|
Ermənistan parlamenti Avrasiya İttifaqına “hə” dedi

Ermənistan parlamenti 7 səsə qarşı 103 səslə Ermənistanın Avrasiya Birliyinə qoşulmaq müqaviləsini təsdiq edib.

ANS PRESS-in məlumatına görə, müzakirələr 4 gün davam edib. Bu günlər ərzində müxalifətdən olan onlarla fəal parlament binası qarşısında nümayiş keçirərək deputatları bu müqavilədən çəkindirməyə çalışırdı.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyində Rusiya, Qazaxıstan və Belarus üzv ölkələrdir. Birlik 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayır.

Xatırladaq ki, bu ilin may ayında Astanada Avrasiya İttifaqı təsis olunarkən Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu elan etmişdi. Nazarbayev bildirmişdi ki, Azərbaycan prezidenti Ermənistanın ittifaqa üzvlüyünün ancaq indiki sərhədlər daxilində mümkün ola biləcəyini və bunun nəzərə alınmasının vacibliyini bildirir.

Nazarbayevin bu bəyanatından sonra Ermənistan prezidenti Serj Sarkisyan möhkəm pərt olmuşdu.