ABŞ-Azərbaycan münasibətlərindəki gərginliyin nisbətən səngidiyi bir ərəfədə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin yanlış davranışları yenidən iki paytaxt arasında problemlər yaradıb. Dekabrın 9-da C.Uorlik Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobbi təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupun təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” başlıqlı qondarma tədbirə qatılıb.
Üstəlik, o, tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanla görüşüb ki, bu da Azərbaycan ictimaiyyətinin, həmçinin rəsmi Bakının etirazına səbəb olub.
İki gün əvvəl xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı Xarici İşlər Nazirliyinə dəvət edərək ona Bakının etiraz notasını təqdim edib. Notada qeyd edilir ki, birbaşa Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan bu səpkidən olan tədbirlərdə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin iştirakı Minsk Qrupunun həmsədr institutunun mandatına tamamilə ziddir və onun neytrallığı və qərəzsizliyinə kölgə salır. Bu kimi addımın kütləvi miqyaslı dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin legitim olaraq tanınmaması barədə ABŞ-ın rəsmi siyasətinə zidd olduğu da diqqətə çatdırılır.

Səfir Robert Sekuta Azərbaycanın narahatlıq və narazılığının ifadə olunduğu notanın Dövlət Departamentinə təqdim olunacağını bildirib. Davranışları ilə beynəlxalq hüquqa hörmətsizlik edən və ölkəsini çətin vəziyyətdə qoyan Uorlik isə vəziyyətdən çıxmağa çalışıb. “Dağlıq Qarabağdakı de-fakto hakimiyyətlə bağlı ABŞ-ın siyasəti dəyişməz olaraq qalır.
Biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edirik” - deyə həmsədr bildirib. Uorlik deyib ki, münaqişənin hərtərəfli həllinin bir hissəsi olaraq işğal olunmuş torpaqlar qaytarılmalıdır: “Bura Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxildir. Qeyd edilməlidir ki, ədalətli həll beynəlxalq hüquqa əsaslanmalıdır. Buraya Helsinki Yekun Aktı və güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipləri daxildir. Nə biz, nə də Ermənistan da daxil olmaqla, başqa bir ölkə Dağlıq Qarabağdakı rejimi tanımır. Bununla belə, Minsk Qrupunun həmsədrləri etdiyi kimi, Dağlıq Qarabağın bütün əhalisinin səsini dinləmək lazımdır”, - deyə amerikalı həmsədr əlavə edib.
***
Bu arada Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün Qarabağda, Avropada və ya Gürcüstanda keçirilməsi təklif olunduğu barədə xəbər yayılıb. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib ki, icmaların görüşməsi istiqamətində işlər davam etdirilir: “Amma hələ ki ciddi yenilik yoxdur. Ermənistanın siyasi rəhbərliyi həmişə olduğu kimi maneçilik törədir. Görüşün baş tutmasına ümid edirik. Biz onları konstruktiv mövqeyə dəvət etmək istiqamətində işimizi davam etdiririk”.
Bundan əvvəl cəhdlər olsa da, erməni icması görüşdən imtina etmişdi. Qarabağ separatçıları tərəf kimi danışıqlar prosesində iştiraka iddialıdır deyə, icmalararası görüşdən yayınır. Ola bilər ki, amerikalı həmsədrin erməni separatçılara meydan tanımasını arxa plana keçirmək üçün kimlərsə boş və mənasız ideyanı ortaya atıb.
Lakin Azərbaycan tərəfi diplomatın sayğısız davranışına qarşı çox qəzəblidir. Milli Məclis sədrinin müavini Bahar Muradova da məsələyə münasibət bildirib. Vitse-spiker Uorlikin bu hərəkətini beynəlxalq hüquqa və Azərbaycan qanunlarına zidd addım kimi qiymətləndirib. Muradova bildirib ki, ABŞ-ın qondarma rejim “rəsmisinə” viza verməsi və umumiyyətlə, yüksək səviyyəli görüşlərin təşkil edilməsi, Ceyms Uorlikin sözügedən tədbirə qatılması və bu hərəkətini danışıqlar prosesinə töhfə verəcək addım kimi qiymətləndirməsi vasitəçilik missiyasına sığmır. “Uorlikin hərəkətinə görə bu ölkənin yüksək səviyyəli rəsmiləri öz mövqelərini ifadə etməlidir”, - deyə, o əlavə edib. B. Muradova C. Uorlikin həmsədrlik postundan geri çağırılması məsələsinin mümkün ola biləcəyini söyləyib.

Politoloq Arzu Nağıyev Nağıyev “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, qondarma bir qurumun nümayəndəsini ABŞ-a dəvət demək və bunu insan haqları ilə bağlamaq, hər tərəfin nümayəndələri ilə görüşmək məsələsi bir diplomatik gediş idi: “Yəni Ceyms Uorlik dəfələrlə hər iki tərəflə görüşlər keçirərək son vaxtlar ən dinamik həmsədrə çevrilmişdi. Buna da səbəb ABŞ -ın münaqişənin həllində təşəbbüsü əlinə almaq istəyi idi. Lakin fakt budur ki, Minsk Qrupu Rusiya, Fransa və ABŞ-dan ibarətdir. Rusiya son vaxtlar Ermənistanın strateji tərəfdarı olduğunu daha qabarıq şəkildə büruzə verir və münaqişənin olduğu kimi saxlanmasını arzulayır, Fransa demək olar ki, heç bir fəal addım atmır, bundan istifadə edən ABŞ öz mövqeyini ortaya qoymağa çalışır. Bu da məntiqi nəticə kimi Uorlikin nümayiş etdirdiyi mövqe ilə nəticələnir. Sonda isə münaqişənin həlli uzanır və ya atəşkəsin daha intensiv pozulmasına, itkilərin verilməsinə, gərginləşməsinə, hətta ağır texnikadan istifadələrə gətirib çıxarır. Yəni regionda bir sıra dövlətlərin apardığı nüfuz savaşı bu gün münaqişənin həllində özünü mənfi tərəfə göstərir”.
Türkiyənin Qarabağ məsələsinə həssas münasibətinin qarşılığında Moskvadan gələn “destruktiv” reaksiyasına gəldikdə, A.Nağıyev bunları vurğuladı: “Təbii ki, Türkiyənin mövqeyi, o cümlədən Azərbaycanla strateji tərəfdaş və müttəfiq olması bu gün nə Rusiyanı, nə Fransanı, nə də ABŞ-ı qane edə bilməz. Rusiya hesab edir ki, Türkiyə NATO-nun üzvüdür və əvvəl-axır ABŞ və Fransa ilə razılıq əldə edəcək. Şimal qonşumuz öz bəyanatlarında hətta NATO qoşunlarının Dağlıq Qarabağ ərazisindən Rusiyaya həmlə edəcəyi kimi absurd bəyanatlar da verir. Belə bəyanatlar isə təbii ki, ABŞ-ı qane etmir. Yəni hər iki halda bizim əleyhimizə olan addımlar atılır”.
Ekspert Azərbaycanın xarici siyasət idarəsinin ABŞ-a notasını isə tam təqdir etdi: “Bakının Uorliklə bağlı bəyanatı düzgün atılan addımdır və təqdirəlayiqdir. Yəni tərəfdaşlıq, dostluq öz qüvvəsində qalmaqla nüfuz davası məhz Qarabağ münaqişəsi üzərində qurulmamalıdır. Düşünürəm ki, Rusiyanın Türkiyə ilə bağlı bəyanatına da cavab verməyə dəyməz. Çünki burada əsas məqsəd Türkiyə ilə olan siyasi gərginliyin təzahürüdür. Türkiyə məhz bu münaqişəyə görə Ermənistanla sərhədləri açmır, Azərbaycanı yüksək beynəlxalq qurumlarda təmsil edir, münaqişə ilə bağlı bəyanatlar verir, təbii ki, bu da Rusiyanı qane etmir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə düşünür ki, Uorlik yenə lazımsız yerə vəziyyəti gərginləşdirib: “Separatçı Dağlıq Qarabağ rejiminin ”xarici işlər naziri" Karen Mirzoyan ABŞ-da səfərdədir. Uorlik Vaşinqtonda onunla görüşüb. Əlbəttə, həmsədrlər Dağlıq Qarabağa səfərləri çərçivəsində separatçı rejimin müxtəlif nümayəndələri ilə görüşür və fikir mübadiləsi aparırlar. Buna heç kim etiraz etmir. Ancaq separatçıların təmsilçisinin ABŞ-a səfəri və oradakı görüşləri, üstəgəl də amerikalı həmsədrin Dağlıq Qarabağdan kənarda onunla görüşü Azərbaycanın haqlı narazılığına səbəb olub. Bu, faktiki Uorlikin Qarabağ separatçılarının təmsilçisinin tanınması mənasına gəlir. Uorlik öz müdafiəsi üçün belə deyib ki, ABŞ-ın Dağlıq Qarabağdakı de-fakto hakimiyyəti ilə bağlı siyasəti dəyişməz olaraq qalır, Vaşinqton Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edir. O, Azərbaycanın könlünü almaq üçün bu sözləri də deyib. Həmçinin qeyd edib ki, münaqişənin hərtərəfli həllinin bir hissəsi olaraq işğal olunmuş torpaqlar qaytarılmalıdır. Ancaq bu fikrindən sonra Ermənistanı sakitləşdirəcək cümlə işlədir: “Həllə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxildir. Dağlıq Qarabağın bütün əhalisinin səsini dinləmək lazımdır”".
Politoloqun fikrincə, elə Ermənistanın istədiyi də budur: “Qarşı tərəf deyir ki, Dağlıq Qarabağ ətrafındakı torpaqları o zaman azad edəcəyik ki, Azərbaycan referendumla bağlı müddəaya razılıq versin. Rəsmi Bakı referendumu müzakirə etməyə hazırdır. Ancaq Azərbaycanın iki şərti var. Birinci şərt odur ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar qeyd-şərtsiz azad edilməli, rəsmi İrəvan işğaldan şantaj vasitəsi kimi istifadədən əl çəkməlidir. İkinci şərt isə odur ki, torpaqlar işğaldan azad olunan kimi azərbaycanlılar öz doğma torpaqlarına qayıtmalıdırlar. Üstəgəl, Dağlıq Qarabağa aid olan Şuşa və ətraf kəndlərin də əhalisi geri qayıtmalıdır ki, onların istək və arzuları nəzərə alınsın. Bu iki şərt yerinə yetirilmədən Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendum tarixinin müzakirəsi mümkün deyil. Bunu Uorlik də bilir. Təsadüfi deyil ki, ötən il və bu il Uorlik bir neçə dəfə ”Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır" fikrini də səsləndirib. Bu açıqlamanı yüksək qiymətləndiririk. Ancaq bunu dedikdən sonra amerikalı diplomat Vaşinqtonda separatçıların liderləri ilə görüşməməli idi. Əgər o, separatçılarla Vaşinqtonda fikir mübadiləsinə belə ehtiyac duyursa, onda separatçıların lideri ilə yanaşı Vaşinqtonda Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə də fikir mübadiləsi aparsın. Onda deyərdik ki, Uorlik Dağlıq Qarabağın hər iki icmasının fikir və arzularını nəzərə alır. Bu da olardı problemə balanslaşdırılmış münasibət. Bu olmadığından Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı nazirliyə çağıraraq ona Bakının etiraz notasını təqdim edib".
E.Şahinoğlu qeyd etdi ki, Ceyms Uorlik son hərəkəti ilə ölkəsinin və səfir Sekutanın əməyinin üstündən də xətt çəkir: “Çünki bu il ərzində Azərbaycana səfər edən amerikalı rəsmilər əllərindən gələn hər şeyi etdilər ki, iki ölkə arasındakı münasibətlər əvvəlki müsbət məcrasına qayıtsın. Səfir Sekuta da bu istiqamətdə çox iş görür. Ancaq Uorlik bir səhv hərəkəti ilə həmkarlarının əməyini yerə vurur. Rəsmi Bakının notasından sonra Azərbaycanın Uorliklə birgə işləməsi çətin olacaq. Vaşinqton Uorliki Minsk Qrupu həmsədrliyində başqasıyla əvəz etməsə, köhnə kadrın bəyanatları Azərbaycanda ciddi qəbul olunmayacaq, ən başlıcası o inandırıcılığını itirəcək. NATO işğal altındakı torpaqlar məsələsində Azərbaycanın mövqeyini müdafiə edir. NATO Parlament Assambleyasında da qəbul olunan sənədlərdə Azərbaycan torpaqlarının işğaldan azad olunması vacibliyi vurğulanır. Buna rəğmən, NATO ATƏT-in Minsk Qrupunu əvəz etmək istəmir. Bu isə o deməkdir ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində bu və ya digər şəkildə iştirak etmək istəmir”(musavat).
Cia.az
