|
Vəkil Elton Quliyev vəfat edib

Tanınmış vəkil Elton Quliyev vəfat edib. Bu barədə mərhumun yaxını Bəhruz Əsədbəyli sosial şəbəkədə məlumat yayıb.

 
Musavat.com xəbər verir ki, tanınmış vəkilin uzun sürən ağır xəstəlikdən vəfat etdiyi bildirilir. 60 yaşlı E.Quliyevin beynində xərçəng şişi varmış. Əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, E.Quliyev ölkənin ən məşhur vəkillərindən biri idi və bir şox qalmaqallı siyasi proseslərdə vəkil kimi çıxış edərək müvəkkillərinin hüquqlarını qorumuşdu. Onun müvəkkilləri isə ayrı-ayrı zamanlarda taleyi həbsxana və məhkəmələrdən keçən müxalifət liderləri və fəalları, media rəhbərləri, hüquq müdafiəçiləri olub. Elton Quliyev son 15 il ərzində iki dəfə həbsxana həyatı yaşamış, 30 dəfədən artıq məhkəmə çəkişmələrinə cəlb edilmiş  qəzetimizin baş redaktoru Rauf Arifoğlunun da vəkili olub. O, media camiəsinin sevdiyi bir insan idi.   
 
Mərhumun dəfni bu gün saat 14.00-da olacaq. Hüzr mərasimi isə Təzə pir məscidində (aşağı qapı) keçiriləcək.
 
"Yeni Müsavat" media qrupu Elton Quliyevin vəfatı ilə əlaqədar mərhumun yaxınlarına, ölkə ictimaiyyətinə dərin hüznlə başsağlığı verir. 
 
Allah rəhmət eləsin.
Cia.az