|
Bern danışıqları:

İsveçrənin Bern şəhərində keçirilən danışıqların başa çatmasından dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev danışıqların keçirildiyi zalı tərk edib.

Ermənistan prezidenti Serj Sərkisyan isə Minsk Qrupu həmsədrləri ilə müzakirələri davam etdirib.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan bildirib.

V.Akopyan özünün Twitter bloqunda Azərbaycan prezidentinin xarici işlər naziri Elmar Məmmədyarovla zalı tərk etdiyini əks etdirən fotonu da yayıb.

Serj Sərkisyan həmsədrlərlə bir qədər müzakirələr apardıqdan sonra o da danışıqların keçirildiyi İsveçrə hökumət qəbul evini tərk edib.

Bundan əvvəl məlumat yayılmışdı ki, prezidentlərin təkbətək görüşü başa çatdıqdan sonra Minsk Qrupunun həmsədrləri və xarici işlər nazirləri zala dəvət olunub. Danışıqlar bu formatda davam etdikdən sonra prezidentlər mətbuata açıqlama vermədən oteli tərk ediblər.

*   *   *15:28

Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrənin Bern şəhərində keçirilən danışıqları başa çatıb.

Virtualaz.org saytı xəbər verir ki, bir neçə dəqiqə əvvəl İlham Əliyevlə Serj Sərkisyan danışıqların keçirildiyi hökumət qəbul evini tərk ediblər. Bu zaman prezidentlər mətbuat üçün heç bir açıqlama verməyiblər.

Nümayəndə heyətlərindən birindəki mənbə isə “RİA Novosti” agentliyinin müxbirinə deyib ki, görüş barədə bəyanatı daha sonra Minsk Qrupu həmsədrləri verəcəklər.

*   *   *14:52

Azərbaycan və Ermənistan prezidentləri arasında İsveçrənin Bern şəhərində keçirilən təkbətək görüş bu dəqiqələrdə başa çatıb.

Virtualaz.org saytı xəbər verir ki, amerikalı həmsədr Ceyms Uorlik İlham Əliyevlə Serj Sərkisyanın təkbətək görüşünün 1 saatdan bir az çox çəkdiyini yazıb.

C.Uorlik öz Twitter səhifəsində bildirib ki, bundan sonra prezidentlər Minsk Qrupunun həmsədrlərini və xarici işlər nazirlərini zala dəvət ediblər.

Görüşün cəmi 1 saat çəkməsi bunu deməyə əsas verir ki, Qarabağda artilleriya və tanklardan da istifadə olunmaqla şiddətli döyüşlərin getdiyi bir vaxtda Azərbaycan və Ermənistan dövlət başçıları münaqişənin nizamlanması yollarının axtarılmasında ortaq nöqtələr tapa bilməyiblər.

Gözlənilir ki, görüş xarici işlər nazirlərinə müzakirələri davam etdirmək barədə protokol xarakterli razılaşma ilə başa çatacaq.

Uorlikdən fotolar: "Prezidentləri gözləyirik..."

*   *   *14:40

Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü əvvəlcə Mink Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andire (Fransa), ATƏT sədrinin şəxsi nümayəndəs Anjey Kasprşkin iştirakı ilə başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, Ermənistan prezidentinin mətbuat xidməti bildirir ki, daha sonra prezidentlər təkbətək görüşə keçiblər.

Görüş başlamazdan əvvəl Azərbaycan və Ermənistan prezidentləri İsveçrə xarici işlər naziri Didye Burkhalterlə ayrı-ayrılıqda görüş də keçiriblər.

*   *   *13:49

Hazırda prezidentlər arasında təkbətək görüş başlayıb.

Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı hənsədri Ceyms Uorlik öz Twitter səhifəsində məlumat paylaşıb. Görüşün daha sonra geniş tərkibdə davam edəcəyi gözlənilir.

*   *   *13:16

İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlər Serj Sərkisyanın görüşü başlayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat katibi Vladimir Akopyan məlumat yayıb. O, öz Twitter səhifəsində görüşün tezliklə başlayacağını yazıb.

V.Akopyan bildirib ki, İsveçrə hökumətinin qəbul evinə əvvəlcə Azərbaycan prezidenti, daha sonra isə Sərkisyan gəlib. Prezidentləri İsveçrənin xarici işlər naziri Didye Burkhalter qarşılayıb.

Xatırladaq ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilir.

Bu görüş təmas xətti boyu toqquşmaların yenidən şiddətləndiyi, artilleriya müharibəsinin getdiyi bir vaxtda baş tutur. Hazırda cəbhə xətti boyu gedən toqquşmalarda hər iki tərəf minaatanlardan, artilleriyadan istifadə edir. Həmçinin son günlər pilotsuz kəşfiyyat təyyarələrindən çəkilən və hədəflərin artilleriya vasitələri ilə necə vurulduğunu əks etdirən kadrlar da yayılmaqdadır.

Cia.az