|
XİN Akif Nağıya qadağa qoyulmasına münasibət bildirdi
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ilə bağlı qurumun Azərbaycan XİN-ə müraciəti barədə xəbər vermişdik. Qeyd edək ki, müraciətdə təşkilat sədrinin Gürcüstana buraxılmaması ilə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovdan yardım istənilib. Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 21-22 dekabr görüşü ərəfəsində ünvanlanan müraciətdə bildirilir ki, bu qadağa təşkilatın işinə mane olur. 

“Bu qərar təkcə Qarabağ Azadlıq Təşkilatına qarşı yönəlməyib, həm də Azərbaycan dövlətinə, xalqına qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər. Biz  ilyarımdan çoxdur ki, bu anlaşılmaz qərara dözür, iki ölkə arasında münasibətlərə gərginlik gətirmək istəmirik. Amma məsələ yaxın vaxtlarda həllini tapmasa, biz kəskin addımlar ata, məsələn, Gürcüstan rəhbərliyinə daxil olan rəsmiləri, prezidenti, baş naziri, xarici işlər nazirini, müdafiə nazirini arzuolunmaz şəxs elan edə, onların Azərbaycana səfərlərini etiraz aksiyaları ilə qarşılaya və digər tədbirlərə əl ata bilərik” deyə, müraciət müəllifləri bildirib. 

QAT-ın müraciəti ilə bağlı Xarici İşlər Nazirliyindən “Yeni Müsavat”a münasibət açıqlanıb. XİN-in mətbuat katibi Hikmət Hacıyev sorğumuza cavab olaraq bunları bildirdi: “Azərbaycan Respublikası vətəndaşı Akif Nağının media vasitəsilə XİN-ə ünvanlanmış açıq müraciəti ilə tanış olduq. Bildiyiniz kimi, hər bir ölkənin qanunvericiliyinə uyğun olaraq öz ərazisinə giriş-çıxış rejimini tənzimləmək onun suveren  hüququdur. Azərbaycan Respublikası təcrübəsində də bir sıra xarici ölkələrin vətəndaşlarının Azərbaycan ərazisinə girişinə qadağa qoyulub. Məsələn, işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər edən əcnəbi vətəndaşların Azərbaycan ərazisinə girişini qadağan edən ”arzuolunmaz şəxslər siyahısı" tərtib edilir. Amma qeyd olunan məsələ Gürcüstan tərəfi ilə bir daha müzakirə olunacaq". 
Cia.az