Ermənistan və Azərbaycan prezidentləri arasında çoxdan gözlənilən görüşün yeri və vaxtı açıqlanıb.
İlham Əliyevlə Serj Sərkisyan İsveçrənin Bern şəhərində görüşəcəklər.
Ermənistan prezident Serj Sərkisyan sabah dekabrın 18-də Bernə işgüzar səfər edəcək. Bu haqda Sərkisyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dekabrın 19-da Berndə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Əliyevlə Sərkisyan arasında görüş olacaq.
Bu görüş təmas xətti boyu toqquşmaların yenidən şiddətləndiyi, artilleriya müharibəsinin getdiyi bir vaxtda baş tutur. Azərbaycan ordusu düşmən tərəfin açdığı minomyot atəşi nəticəsində bu gün daha bir əsgərini itirib.
Hazırda cəbhə xətti boyu gedən toqquşmalarda hər iki tərəf minaatanlardan, artilleriyadan istifadə edir. Həmçinin son günlər pilotsuz kəşfiyyat təyyarələrindən çəkilən və hədəflərin artilleriya vasitələri ilə necə vurulduğunu əks etdirən kadrlar da yayılmaqdadır.
Ekspertlər hesab edir ki, indik vəziyyətdə prezidentlərin görüşündən nəticə gözləməyə dəyməz.
Cia.az
