmazsa, kəskin dövrü bitirmiş olur. Beyinə qan sızma riski olduğundan hidrosefaliya da yarana bilər. Ümumiyyətlə, bu patologiya bir neçə patologiyaya səbəb ola bilər. Ona görə bu xəstələr ən ağır xəstələr sayılır. Tamamilə müalicəsi mümkündür. Amma hər xəstədə 100% nəticə alınmır.

 

Cia.az