|
Yeni il süfrəsi azı 60, ən çoxu isə 1000 manata başa gələcək
Yeni təqvim ilinin gəlişinə sayılı günlər qalıb. Bayram yaxınlaşdıqca insanlarda yüksək əhval-ruhiyyə ilə yanaşı,  bir sıra qayğılar da yaranıb. Əsas qayğılardan biri də bahalaşma ərəfəsində normal Yeni il süfrəsi açmaqdır. Adi günlərdən fərqli olaraq bayram günündə açılan süfrədə müəyyən qədər çeşid zənginliyi olmalıdır ki, bu da bir çox ailələrin büdcəsinə uyğun gəlmir. 

Ortabab bir Yeni il süfrəsi açmağın neçəyə başa gələcəyini öyrənmək üçün market və bazarlara üz tutduq. Bir çox alıcılar əllərində siyahı onlara lazım olan ərzaqları indidən alırdılarsa, çoxu, sadəcə baxmaqla və qiymətin baha olduğuna etiraz etməklə kifayətlənirdi. Apardığımız müşahidə alıcılıq qabiliyyətinin o qədər də yüksək olmadığını və insanların əvvəlki illərlə müqayisədə yüksək bayram əhval-ruhiyyəsində olmadığını deməyə əsas verirdi ki, bu da bilavasitə “əl yandıran” qiymətlərlə bağlıdır. 


 
Qiymətlərə gəlincə isə düyülərin qiyməti növündən asılı olaraq 1 manat 50 qəpik - 6 manat arası, yaşıl noxud çəkisindən və növündən asılı olaraq 90 qəpik - 4 manat arası, mayonezlər 1 manat 20 qəpik - 3 manat arası, duzlu xiyar 1 manat 80 qəpik - 4 manat arası, yumurta 13-15 qəpik arası, toyuq 3-5 manat arası, toyuğun ayrıca satılan hissələri 2-4 manat arası, pomidor 1 manat 60 qəpik - 2 manat 50 qəpik arası, xiyar 2 manat 50 qəpik, kartof 80 qəpik- 1 manat 30 qəpik arası, soğan 60-80 qəpik, göyərti 4 dənəsi 1 manat (bəzi yerlərdə 5 dənəsini də 1 manata almaq olar), alma 1-4 manat arası, nar 1-2 manat arası, banan 2 manat 50 qəpik, xurma 80 qəpik, qoz  ləpəsi 7-18 manat arası, fındıq ləpəsi 8-15 manat arası, badam 16 manat, şabalıd 5-10 manat, qaysı 4-8 manat  arasında satılırdı. 
 
Buradan da göründüyü kimi, az gəlirli 4-5 nəfərlik bir ailənin - bir toyuq, düyü plovu, salat, içki, şirniyyatdan ibarət süfrəsi ortalama hesabla ən azı 50-60 manata başa gələcək. Təbii ki, bunu da zəif süfrə adlandırmaq olar ki, hazırkı vəziyyətdə əhalinin əksəriyyətinin bayramı elə nisbətən zəif süfrə ilə qarşılayacaqları güman edilir. Təəssüf ki, artıq bayram süfrələrində də təbəqələşmə gedir. Kasıbsayağı süfrə, ortabab və zənginlərin süfrəsi. Fərqlər isə gözlə görünəcək və insanı təəccübləndirəcək dərəcədədir. Yuxarıda kasıbsayağı süfrəyə lazım olan ərzaqları və bu süfrəni açmaq üçün təxminən nə qədər vəsait lazım olduğunu qeyd etdik. Ortabab və zəngin süfrəsi açmaq neçəyə başa gəldiyini öyrənmək üçün təxmini hesablama apardıq. 
 
Apardığımız müşahidə və qiymətlər ortabab süfrə açmaq sizin ən azı 200-300 manatınızı apara bilər ki, bu da maaşınızın yarısı, bəlkə də hamısı deməkdir. Bu cür süfrədə əsasən plov və dolma olur ki, bunların da hazırlanması indiki qiymətlərlə təxminən 30-40 manata başa gəlir. Tort və şirniyyat 30-100 manat, meyvə 30-50 manat,  çərəz 40 manata başa gəlir. Hələ digər ərzaqları demirik.
 
Zənginlər üçün süfrədə isə əsas elementlərdən biri xüsusi hazırlanmış salatlar və illərin şərablarıdır ki, əsas pulu da məhz bu iki qida aparır. 4-5 nəfərlik zəngin bayram süfrəsinə təxmini bunlar gedir:  plov 50-60 manat,  2 növ isti yemək 80-100 manat,  balıq 30-70 manat, kabablar 100 manat, içkilər 300 - 1000 manat, meyvələr 100 manat, tort və şirniyyat 50-100 manat, çərəz 60-80 manat. 


 
Ümumiyyətlə, bazar və marketlərdə apardığımız müşahidələr bayrama qədər qiymətlərin daha da qalxacağını deməyə əsas verir. Bunu satıcıların özləri də təsdiqləyirdilər. Onlar tələbat çox olduğundan qiymətlərin nisbətən artacağını deyirdilər. Alıcılar isə bayram üçün lazım olan ərzaqların bəzilərini indi alsalar da, əksəriyyət bayram yarmarkalarının açılmasını gözlədiyini və qiymətlərin orada nisbətən ucuz olacağına ümidləndiklərini söyləyirdilər. 
Onu da qeyd edək ki, artıq bir çox iri marketlər yeni il hədiyyələri - “birini al-ikincisini yarı qiymətə və ya hədiyyə olaraq al” tipli kampaniyalarına başlayıb. Bir çox alıcılar da bu kampaniyaya qoşulan ərzaqlardan alırdılar. 
 
Bayram üçün lazım olan zəruri ərzaq məhsullarının bahalaşma səbəbinə gəlincə isə iqtisadçı ekspert Rəşad Həsənov bunun təbii bir proses olduğunu dedi: “Bazar iqtisadiyyatının mövcud olduğu bir yerdə süni qiymət artımından danışmaq doğru olmaz. Əgər süni qiymət artımına yol açan səbəblər varsa, hökumətin əsas vəzifəsi də bu səbəblərin aradan qaldırılmasını təmin etmək olmalıdır. Yəni xüsusilə də inhisarçılıqla bağlı məsələlərə bu istiqamətdə diqqət yetirilməlidir. Bütövlükdə qiymətlərin artımı təbii bir prosesdir. Xüsusilə bayram dövründə tələbatın yüksəlməsi qiymətlərin artırılmasını stimullaşdıran əsas səbəb olur. Xüsusilə də bir çox məhsullar var ki, onların satışı bayram dövründə daha prioritet təşkil edir ki, bu da təbii ki, sahibkarlar tərəfindən qiymətləndirilir. Onlar bu dövr ərzində öz gəlirlərini artırmaq istiqamətində səylərini artırırlar. Amma düşünmürəm ki, 2015-ci ilin sonunda əhalinin istehlak qabiliyyəti əvvəlki dövrlərlə oxşar olsun. Bu isə ona gətirib çıxaracaq ki, sahibkarlar və işbazlar tərəfindən gözlənilən tələbat artımı baş verməyəcək. Düşünürəm ki, bu bir çox hallarda həmin şirkətlərin, sahibkarların nəzərdə tutduğu gəliri əldə etməsində problem yaradacaq. Düşünürəm ki, vətəndaşlar bu dövrdə daha qənaətcil davranacaqlar. Xüsusilə də böyük ehtimalla diqqət və tələbat yarmarkalarda daha da yüksələcək. Burada qiymətlər digər yerlərlə müqayisədə daha ucuz oldu. Bunda əlavə, insanlar artıq bazar iqtisadiyyatının şərtlərinə uyğunlaşmağa cəhd göstərməlidir. Böyük supermarketlər şəbəkələrində kampaniyalar həyata keçirilir. Bayram ərəfəsində bu cür kampaniyaların artacağı gözlənilir. Bu kampaniyalar zamanı yaradılan imkanlardan yararlanmaq ailə büdcəsinin daha qənaətcil xərclənməsinə gətirə bilər”(musavat).
Cia.az