Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində əməliyyat keçiriblər. Xüsusi əməliyyat zamanı şöbənin rəhbəri Yaşar Səfərovun saxlanılması haqda xəbər yayılıb.
Onun çirkli pulların yuyulmasında ittiham olunduğu bildirilir və qeyd olunur ki, Səfərov Beynəlxalq Bankın sabiq rəisi Cahangir Hacıyevinin ən etibarlı kadrıdır. Uzun müddət bankın Xaçmaz filialının müdiri olub "özünü doğruldandan" sonra isə Sankt-Peterburqa göndərilib.
Rəsmi məlumatlarda bildirilir ki, ofisdəki axtarışın səbəbi pulların xaricə qanunsuz çıxarılması ilə bağlıdır.
Qeyd edək ki, Yaşar Səfərov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.
Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli isə “Qafqazinfo”ya hüquq-mühafizə orqanları əməkdaşlarının filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəldiklərini bildirib. Onun sözlərinə görə bankın Sankt-Peterburq filialı hazırda işləyir və fəaliyyətində heç bir problem yoxdur. Yaşar Səfərovun həbsi barədə yayılan məlumatlar isə əsassızdır.

Cia.az
