2015-ci ili Azərbaycan iqtisadiyyatında təlatümlü bir il kimi də qiymətləndirmək olar. Artıq il başa çatmaq üzrədir. Lakin 2015-ci ilin miras qoyduğu iqtisadi problemlər 2016-cı ilin də “böhran ili” olmasını şərtləndirir. Ümumilikdə 2015-ci il Azərbaycan iqtisadiyyatının mənzərəsi kifayət qədər bədbin oldu.
“Yeni Müsavat”a açıqlamasında 2015-cil ili iqtisadi yekunlarını dəyərləndirən iqtisadçı ekspert Samir Əliyev də vurğuladı ki, 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün heç də uğurlu il olmadı: “Bu il postneft iqtisadiyyatı istiqamətində ilk adım atıldı, ucuz neft pulları dövrü bitdi. Ümumən götürəndə, Azərbaycan iqtisadiyyatı 2015-ci ildə itki verdi. Bütün parametrlər üzrə iqtisadiyyatın həcmi 2011-ci ilin həddinə düşdü. İstər büdcənin həcmi, istər maliyyə sektorunun gəlirlərinin həcmində azalmalar oldu. Təbii ki, bu da ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə təsir göstərdi. İl gərgin başladı. Bunun səbəbi 2011-ci ilin yay-payız aylarından başlayaraq neftin ucuzlaşması səbəbindən ölkədə devalvasiya mühitinin formalaşması idi. Nəticədə, bu ilin fevral ayında devalvasiya oldu və manat 30-35 faiz öz dəyərini itirdi. Həm kəskin şəkildə devalvasiya baş verməsi, həm də sonradan növbəti devalvasiya gözləntisi cəmiyyətdə gərginlik yaratdı, eyni zamanda iqtisadiyyatın dollarlaşmasına gətirib çıxartdı. Təsadüfi deyil ki, əmanət qoyuluşunda əvvəllər manat üstünlük təşkil edirdisə, əhali devalvasiyadan sonra kütləvi şəkildə əmanətlərini dollara dəyişməyə başladı. Banklar da eyni zamanda kreditləri dollarla təklif etməyə başladılar. Nəticədə iqtisadiyyatda dollarlaşma prosesi intensivləşdi”.

Ekspertin sözlərinə görə, devalvasiyanın baş verməsi bank və maliyyə sektoruna öldürücü zərbə vurdu və banklar hələ də devalvasiyanın vurduğu zərbədən qurtula bilməyiblər: “Bankların gəlirləri kəskin azaldı, zərərlər kəskin artdı. Problemli kreditlər artdı. Devalvasiyanın baş verməsi bankların öz valyuta mövqelərini düzgün idarə edə bilməməsi nəticəsində çox böyük zərərə uğramasına gətirib çıxartdı. Bankların aktivlərinin əhəmiyyətli hissəsi zərərə çevrildi. Bəzi banklar bu durumdan çıxa bildi, bəziləri isə gəlirlərini xilas edə bilmədi. Bir neçə bank bazarı tərk etdi, bir neçə bank da hazırda bazarı tərk etmək üzrədir.
Biz bilirik ki, Beynəlxalq Bankın aktivlərinin daha çox zərərdə olması gündəmə gəldi və onun özəlləşdirilməsi məsələsi prezidentin sərəncamı ilə rəsmiləşdi. Halbuki neçə illər ərzində bu məsələnin müzakirəsi gedirdi. Mərkəzi Bank pul kütləsini azaltmağa başladı və bu da eyni zamanda biznes mühitini, sahibkarların pula əlçatanlılığını məhdudlaşdırdı. Hazırda ölkə iqtisadiyyatı növbəti devalvasiya gözləntisi ərəfəsindədir. Qiymətlər devalvasiyadan sonra artmağa başladı və növbəti devalvasiya baş versə, bu artım davam edəcək.
Çox təəssüf ki, hökumət bu neqativ halların qarşısını almaq üçün hər hansı addım atmadı, islahat aparılmadı. Müəyyən bir kosmetik tədbirlər görüldü, ancaq islahat xarakterli hər hansı addım atılmadı. Struktur islahatına misal olaraq Dövlət Əmlak Komitəsinin ləğvini göstərmək olar. Lakin bu proses davam etdirilmədi. 2016-cı ilin büdcəsi 2015-ci ilin büdcəsindən təqribən 25 faiz azaldıldı. Büdcənin azaldılması fonunda hökumətin 2016-cı ilin büdcəsində qeyri-neft sektorunu prioritet elan etməsi qeyd edildi. Ümumilikdə, hazırda 2016-cı il ilin daha da ağır keçəcəyi gözlənilir. Yəqin ki, hökumət növbəti ildə əsas diqqəti qeyri-neft sektorunun inkişafına yönəldəcək".

İqtisadçı-alim Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, 2015 Azərbaycan iqtisadiyyatı üçün əvvəlki illərdən fərqli bir il kimi yadda qaldı: “Bu il uzun müddət stabil olan manat öz dəyərini itirdi. Son 10 ildə ilk dəfə olaraq manat devalvasiyaya uğradı. Bu sonrakı proseslərlə də öz təsirini göstərdi. 2015-ci ilin asan olacağı gözlənilmirdi və Azərbaycan bu ilə aşağı neft qiymətləri ilə daxil oldu. Region dövlətlərində və xüsusən Rusiya iqtisadiyyatında yaşanan böhran Azərbaycana da təsirsiz ötüşmədi. Oradakı vətəndaşlarımızın ölkəyə göndərdikləri vəsaitin azalmasına səbəb oldu.
Əgər il üzrə müsbət və mənfi iqtisadi hadisələri qruplaşdırmağa çalışsaq, devalvasiya və neft gəlirlərinin az olmasına baxmayaraq, ümumdaxili məhsulun həcminin artması müsbət hadisə kimi yadda qaldı. Qeyri-neft sektorunda 7 faizdən artıq artım oldu. Sözsüz ki, bu 2015-ci ildə Azərbaycan iqtisadiyyatındakı böhranın minimuma enməsinə səbəb oldu. Buna baxmayaraq, xidmət sektorunda durğunluq müşahidə olundu. İnsanlar əsasən yığıma üstünlük verdilər. Hökumətin də öncədən bəyan etdiyi kimi 2015-ci il qənaət ili oldu. Bu isə bir sıra hallarda qiymətlərin azalmasına səbəb oldu. Daşınmaz əmlak, mənzil bazarında qiymət azalmaları oldu. Qızılın qiyməti dünya bazarında baş verənlər fonunda Azərbaycanda da aşağı düşdü.
Bu qiymət azalmalarına baxmayaraq yerli və xaricdən gətirilən ərzaq məhsullarında bahalaşma qeydə alındı. İstehlak bazarı 2015-ci ildə baş verənlərə reaksiya verdi. Daha çox vəsait tələb edən seqmentlərdə qiymət azalması, gündəlik istehlak olunan mallarda isə qiymət artımları baş verdi".
Vüqar Bayramovun sözlərinə görə, 2015-cil ilin müsbət cəhəti sahibkarlığın inkişafı ilə bağlı atılan addımlar oldu. Ölkə prezidentinin imzaladığı qanun və fərmanlar sahibkarlığın inkişafı ilə bağlı yeni bir mərhələnin başlanğıcı oldu. Lisenziyalaşmanın genişləndirilməsi və sahibkarlara təklif edilən xidmətlərin elektronlaşması müsbət dəyişikliklər kimi qiymətləndirilməlidir.
Bu il də Mərkəzi Bankın dövlət rezervlərinin azalması davam etdi, təxminən iki dəfəyə yaxın aşağı düşdü və təxminən 6 milyard dollara yaxınlaşıb. Manatın məzənnəsinin qorunması ilə bağlı intervensiya xərcləri də artdı. AMB fevral devalvasiyasından sonra manatın məzənnəsinin sabitliyini qoruyub saxladı və bu da dövlət rezervlərinin xərclənməsi hesabına baş verdi.
Azərbaycan neft ölkəsi olduğu üçün neftin dünya bazarındakı qiyməti bu il də olduqca həlledici oldu. Neftin ucuzlaşması davam etdi və bizim üçün arzuolunan deyildi".
Ekspertin fikrincə, 2015-ci il bir mesaj ili olaraq da qiymətləndirilməlidir: “Neftin qiymətinin azalması fonunda Azərbaycan iqtisadiyyatının diversifikasiyasının, qeyri-neft sektorunda ixrac qabiliyyətinin artırılması bir mesaj kimi qiymətləndirilməlidir. Hökumət sahibkarlığı inkişaf etdirməklə iqtisadi şaxələndirməni inkişaf etdirməlidir. Bu baxımdan neftin dünya bazarındakı qiyməti iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini gündəmə gətirdi və bu proseslərin sürətlənməsinə səbəb oldu”.
İqtisadçıeskpert Natiq Cəfərli isə bu ilin iqtisadi mənzərəsində məhz manatın devalvasiyasının damğa vurduğunu açıqladı: “2015-ci ilin iqtisadi yekunları bir neçə hadisə ilə yadda qaldı. Bunlardan biri fevral ayının 21-də manatın kəskin devalvasiyaya uğraması oldu. Bu Azərbaycan iqtisadiyyatında elə bir şəraitə gətirib çıxartdı ki, bu günə qədər də iqtisadiyyat özünə gələ bilmir.
İkinci ən böyük hadisələrdən biri o oldu ki, bütün sahələrdə iqtisadi aktivlik zəiflədi. Mənzil bazarında, daşınmaz əmlak bazarından, avtomobil bazarında, elektrotexnika, telefon və geyim bazarında adətən hər zaman aktivlik müşahidə olunsa da, bu il kəskin azalmalar oldu. Hazırda mənzil və avtomobil bazarında durğunluq yaşanır, alqı-satqı əməliyyatları azalıb. Bütün bu proseslər bir-biri ilə qarşılıqlı əlaqədədir".
İqtisadçının fikrincə, neftin qiymətinin kəskin düşməsi isə bütün bu proseslərin başında dayanan əsas səbəbdir: “Məhz neftin qiymətini düşməsi devalvasiyanın olmasını şərtləndirdi. Bu proseslər büdcədən də yan keçmədi. Bu il ilk dəfə olaraq büdcədə müəyyən layihələr dayandırıldı və həyata keçirilməsi ertələndi. Bu da həmin layihələrdə çalışan və gələcəkdə çalışacaq insanların iş yerlərindən məhrum olması ilə nəticələndi. İş yerlərinin azalması prosesi büdcə ilə bağlı da artmaqda davam etdi. Bütün bu proseslərin davamı olaraq 2016-cı ildə sadalanan problemlər özünü daha kəskin şəkildə büruzə verəcək. Çox təəssüf ki, 2016-cı ilin böhran ilinin başlanğıcı olmasına baxmayaraq, hökumət heç bir antiböhran planı hazırlayıb ictimaiyyətə təqdim etmədi. Bu da onu göstərir ki, Azərbaycan hökuməti bu böhrana hazırlıqsız yaxalandı. Çünki neft pullarının bol olduğu dövrdə çox primitiv bir iqtisadi model qurulmuşdu, işlək olmayan bir model idi. 2016-cı il bu ildən də ağır olacaq. Ona görə də böhran planı bu ildən təsdiq edilməli və addım-addım həyata keçirilməli idi ki, 2016-cı ilin böhranını biz o qədər də hiss etməyək. Lakin təəssüf ki, biz bunu görmürük”.
Cia.az
