|
Keçmiş deputatın prokurorluqda işləyən oğlu müxalifətə keçdi

Keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun prokurorluq orqanlarında işləyən oğlu Rüfət Səfərov sensasiyalı bəyanat yayıb.

Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan R.Səfərov ölkədəki “kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq” vəzifəsindən istefa verdiyini bildirib.

Keçmiş deputatın oğlu istefa ərizəsinin surətini azpolitika.info saytına göndərib.

R.Səfərov ərizədə yazır ki, “ölkədə tüğyan edən şərəfsizlik və ləyaqətsizliyə etiraz əlaməti olaraq” tutduğu vəzifədən istefa verir. “Addımıma görə xəstə ata və anamla işi olan kəs nakəsdir! Nə işiniz olsa, idrakım hazırdır” - deyə ərizədə həmçinin xəbərdarlıq edilir.

R.Səfərov bildirib ki, II dərəcəli hüquqşünas kimi 5 ildir Zərdab Rayon Prokurorluğunda müstəntiq vəzifəsini tutur. Dediyinə görə, bu illər ərzində heç kimlə şəxsi zəmində problemləri olmayıb. Bu gün istefa verməsi də sırf özünün istəyi ilə bağlıdır: “Ali təhsilimi başa vurduqdan sonra təxminən 6 il Kənd Təsərrüfatı Nazirliyində aqrar hüquq sahəsində hüquqşünas kimi çalışmışam. 2011-ci ildə üç mərhələli imtahandan sonra prokurorluq orqanlarına daxil olmuşam. 5 ilə yaxındır müstəntiq kimi fəaliyyət göstərirəm.

Uzun müddətdir ölkədə haqq və hüquqların tapdanması məni bu qərarı qəbul etməyə vadar etdi. Mən buna radikal yox, normal qərar deyirəm. “Azadlıq” qəzeti vasitəsi ilə xalqıma müraciət edirəm. Əvvəlcə xalqımdan dönə-dönə üzr istəyirəm ki, bu qərarı verməkdə bir qədər gecikmişəm. Bəlkə də bu addımı 2-3 il əvvəl atmalı idim. Xüsusi vurğulamaq istəyirəm ki, şəxsi müstəvidə heç kimlə heç bir problemim olmayıb. Aylıq maaşım, dolanışığım, evim, şəxsi avtomobilim var. Şəxsi planda heç kimdən şikayətim və ya narazılığım yoxdur. Lakin ictimai müstəvidə vəziyyət çox acınacaqlıdır. Millətimin taleyindən hədsiz narahatam. Bu gün oğrular, korrupsionerlər bayırda kefdə-damaqdadır, zərrə qədər günahı olmayan insanlar isə həbsxanalarda çürüyür. Onların yeganə günahı həqiqəti söyləmələridir”.

R.Səfərov bu açıqlamalarından sonra atasının ondan üz döndərəcəyini, hətta rəsmi səviyyədə imtina edəcəyini də istisna etmir: “Atam Eldar Sabiroğlu Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır. Bu gün də həmin partiyanın sıralarındadır. Atam zəng edib məni tənbeh etdi. Bəlkə də məhkəmə qaydası ilə məndən imtina da edəcək.

Atama müraciət edirəm. Əziz atam Eldar Sabiroğlu. Qətiyyən narahat olma. Məni övladlıqdan rədd etsən də, məndən imtina etsən də bil ki, sən, anam və başqa doğmalarım nə qədər əziz olsanız da mənim üçün millətimin müqəddəsliyi daha üstündür. Millətim rəzil gündədir. Görün insanları nə günə salıblar ki, rayon prokurorluğunda vətəndaş gəlib müstəntiqdən borc istəyir”.

İstefa ərizəsini rəsmən bazar ertəsi təqdim edəcəyini deyən R.Səfərov baş prokuror Zakir Qaralova da müraciət edib: “İstefa ərizəmi faks yolu ilə baş prokurora ünvanlayacam. Fürsətdən istifadə edib Zakir Qaralova təşəkkür etmək istəyirəm ki, nisbi də olsa şərait yaradılıb və insanlar imtahanlarda iştirak edib prokurorluq orqanlarında işə düzəlirlər. Lakin o da reallıqdır ki, heç bir savadı olmayanlar imkanları, pulları olduğuna görə şəhərin mərkəzində əyləşib istintaq aparır və insanların taleyi ilə oynayırlar. Elə düşünməyin ki, Rüfət Səfərov bu gün Zərdabda əyləşib və nədənsə şikayətçidir. Namusuma and içirəm ki, Zərdabdan şikayətçi deyiləm. Həsən bəy Zərdabinin ruhu prokurorluq sisteminə nifrət edib ayrıldığımı bəyan emək cəsarəti verib. Mən bu fikrimi xüsusi qabartmaq istəyirəm ki, kimsə şəxsi problemimin olduğunu düşünməsin. Rüfət Səfərovun problemi şəxsi yox, ictimai müstəvidədir”. 

R.Səfərov facebookda paylaşdığı postlarında isə müxalifətə keçdiyini də elan edir.

Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun prokurorluq orqanlarından istefa verib müxalifətə keçməsi barədə bəyanatına münasibət bildirib.

E.Sabiroğlu oğlunun bu addımından xəbərsiz olduğunu deyib: “Əlbəttə, mənim üçün məyusedici, ağır vəziyyətdir. Oğlum dözümsüzlük göstərdi. Tam səmimiyyətlə deyirəm: o, bu addımı məndən xəbərsiz atıb. Mənə deyirdi ki, yüksək balla prokurorluq orqanlarına işə qəbul olunmasına baxmayaraq 5 ildir Zərdab rayonundadır. Aşağı bal toplayanların isə il yarım, iki ildən sonra yerləri dəyişdirilib. Burada həqiqət var. Mən özüm də dəfələrlə prokurorluq orqanlarına müraciət etdim, bu gün-sabaha saldılar. Oğluma qarşı ayrı-seçkilik edirdilər. Mən bunu aydın hiss edirdim”.

E.Sabiroğlu deyib ki, oğlunun belə sərt qərarına son vaxtlar onun özünə qarşı hücumlar təşkil olunmasının da təsiri olub: “İkinci səbəb isə mənimlə bağlıdır. Oğlum özünü təhqir olunmuş hesab edirdi. Məlum yazılarla bağlı məni, ailəmi təhqir etdilər, aşağıladılar. Hətta ermənilərə işləməkdə suçladılar. Bu da gənc adamdır, dözə bilmədi. Lakin gərək belə yol tutmayaydı. Mənim üzərimə yeriyənlərin əlinə əlavə faktlar verməməli idi”.

Tanınmış YAP-çı bildirib ki, oğlunun qərarı onun siyasi mövqeyinə təsir etməyəcək: “Bütün bunlara baxmayaraq mən yenə də öz mövqeyimdən - Heydər Əliyev və İlham Əliyev siyasətini dəstəkləməkdən geri çəkilmirəm. Oğlumun qərarına görə mənə qarşı yenə də hücumlar və mətbuatda təhqirlər olacaq. Eybi yoxdur...”

Cia.az